Relslər üzərindəki tarix
Bakıda Dəmiryolu Muzeyi
də var...
Paytaxtımızdakı müxtəlif profilli muzeylər haqqında oxuculara məlumat verməyə davam edirik. Bu yazıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Dəmiryolu Muzeyi haqqında söz açacağıq.
Öncə qeyd edək ki, Azərbaycanda dəmiryolunun təməli 1878-ci ildə qoyulub və inşası 1880-ci ildə başa çatıb. Uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmiryolu ölkənin iqtisadi inkişafı ilə əlaqədar sonradan davamlı olaraq şaxələnib. Hazırda ölkəmizdə dəmiryollarının ümumi uzunluğu 3000 kilometrə yaxındır və beynəlxalq şəbəkənin bir hissəsini təşkil edir.
Dəmiryolu Muzeyinin açılışı 19 noyabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə gerçəkləşib. Ölkəmizdə ən yeni muzeylərdən olsa da, yerləşdiyi binanın bir əsrə yaxın yaşı var. Muzey köhnə Sabunçu vağzalının binasında yerləşir. Bu bina 6 iyul 1926-cı ildə Azərbaycanda ilk elektrikləşdirilmiş dəmiryolunun (Bakı-Sabunçu) açılışı günündə istifadəyə verilib və uzun illər “Sabunçu vağzalı” kimi də tanınıb. Bakı Dəmiryolu Vağzalının köhnə (1880-ci il) binasından fərqli olaraq, burada yalnız şəhərətrafı elektrik qatarlarına xidmət göstərilib. 1977-ci ildə dəmiryolu vağzalının yeni, sayca üçüncü binası istifadəyə verilib.
Bu il 95 yaşı tamam olan “Sabunçu vağzalı”nın binası düzbucaq altında birləşdirilmiş iki korpusdan ibarətdir. Binanın üz tərəfi şəhərə, arxa tərəfi dəmiryoluna baxırdı. 60-cı illərdə binanın arxa tərəfində, faktiki olaraq ona bitişik metronun indiki “28 May” stansiyası inşa edilib. Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa olunan bina zahirən Şirvanşahlar sarayını xatırladır. Bir müddət kommersiya məqsədilə məşhur restoran şəbəkəsinə icarəyə də verilən tarixi bina indi muzey kimi fəaliyyət göstərir.
Suvenir mağazası, kinozal
Muzeyə daxil olarkən maraqlı kompozisiya ilə qarşılaşırıq. Muzeyin rəisi Nəzakət Əliyeva qeyd edir ki, giriş hissədə suvenirlərin satıldığı mağaza fəaliyyət göstərir. Muzeydə həmçinin iki film zalı var. Zallardan biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub. Birinci mərtəbədə yerləşən kinozalda tarixi xronikalar, dəmiryolların inkişafına töhfə verən tanınmış mühəndislər haqqında sənədli filmlər nümayiş olunur. İkinci mərtəbədəki kinozalda isə ziyarətçilər dəmiryolların, qatarların və vağzalların estetikası ilə bağlı bədii filmlərdən zövq ala bilərlər.
Muzeyin ikinci mərtəbəsinə qalxırıq. Burada bir sərnişin vaqonu diqqətimizi çəkir. Maraqla vaqonda əyləşir və özümüzü bir anlıq hansısa uzaq diyara səyahətdə hiss edirik.
Üç sərgi zalı
Muzeyin 3 sərgi zalı var. Birinci zalda XIX əsrdə dəmiryolunun yaranması tarixini əks etdirən maraqlı eksponatlar – foto və videomateriallar, dəmiryolu və müxtəlif qatar modelləri nümayiş olunur.
İkinci zalda təqdim edilən nümunələrlə XX əsrdə dəmiryolunda gedən inkişaf proseslərini görmək mümkündür.
Muzeyin rəisi qeyd edir ki, Azərbaycan dəmiryollarının texniki tərəqqisi və hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin sovet Azərbaycanına rəhbərliyi dövründə dəmiryolu infrastrukturunda mühüm nailiyyətlər əldə edilib. Azərbaycan dəmiryolu sistemi müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunub. Azərbaycanın yüzlərlə ən yaxşı dəmiryolçusu orden və medallarla təltif edilib ki, bu da ümummilli lider tərəfindən bu sahəyə göstərilən böyük qayğı və diqqətin təzahürlərindən biridir. Muzeyin ikinci zalında ulu öndərin ölkəmizdə dəmiryollarının inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoların yer aldığı ayrıca guşə yaradılıb.
136 ilin geyimləri, qızıl suyuna çəkilmiş lokomotiv
Muzeyin ən maraqlı sahəsi
üçüncü zaldır desək,
yanılmarıq. Burada çeşidli qatar
modelləri nümayiş
olunur. Bu nümunələr
dəmiryolu sisteminin keçdiyi inkişaf yolu haqqında müəyyən təsəvvürlər
yaradır. Zalda müxtəlif
dövrlərə aid geyimlərdə
sərnişin fiqurları
da diqqəti cəlb edir. Şüşə arxasında tarixi
dəmiryolu xəttinin
bərpa olunmuş modelini görmək mümkündür.
Muzeyin rəisi bildirir ki, buradakı ekspozisiyalarla tanışlıq
ziyarətçilərə təhlükəsiz nəqliyyat
vasitəsi hesab olunan dəmiryolunun təkcə tarixi barədə deyil, həmçinin onun bəşəriyyətin inkişafına
və elmi-texniki tərəqqiyə təsiri,
habelə sənaye sahəsində oynadığı
rol haqqında dolğun fikir formalaşdırır: “Bu eksponatlarla
ziyarətçilərin diqqətini
həm Azərbaycanda,
həm də dünyada milyonlarla dəmiryolçunun – mühəndisin,
maşinistin, bələdçi
və inşaatçının
böyük əməyinə
yönəltmək istəyirik.
Bu insanların əməyi və tərəqqiyə yönəlmiş
səyləri sayəsində
əvvəllər qət
edilməsi mümkün
olmayan məsafəyə
bu gün asanlıqla səyahət etmək mümkündür.
Bu insanlar qitələri
vahid nəqliyyat şəbəkəsi ilə
birləşdirib və
dünyaya yeni inkişaf istiqaməti bəxş ediblər”.
Muzeydə dəmiryolu tarixinin mühüm məqamlarını
əks etdirən foto və sənədlər
təqdim olunur. Burada Birinci və İkinci Dünya müharibələrində dəmiryollarının
rolu ilə bağlı maraqlı məlumatlarla tanış
olmaq mümkündür.
Cənubi Qafqaz (Zaqafqaziya)
dəmiryolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.
Muzeyin əsas zalında diqqətimiz nümayiş olunan müxtəlif geyimlərə yönəlir. Öyrənirik ki, burada yer alan müxtəlif geyimlər 1885-ci ildən 1964-cü ilədək dəmiryolçuların uniformaları olub.
Əsas zalda gözümüzü çəkə bilmədiyimiz çox maraqlı bir eksponat da nümayiş olunur. Bələdçimiz deyir ki, Prezident İlham Əliyev tərəfindən muzeyə hədiyyə olunan qızıl suyuna salınmış lokomotiv maketi bütün ziyarətçilərin diqqətini cəlb edir.
***
Muzey həftənin altı günü saat 10:00-dan axşamçağı saat 18:00-dək fəaliyyət göstərir. İllərdir dəmir relslər üzərində səfərlərə çıxdığınız bu nəqliyyat növünün tarixinə ekskurs etmək istəyirsinizsə, yolunuzu Dəmiryolu Muzeyindən salın. Xatırladaq ki, muzeyi ziyarət etmək üçün ödəniş tələb olunmur.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2021.- 5
noyabr.- S.6.