“Filmin qəhrəmanları
biz deyilik, bu Zəfəri bizə yaşadanlardır”
Vətən müharibəsi gerçəklərinin
əks olunduğu “Fulya”
sənədli filminin təqdimatı keçirildi
Pandemiya səbəbindən bir ildən artıqdır fəaliyyəti dayanan Nizami Kino Mərkəzi, nəhayət, qapılarını sənətsevərlərin üzünə açdı. Oktyabrın 31-də burada Azərbaycan və Türkiyə kinematoqrafçılarının müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı keçirildi.
Mərasimdə mədəniyyət naziri Anar Kərimov, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və kino xadimləri iştirak edirdi. Ekran işinin yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları – türkiyəli telejurnalist Fulya Öztürk və teleoperator Halil Kahraman da təqdimata qatılmışdı.
44 günlük Vətən müharibəsində media mənsubu kimi xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirən Fulya Öztürk və Halil Kahramanın canlı şahidi olduqları hadisələrdən, yaşantılarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakıda aparılıb.
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan filmin rejissorları Tahir Əliyev və Aykut Taşkın, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
Təqdimatdan əvvəl jurnalistlərə müsahibə verən Fulya Öztürk Vətən müharibəsində çəkilişləri yada salaraq operator Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdiklərini bildirdi: “Əslində, heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu ölən və yaralanan insan gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xarakterim olsa da, həyatımda bu qədər stres yaşamamışdım. Gəncə şəhərindəki o qətliamı heç zaman unutmayacağam”.
“Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov ekran işinin Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına yardımçı olacağını qeyd etdi.
Filmin nümayişindən öncə Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov giriş sözü ilə çıxış edərək qonaqları salamladı. Diqqətə çatdırdı ki, bu gün premyerası təşkil edilən “Fulya” filmi nazirliyin Vətən müharibəsi ilə əlaqədar elan etdiyi “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmləri müsabiqəsində qalib olan layihələrdən biridir.
Daha sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edildi.
Fulya Öztürk çıxış edərək dedi: “Halil Kahramanla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətlərə şəxsən şahid oldum. Ermənistanın uşaq qatili olmasının sübutu kimi bu filmi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdı. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik. Amma Zəfər Günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Əsas qəhrəmanlar biz deyilik, bu Zəfəri bizə yaşadan qəhrəman şəhidlər, qazilər, Azərbaycan Ordusudur, şəhidlərin ailələridir”.
Sonra “Fulya” filmi nümayiş olundu. Filmdə 44 günlük
Vətən müharibəsi
günlərində türkiyəli
jurnalistin yaşadıqları
və lentə aldıqları görüntülər
montaj edilmədən əksini tapıb.
LALƏ
Mədəniyyət.- 2021.- 3
noyabr.- S.3.