Məhəbbətə ucaldılan böyük abidə – “XosrovŞirin” poeması

 

 

Nizami Gəncəvinin “Xəmsə”yə daxil olan ikinci əsəri “XosrovŞirin” poemasıdır. Dahi şair əsəri Sasani şahı II Xosrov Pərviz (570-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında Şərqdə geniş yayılan əfsanə əsasında qələmə alıb.

 

Bu əfsanəyə yazılı ədəbiyyatda ilk dəfə fars şairi Firdovsinin “Şahnamə”sində qısa şəkildə toxunulub. Nizami Gəncəvi isə bu mövzuya ayrıca əsər həsr edərək şöhrəti dünyanı dolaşan böyük bir məhəbbət abidəsi ucaldıb.

 

Müəllifin 1180-ci ildə bitirdiyi poema Atabəy Məhəmməd Cahan Pəhləvana (1136-1186) həsr edilib. Əsərdə eyni zamanda Azərbaycan atabəylərindən Toğrul ibn Arslan Səlcuqi və Qızıl Arslanın da adları çəkilir. 12 min 112 misradan ibarət olan poema əruz vəzninin həzəc bəhrində yazılıb.

 

Böyük şair əsərdə saf məhəbbəti tərənnüm etməklə yanaşı, onu daim düşündürən ədalətli şah probleminə də geniş yer ayırıb. Müəllif mütərəqqi ideyalarını poemada yaratdığı Hürmüz şah, Məhin Banu və nəhayət, Şirin kimi ədalətli şah obrazları vasitəsilə ifadə edib.

 

Dahi şair ilahi eşqin fonunda bir çox ictimai mətləblərdən bəhs edib. Fərhadın Şirinə olan pak sevgisi əsasında əsl məhəbbətin insanı ucaltmaq qüdrətini göstərib. Xosrovla Şirinin macəraları işığında isə eşqin hökmdarı dəyişdirmək və kamilləşdirmək imkanlarını isbat edib. Mahir daşyonan Fərhadın timsalında isə əməkçi insanın fədakar obrazı yaradılıb.

 

XosrovŞirin” poemasının maraqlı və orijinal quruluşu var. Əsər bütün Orta əsr poemaları kimi minacat, nət, kitabın yazılma səbəbi, Toğrul Arslan, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın tərifi, eşq haqqında şairin mülahizələri kimi giriş fəsillərlə başlanır. Əsərin əsas məzmunu Xosrovun atası Hürmüzün hakimiyyətinin təsviri ilə başlayır. Xosrovun doğulması, böyüməsi, Hürmüzün ədaləti və s. təqdim olunur. Mükalimələr, deyişmələr, Xosrovla Şirinin umu-küsüsü, hər iki aşiqin məhəbbət yolundakı iztirabları, qarşılaşdıqları maneələr, və s. oxucunu əsərə bağlayır.

 

XosrovŞirin” poeması ilk dəfə cüzi ixtisarla Əvəz Sadıqov tərəfindən sətri tərcümə edilib və 1941-ci ildə “Azərnəşr”də çap olunub. Bu, sətri yox, roman şəklinə salınmış bir tərcümə idi. Tərcüməçi hətta bəzi mürəkkəb obrazları ixtisar edib. Poema eyni zamanda Səid Mirqasımov tərəfindən sətri tərcümə olunub. Əsərin Azərbaycan dilinə poetik tərcüməsi isə Xalq şairi Rəsul Rzaya tapşırılır. Şair poemanı sətri tərcümə əsasında, heca vəznində Azərbaycan dilində nəzmə çəkib. Araşdırmalardan məlum olur ki, tərcümə elmi-tənqidi mətn yox, əldə edilən adi bir nüsxə əsasında olduğuna görə bir sıra təhriflərə yol verilib. Hətta katiblər tərəfindən baş verən xətalar da tərcüməyə daxil edilib. Orijinalın bir misrası iki, yaxud üç misrada tərcümə edilib. Bu da əsərin həcminin artmasına gətirib çıxarıb.

 

Buna görə də poemanın yenidən dəqiq sətri tərcüməsi Qulamhüseyn Beqdeliyə (Bəydili) tapşırılır. O, Lev Aleksandroviç Xetaqurov tərəfindən hazırlanan elmi-tənqidi mətn əsasında tərcüməni diqqətlə yoxlayır. Əsərin yeni sətri tərcüməsini hazırlayır. Səid Mirqasımovun tərcüməsi isə olduğu kimi saxlanılır.

 

Rəsul Rzanın yenidən nəzmə çəkdiyi bu əsər iki mütərcimin – S.Mirqasımov və Q.Beqdelinin adı ilə hazırlanır və 1982-ci ildə işıq üzü görür. Görkəmli nizamişünas alim Həmid Araslı bu barədə “bu tərcümə orijinala ən yaxın, bədii cəhətdən də qüvvətli və mükəmməl tərcümədir” fikirlərini söyləyib.

 

XosrovŞirin” poeması bir çox xalqların dilinə də tərcümə edilib. Əsər fransız dilində Anri Massenin (1970), alman dilində isə İohann Kristof Bürgelin (1980) tərcümələrində nəşr olunub.

 

Poemadan bəzi parçalar ilk dəfə Y.Dunayevskinin tərcüməsində rus dilində 1920–1930-cu illərdə nəşr edilib. Daha sonra əsərdən bəzi hissələrin Q.Ptiçın, A.Korsun, İ.Oratovski tərəfindən rus dilinə edilən tərcümələri “Literaturniy Azerbaydjan”, “Oktyabr”, “Drujba narodov” və “Zvezda” jurnallarında dərc edilib. Əsərin tam mətni rus dilində ilk dəfə 1947-ci ildə K.Lipskerovun tərcüməsində işıq üzü görüb. Əsər rus dilinə nəsrlə M.Osmanov tərəfindən tərcümə edilib. Poema 1949-cu ildə görkəmli türk alimi Əli Nihat Tərlan tərəfindən nəsr formasında türk dilinə çevrilib.

 

Ədəbiyyatşünasların fikrincə, NizamininXosrovŞirin” əsəri Şərqdə məhəbbət poemalarının yaranmasına böyük təsir göstərib. Həmin poemaların əksəriyyətində şairin eşq haqqındakı mülahizələrindən geniş istifadə olunub. Nizami ədəbi məktəbindən layiqincə bəhrələnən XIII əsrin türkəsilli hind şairi Əmir Xosrov Dəhləvi 1298-ci ildə “ŞirinXosrov”, XIV əsrdə Azərbaycan şairi Arif Ərdəbili “Fərhadnamə”, görkəmli özbək şairi Əlişir Nəvai “Fərhad və Şirin” poemalarını, Xalq şairi Səməd Vurğun “Fərhad və Şirin” (1941) mənzum dramını yazıblar.

 

XosrovŞirin” əsəri Orta əsrlərdən üzü bəri Şərq aləmində təsviri sənətin inkişafına mühüm töhfə verib. Əsərin müxtəlif obrazları və hadisələri ilə bağlı yaradılan miniatürlər dünyanın məşhur muzey və qalereyalarını bəzəyir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.6.