Alban-udi icmasının üzvləri Xocavənddəki kilsələrdə olublar

 

Qafqazda Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavənd rayonunun işğaldan azad edilən Hadrut qəsəbəsində  Müqəddəs Məryəm Ana alban kilsəsində olublar.  İcma üzvləri kilsədə Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxuyublar.

 

Alban-udi xristian dini icmasının üzvləri Xocavənd rayonunun işğaldan azad edilən Çinarlı kəndindəki qədim alban məbədini – Ağxaç kilsəsini də ziyarət ediblər. “Alban-Udi Xristian Dini İcması üzvlərinin Hadruta səfərinin məqsədi qədim alban kilsələrimizi ziyarət etmək idi. Bu yerlər tarixən alban mədəni irsi ilə zəngin olub”, – deyə Alban-Udi Xristian Dini İcmanın sədri Robert Mobili deyib.

 

O qeyd edib ki, Müqəddəs Məryəm Ana alban kilsəsi XII əsrdən qalan alban mədəniyyətinin yadigarıdır: “Ermənilər kilsədə saxtakarlıq etməklə bəzi dəyişikliklərlə buranı özününküləşdirməyə çalışıblar. Erməni dilində yazılar yazıblar, altar hissəni dəyişiblər. Lakin nə etsələr də, daşlar üzərindəki tarixi dəyişə bilməzlər. Artıq tarixi ədalət bərpa olunub. Torpaqlarımız erməni işğalında olduğu kimi, dini məbdələrimiz də əsirlikdə idi. Lakin müzəffər Ordumuzun gücü sayəsində artıq kilsələrimiz də azadlıqdadır. Biz Kəlbəcərdə, Laçında da olmuşuq. Müsəlman tarixi abidələri kimi, qədim alban mədəni irsi də dağıdılıb, özününküləşdirilib. Biz bu abidələri bərpa etməliyik”.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.4.