Qarabağın bir incisi

 

Pənahəli xan, İbrahimxəlil xan, Mehdiqulu xan, Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Bədəl bəy Bədəlbəyli,  Xan Şuşinski, Niyazi, Fikrət Əmirov, Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Bülbüldaha kimlər, kimlər...

 

Bu şəxsiyyətləri birləşdirən bir məna var ki, hamımız üçün əzizdir. Dağlar qoynu, Pənahəli xanın min bir əziyyətlə qurduğu, İbrahimxəlil xanın çiçəkləndirdiyi, Mehdiqulu xanın son xanı olduğu, Xurşudbanu Natəvanın xeyirxah işlər gördüyü, bu il 120 yaşını qeyd etdiyimiz X.Şuşinskinin “dağları başı dumanlı” deyərək təsvirini hər bir azərbaycanlının gözləri önündə canlandırdığı, İkinci Qarabağ müharibəsində Vətən oğullarının misli görünməmiş qəhrəmanlığı ilə düşməndən azad etdiyi Şuşa! Dövlət başçımızın sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən qədim qala şəhərimiz...

 

Pənahəli xanın 1752-ci ildə qala-şəhərin təməlini qoyduğu yerdə yaşayış olmamışdı. Xan özünə bir neçə istehkamlar qursa da, sonradan bu ərazini seçmişdi. Amma ərazidə su yox imiş. O zamanlar qatırçı Murad adlı bir şəxs atların kölgəlik yerdə deyil, günəş şüalarının düşdüyü yerdə otladığını görür. Gəlib həmin yerə baxanda nəmlik hiss edir və oranı qazır və su aşkar edir. Sonra xana xəbər verilir. Beləliklə, ərazinin su problemi həllini tapır. 1753-cü ildə Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Aran memarlıq üslubunda inşa edilmiş qalanın inşasında yerli daşlardan və əhəng-yumurta qarışığından istifadə edilib. Burada həmçinin dairəvi mühafizə bürcləri də yerləşir.

 

Şuşa şəhərinin simvollarından hesab edilən Aşağı Gövhər ağa məscidi. Mənbələrdə bu ibadət evinin inşasının dörd mərhələdə həyata keçirildiyi bildirilir. İlk məscid 1750-ci ildə inşa olunub. Qamışdan tikilən məscidin iki qapısı varmış. İbrahimxəlil xanın dövründə, 1768-1769-cu illərdə bu məscidin yerində daş və əhəng məhlulundan istifadə edilərək yeni bir məscid tikilib. XIX əsrin birinci yarısında yararsız hala düşən tikilinin yerində İbrahim xanın qızı Gövhər ağanın maddi vəsaiti hesabına yeni məscid inşa olunub. Yəni bu gün hər kəsin tanıdığı Aşağı Gövhər ağa məscidi. Məscidin memarı Kərbəlayı Səfixan Qarabaği olub. Dairəvi minarələr kərpicdən hörülüb. Minarələrin bəzədilməsi zamanı Yuxarı Gövhər ağa məscidindən fərqli olaraq müxtəlif həndəsi naxışlara yer verilməyib. Məscid ikimərtəbəlidir. İbadət zalı çatma tağ günbəzlə örtülüb.

 

1853-cü ildə Gövhər ağanın vəsaiti hesabına Şuşanın o dövr üçün dördüncüsonuncu Cümə məscidi inşa olunub. Bu tikilinin də memarı Kərbəlayı Səfixandır. Bu, indiki Yuxarı Gövhər ağa məscididir. Məscidin girişi yarımdairəvi daş tağla həll olunub. Eyvanın tağları üzərində Qurani-Kərimdən ayələr yazılmış dekorativ lent uzanır. Minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünüb və rəngli daşlarla bəzədilib. Aşağı Gövhər ağa məscidində olduğu kimi, Yuxarı Gövhər ağa məscidinin də interyeri 28 illik işğal zamanı erməni vandalizminə məruz qalıb, tamamilə dağıdılıb. Hazırda hər iki məsciddə yenidənqurma işləri həyata keçirilir.

 

Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi hesab olunan Mehmandarovların evi XVIII əsr memarlığının seçilən nümunələrindəndir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, kiçik yaşayış binası və ailə məscidi daxildir. Böyük yaşayış binası sovet dövründə “Şuşa şəhər xəstəxanası” kimi fəaliyyət göstərib. Ev planda kvadrat formaya malikdir. Simmetrik olmamasına baxmayaraq, evin əsas fasadı hissələrin harmoniklik mənzərəsini yaradır. Böyük yaşayış binası və ailə məscidinin interyerləri Usta Qəmbər tərəfindən işlənmiş rəsmlərlə zəngindir.

 

İsa bulağı – tək şuşalıların yox, qədim şəhərin bir çox qonaqlarının əvəzsiz istirahət guşəsi olmuş, məclislərin təşkil edildiyi səfalı məkan. İsa bulağının tarixi 18-ci əsrə gedib çıxır. Bir sıra mənbələrə əsasən, həmin dövrdə İsa adlı biçinçinin onun qalın meşəlikdə üzə çıxarması səbəbilə belə adlandırıblar. İsa bulağının suyu dumduru, saf, təmiz olması ilə yanaşı, həm də insan orqanizmi üçün faydalıdır.

 

Şuşa başdan-başa tarixi-memarlıq abidələri ilə zəngindir. Təbii ki, təbiətin mənzərəli, əlvan koloriti də memarlıqla uzlaşaraq öz xoş ab-havasını insanlara yansıdırdı. Təəssüf ki, erməni vandalları şəhərin memarlıq abidələrini yerlə yeksan ediblər.

 

Təkcə Qarabağımızın deyil, bütün Azərbaycanın, Qafqazın incisi olan qala şəhərimiz tarixin bir çox ağır sınaqlarına, 1992-2020-ci illərdə vəhşi ermənilərin vandalizminə məruz qalsa da, sınmayıb, Azərbaycan ruhunu qoruyub saxlayıb. Bir vaxtlar Şuşa bizim xəyalımızda yaşayırdı. Ancaq 44 günlük Vətən müharibəsində Qələbəmizin açarı olan Şuşanın qurtuluşu ilə biz gerçəklikdə Şuşada yaşayırıq və yaşayacağıq. Artıq bu gözəl yurdumuzun üzərində dumanlar deyil, günəş şüaları öz şölələri ilə hər tərəfə parlaqlıq saçır. Hələ burada neçə-neçə memarlıq nümunələri inşa ediləcək. Memarlıq incimiz, “Qafqazın konservatoriyası” hesab olunan Şuşa bitmək bilməyən mədəniyyət xəzinəsini bizim üzümüzə açacaqbu xəzinə əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürülərək əbədi yaşayacaq.

 

Aynurə MURADZADƏ

 

Mədəniyyət.- 2021.- 3 noyabr.- S.7.