Adını tarixə qanı ilə yazan Vətən sevdalısı
Vətənini canından əziz tutan, 42 yaşında onun yolunda müqəddəs şəhidlik zirvəsinə ucalan mayor Kamran Qılman oğlu Fərəcov haqqında danışmaq istəyirəm. O, 14 yanvar 1978-ci ildə Astara rayonunun Səncərədi kəndində dünyaya gəlmişdi. Astara elinin qəhrəman oğlu elə bir ömür yolu keçdi ki, odu-alovu Vətənin özü boyda ilahi bir məhəbbətə dönüb milyonların ürəyində özünə yer etdi.
İndi cismən aramızda olmasa da, yaşadığı həyat millətinə şərəfdir, qeyrətdir, ucalıq zirvəsidir. Qərinələr keçəcək, gələcək nəsillər də onu belə xatırlayacaq. Ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları da Kamranın göstərdiyi hünərə şahidlik edəcək.
Kamran Fərəcov ağlı kəsəndən Vətəni, xalqı üçün yaşamağı özünə həyat kredosu seçir. Vətəninə qəlbən bağlılığı onu 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə aparır. Başa düşür ki, torpaqları düşmən əsarətində olan bir Vətən övladı üçün hərb sənətinin sirlərini bilmək daha vacibdir. 1999-cu ildə məktəbi bitirib leytenant rütbəsində Bakıda tağım komandiri olur. Həyatda seçdiyi yolun düzgünlüyünə inanır, savadlı, peşəkar, cəsur, əsgərlərinə dost, qardaş komandir, qeyrətli, vətəninə bağlı şəxs kimi sevilir. Daha sonra Ağdamda, Gəncədə, Goranboyda, düşmənlə təmas xəttində hərbi xidmətini davam etdirir, hərbi bilik və bacarığını artırır.
2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağın azadlığı üçün başlatdığı mübarizədə mayor Kamran Fərəcov da özünü odlu-alovlu səngərlərə birincilər sırasında atır. Düşmənin başını əzməkdən ötrü döyüşdən-döyüşə sanki ona yeni bir güc gəlir. Cəbrayılın, Qubadlının azadlığı uğrunda döyüşlərdə düşmənin çoxlu sayda texnikasını, canlı qüvvəsini məhv edir. Həmişə öndə gedən, Vətən torpağının hər qarışı naminə igidliklə döyüşən komandir oktyabrın 21-də savaş meydanında şəhid olur. Vətənə olan sonsuz məhəbbəti ilə elə Vətən səmasının əbədi parlaq günəşinə çevrilir...
Allah rəhmət eləsin.
Zəfər ORUCOĞLU
Mədəniyyət.- 2021.- 5
noyabr.- S.6.