Uşaq ədəbiyyatımıza açılan qapı

 

 

“Azərbaycan uşaq ədəbiyyatı. Biblioqrafiya” nəşri haqqında

 

 

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası “Azərbaycan uşaq ədəbiyyatı. Biblioqrafiya” adlı üç cilddən ibarət kitab hazırlamışdır. Biblioqrafiyanın uşaq ədəbiyyatımızın təşəkkül tapdığı XIX əsrin ikinci yarısından  XX əsrin əvvəllərinə qədər dövrü əhatə edən birinci cildi artıq çapdan çıxmışdır. Ədəbiyyat tariximizə qiymətli töhfə olan bu kitabı Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova və Sevil Əhmədova tərtib etmişlər. Filologiya elmləri doktoru, professor Yaqub Babayev nəşrə ön söz, pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılov rəy yazmışdır.

 

Kütləvi oxucular üçün nəzərdə tutulduğuna görə tərtibçilər qələmə aldıqları giriş sözündə “Biblioqrafiya nədir” sualına cavab olaraq göstərirlər ki, o, əslində, tarixdir. Ədəbiyyatın, kitab mədəniyyətinin, nəşriyyat işlərinin tarixidir. Bu biblioqrafiyanın tərtib olunmasının başlıca məqsədi uşaq ədəbiyyatımızın təşəkkülü və inkişaf yolunu nəzərdən keçirmək, bu tarixi inkişafı izləmək, unudulub arxivlərdə qalan əsərləri üzə çıxarmaq, bədii ədəbiyyat nümunələri ilə yanaşı ibtidai sinif dərsliklərimizin, uşaq mətbuat orqanlarımızın nəşr tarixlərini nəzərdən keçirməklə elmi tədqiqatla məşğul olanlara yardım etməkdən ibarətdir. Ədəbi həyatımızda zəlzələ rolunu oynayan 30-cu illər repressiyasının qadağan etdiyi bir sıra kitablar və digər səbəblərdən yalnız arxiv həyatını yaşayan əsərlərin biblioqrafiyaya daxil edilməsi təqdirəlayiqdir.

 

Biblioqrafiyada həmçinin maarif və mədəniyyət tariximizə məlum olan bir sıra ibtidai sinif dərsliklərimizin, o cümlədən A.Çernyayevskinin “Vətən dili”, A.ŞaiqinUşaq gözlüyü”, “Gülzar”, M.Mahmudbəyovun “Birinci il”, “İkinci il”, “Yeni məktəb”, F.Ağayevin “Ədəbiyyat məcmuəsi”, R.Əfəndiyevin “Uşaq bağçası”, “Bəsirətül-ətfal” dərsliklərinin biblioqrafik göstəriciləri verilmişdir.

 

“Azərbaycan uşaq ədəbiyyatı. Biblioqrafiya”nın birinci cildi digər kitablar üçün qapı rolunu oynayır. Buna görə də tərtibçilər bu cildin əvvəlinə görkəmli ədəbiyyat, elm və mədəniyyət xadimlərinin uşaq ədəbiyyatı haqqında qiymətli fikirlərini də əlavə etmiş və beləliklə, icra etdikləri işin nə qədər böyük faydası olduğunu nümayiş etdirmişlər. Uşaq ədəbiyyatımızın baniləri Firidun bəy Köçərlinin, Rəşid bəy Əfəndiyevin, Abdulla Şaiqin, həmçinin bu yolu davaminkişaf etdirən Səməd Vurğun, Kamal Talıbzadə, Qara Namazov, Füzuli Əsgərli, Rafiq Yusifoğlu və başqalarının maraqlı fikirləri biblioqrafiyanın ilk səhifələrində yer almışdır.

 

Təhsil, mədəniyyət və ədəbiyyat sahəsində müstəsna xidməti olan F.Köçərli “Balalara hədiyyə” kitabındakı xalq müdrikliyini nəzərdə tutaraq yazırdı: “Zənnimcə, bu məcmuəni hər kəs oxusaböyük, ya kiçikonun qəlbi açılıb xəndan olacaq. Balalar şad olacaq, səbəb bu ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındadır. Böyük adamların ürəklərinin açılmağına səbəb bu olacaq ki, onlar mütaliə əsnasında öz uşaqlıq vaxtlarını ixtiyarsız xatırlarına götürəcəklər”. Beləliklə, böyük maarifçi uşaq ədəbiyyatının həm də böyüklər üçün gərəkli olduğunu vurğulayır.

 

Biblioqrafiyanın əvvəlində verilən sözlər cavan tədqiqatçılar, uşaq ədəbiyyatının nəzəri problemlərini öyrənmək istəyən tələbələr üçün qiymətli vəsait təsirini bağışlayır. Məsələn, S.Vurğunun “Balalarımız üçün gözəl əsərlər yaradaq” adlı məqaləsindən uğurlu məqamlar seçilib oxucuya təqdim edilmişdir: “Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır. Mənası dayaz, qayə və məqsədi aydın olmayan ötərgi hisslər və təsirlər tərənnüm edən əsərlər uşağın hafizəsində ani bir qığılcım kimi parlayıb sönür. Dediyimiz məna gözəlliyi həqiqətlə nəfəs almalıdır”.

 

Biblioqrafiyanın birinci cildi üç hissə, əlavələr və köməkçi göstəricilərdən ibarətdir. Birinci hissə Mirzə Şəfi Vazehin İvan Qriqoryevlə birlikdə tərtib etdiyi “Müntəğabati-kitabi-türki” adlanan toplu ilə başlayır. Kitab 1855-ci ildə Təbrizdə nəşr olunmuşdur. Kitaba klassik şairlərin əsərləri, folklor nümunələri, xalq deyimləri daxil edilmişdir. Kitabın biblioqrafik göstəriciləri mümkün qədər ətraflı verilir. Beləliklə, biblioqrafiya tərtibçiləri kitabın birinci bölməsində 1855-ci ildən başlamış 1920-ci ilə qədər Azərbaycan dərsliklərinin inkişaf yolunu izləmişlər. Ölkəmiz uzun illər Rusiyanın tərkibində olduğu üçün kitab nəşri prosesində rus müəlliflərinin iştirakı da nəzərə alınmış, onların Azərbaycan məktəbləri üçün hazırladıqları dərs vəsaitləri biblioqrafiyada yer almışdır.

 

Biblioqrafiyanın ikinci hissəsi “XIX əsrin sonu - XX əsrin əvvəllərində (1920-ci ilə qədər) Azərbaycan uşaq ədəbiyyatı” adlanır. 1856-cı ildə nəşr olunan “Məzhəkələr” adlı ilk kitabımız cəmi 18 səhifə idi. 1859-cu ildə Mirzə Fətəli Axundzadənin “Təmsilat”, 1876-cı ildə Seyfəlmülkün Təbrizdə “Nağıl kitabı” çapdan çıxmışdır. Bu üç nəşr kiçik həcmləri ilə tezliklə uşaq ədəbiyyatı ulduzunun doğacağından xəbər verirdi. Belə də oldu. Biblioqrafiyada geniş biblioqrafik təhlilini tapan 1882-ci ildə Hacı Səid Əfəndi Ünsüzadənin tərtib etdiyi “Əqayid və nəsaye risaleyi mənzumə” Tiflisdə “Ziya” mətbəəsində nəşr olunmuşdu. Həmin il bu müəllifin ikinci kitabı da həmin mətbəədə işıq üzü gördü. 1884-cü ildə əvvəlki kitablardan ciddi şəkildə fərqlənən, xalq ruhunun daşıyıcısı olanKoroğlu” dastanının ilk nəşri meydana gəldi. Cəmi 15 səhifədən ibarət olan və hekayə kimi təqdim olunan bu kitab İstanbulda nəşr olundu. Folklor ədəbiyyatına geniş yer verməklə uşaq ədəbiyyatını daha doğru yola çıxaran S.Ünsizadə 1889-cu ildə “Əmsali-Loğman, yaxud qırx iki nağıl və hekayə” kitabını Tiflisdə “Kəşkül” mətbəəsində nəşr etdirdi. Biblioqrafiyanın ikinci hissəsində Azərbaycanda sovet hakimiyyəti qurulana qədər nəşr olunmuş uşaq mütaliəsinə dair kitabların çap tarixi, səhifələrinin sayı, kitabdakı başlıqlar və s. kimi biblioqrafik məlumatlar yer alır. Yeri gəlmişkən deyim ki, biblioqrafiyada verilən bir sıra yeni məlumatlar ali məktəblər üçün yazılmış “Uşaq ədəbiyyatı” dərsliklərdə müəyyən dəyişikliklər edilməsi zərurəti yaradır.

 

Nəşrin üçüncü hissəsi tədqiq edilən dövrdə Azərbaycan uşaq mətbuatının təşəkkülünə və ilk nümunələrinin biblioqrafiyasına həsr olunmuşdur. Bu dövrdə fəaliyyət göstərən “Dəbistan”, “Rəhbər” və “Məktəb” jurnalları tədqiqat obyektinə çevrilmişdir. “Dəbistan” və “Rəhbər” jurnallarının hər ikisi 1906-cı ildə işıq üzü görmüşdür.

 

İlk uşaq jurnalı “Rəhbər”in redaktoru görkəmli maarif xadimi Mahmud bəy Mahmudbəyov idi. Onun səhifələrində uşaq ədəbiyyatımızın yaradıcıları S.Qənizadə, F.Köçərli, A.Səhhət və başqalarının əsərləri yer alırdı. Jurnalda həmçinin tərcümə əsərlərinə də geniş yer verilirdi. Cəmi 5 sayı çıxsa da, bu mətbuat orqanı uşaq ədəbiyyatımızın inkişafında xüsusi rol oynadı. Biblioqrafiyada jurnalda çap olunan orijinal və tərcümə əsərlərinin və müəlliflərinin adları da qeyd edilir.

 

“Dəbistan” dərgisinin redaktorları Əlisgəndər Cəfərzadə və Məhəmmədhəsən Əfəndizadə idi. Jurnal 1908-ci ilə qədər nəşr olunmuşdur. Cəmi 27 sayı çapdan çıxsa da, o dövrün Ə.Sabir, M.Hadi, H.Zərdabi, A.Şaiq kimi sözfikir adamlarının diqqətini cəlb etmişdi. Dərgi təhsil və tərbiyə məsələlərinə ciddi önəm verir, “Valideynə məxsus vərəqə” adlanan xüsusi nəşrlər edirdi.

 

Biblioqrafiyada “Məktəb” jurnalının nəşrinə dair bilgilər də geniş yer alır. Tərtibçilərin özlərinin də qeyd etdiyi kimi, XX əsrin əvvəllərində nəşr olunan jurnallarımızın ən uzunömürlüsü “Məktəb”dir. Bu mətbuat orqanı 1911-ci ildən 1920-ci ilə qədər müəyyən fasilələrlə nəşr olunmuşdur. Cəmi 95 sayı nəşr olunsa da, ölkəmizin ictimai-mədəni həyatında böyük rol oynamışdır. Onun ilk sayında Nəriman Nərimanov uşaqlara müraciətlə mətbuatın, yazılı sözün uşaqların inkişafında oynayacağı roldan danışır, bir növ bu mətbuat orqanının gələcəkdə görəcəyi işlərdən bəhs edirdi. İlk sayından başlayaraq jurnalda H.Zərdabi, A.Səhhət, Ə.Müznib, Ü.Hacıbəyli, R.Əfəndiyev, A.Şaiq, S.S.Axundov və başqaları maraqlı yazıları ilə çıxış etməyə başladılar. Biblioqrafiyada bu məqamlar diqqətlə izlənilmişdir.

 

“Azərbaycan uşaq ədəbiyyatı. Biblioqrafiya” nəşrində “Əlavələr” də verilmişdir. Bu hissə tədqiqatçılar və magistrlər üçün əhəmiyyətlidir. Burada kütləvi şəkildə əlimizdə olmayan ilk dərsliklərimizin məzmunu və mahiyyəti haqqında yığcam məlumatlar verilir. Bu da dərslikləri əldə edə bilməyənlər üçün müəyyən təsəvvür yarada bilir.

 

Biblioqrafiyanın “Köməkçi göstəricilər” bölməsi də diqqəti cəlb edir. Tərtibçilər  bu hissədə  “Müəlliflərin əlifba göstəricisi”, ”Sərlövhələrin əlifba göstəricisi”, “Azərbaycan uşaq mətbuatında dərc olunmuş müəlliflərin əlifba göstəricisi”, ”Kitabların yerləşdiyi yerkimi məlumat xarakterli əlavələri artırmaqla oxucu və araşdırıcıların zəhmətini xeyli yüngülləşdirmişlər.

 

“Azərbaycan uşaq ədəbiyyatı. Biblioqrafiya”nın nəşri, kitabxana işçilərinə, oxuculara, tələbə və araşdırıcılara qiymətli hədiyyə olmaqla yanaşı, mədəni irsimizə layiqli bir töhfədir.

 

Zahid XƏLİL

uşaq yazıçısı, filologiya elmləri doktoru, professor

 

Mədəniyyət.- 2021.- 3 noyabr.- S.7.