Ana, Xudafərin azaddır!”

 

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda son damla qanına kimi döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biriElxan Maarif oğlu Hüseynovdur.

 

Ailəsi Cəbrayıl rayonundan məcburi köçkün olan Elxan Hüseynov 2000-ci il martın 12-də Qaradağ rayonunun Sahil qəsəbəsində dünyaya göz açıb. Elxan Biləsuvar rayonunda fəaliyyət göstərən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə orta məktəbi bitirib, Ağstafa rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirib.

 

Torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsində əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı hamımızın mavi ekranlardan dönə-dönə fəxrlə izlədiyimiz Xudafərin körpüsünə üçrəngli bayrağımızı sancıb. Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvlərindən biri olub.

 

Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçən Elxan Hüseynov qala şəhərimizdə əlbəyaxa döyüş zamanı 40-dan çox düşmən hərbiçisini məhv edib. Elxan Zəfərə sayılı günlər qala – 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanır. Onu döyüş meydanından təxliyə edən təcili tibbi yardım maşını isə minaya düşür. Yenidən yaralanan Elxan iki dəfə əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmur. Qəhrəman döyüşçü uzun müddət komada qaldıqdan sonra dekabrın 13-də şəhidlik zirvəsinə ucalır.

 

Anası Sevil Xəlilova Elxanın uşaqlıq arzusuna çatdığını bildirir: “O, hər zaman deyirdi ki, vaxt gələcək torpaqlarımız düşməndən azad olunacaq, mən də həmin döyüşlərdə iştirak edəcəyəm. Onun ən ülvi arzusu torpaqlarımızın işğaldan azad olunmasını görmək idi. Elxan torpaqlarımızın azadlığını görməklə yanaşı, bizim də 27 illik həsrətimizə son qoydu. Oğlum döyüşlər zamanı imkan tapdıqca bizimlə əlaqə saxlayırdı. Bir dəfə zəng etdi ki, ata-baba yurdumuzu azad etmişik, Xudafərin azaddır, xəbərlərə baxarsınız... O, xəstəxanada komada idi. Həkim mənə oğlumun adını çağırmağımı dedi. O, komada olsa belə, səsimi eşidəndə əlimi sıxdı və “qardaşın Orxan gəlib” dedim. Onda isə əlini qaldırdı. Elxan 37 gün komada qaldıqdan sonra şəhadətə yetdi. Allah oğlumabütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun”.

 

Şəhidin Vətən müharibəsinə könüllü yollanan böyük qardaşı Orxan Hüseynov Elxanla fəxr etdiyini söyləyir: “Müharibə zamanı Elxanla heç zaman görmədiyimiz Cəbrayıl torpağında görüşdük. Gülərək dedi ki, əmimin qisasını aldım. Bu, bizim sonuncu görüşümüz oldu. Telefonda sonuncu dəfə danışanda mənə dedi ki, Şuşaya əlbəyaxa döyüşlərə gedirik. Həmin gündən sonra Elxanla əlaqə saxlaya bilmədim. Dekabrın 13-ü evə zəng edəndə Elxanın şəhid olduğunu öyrəndim”.

 

Elxan Hüseynov dekabrın 13-də Biləsuvar rayonu ərazisindəki 3 saylı köçkün qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, eləcə də “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

N.MƏMMƏDLİ

Mədəniyyət.- 2021.- 3 noyabr.- S.6.