Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsi yad olundu

 

Noyabrın 3-də Muzey Mərkəzində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin (1921-2007) xatirəsi yad edildi. Bu il 100 illiyi qeyd olunan sənətkarın xatirə tədbiri Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası (ADRQ) və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirildi.

 

Muzey Mərkəzinin foyesində fırça ustasının “Güllər”, “Rəqqas”, “Diananın portreti”, “Balerinalar”, “Poladəridən A.Süleymanovun portreti” və s. əsərlərindən ibarət sərgi təşkil edilmişdi.

 

Tədbiri ADRQ-nin böyük elmi işçisi Ziyarət Cabarova açaraq görkəmli sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, rəssam erkən çağlardan təsviri sənətə maraq göstərib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirən B.Mirzəzadə İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Fransa, İtaliya və digər ölkələrdə yaradıcılıq ezamiyyətlərində olan rəssamın əsərləri yerlixarici muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkar 1967-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb. 1966-cı ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatı alıb. 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 3 noyabr 2007-ci ildə vəfat edib. 2006-cı ildə “Yaddaş” studiyasında yaradıcılıq yolu haqqında “Rəssam ömrünün palitrası” adlı sənədli film çəkilib.

 

ADRQ-nin direktoru Qalib Qasımov qeyd etdi ki, B.Mirzəzadə çoxsaylı dəzgah rəngkarlığı, qrafika, səhnəqrafiya əsərlərinin müəllifi olub. Onun yaradıcılığında Avropa rəngkarlığı və Azərbaycan milli təsviri sənət ənənələrinin təsirləri duyulur.

 

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bildirdi ki, portret janrı B.Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini tutur. O, böyük ustalıqla Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında xüsusi əməyi olan sənətkarların portretlərini işləyib. Fırça ustasının mənzərə rəsmləri də sənətkarlıq keyfiyyətləri ilə maraq doğurur. Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı əsərləri özünəməxsusluğu ilə göz oxşayır. Rəssam avtoportret janrında da fırçasını sınayıb. Onun bu qəbildən əsərlərində təkcə ömür yolu deyil, həm də ətraf aləmə baxışları əksini tapıb. Teatr rəssamlığı ilə də məşğul olan görkəmli sənətkar İ.Əfəndiyevin “Mənim günahım”, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” və s. əsərlərin tamaşalarına maraqlı bədii tərtibat verib.

 

Tədbirdə daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru Səyyar Əliyev, Bakı Qalereyasının rəhbəri Eldəniz Babayev çıxış edərək sənətkarla bağlı ürək sözlərini dilə gətirdilər. Bildirildi ki, B.Mirzəzadə Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Dövlət Rəssamlıq Akademiyasında istedadlı gənc rəssam kadrların yetişməsinə və təsviri sənətimizin zənginləşməsinə töhfələr verib.

 

Çıxışlardan sonra Bakı Musiqi Akademiyasının məzunu Nərmin Abdulun ifasında (piano) xalq və bəstəkar mahnıları təqdim olundu.

 

Sonda sənətkarın qızı Ofeliya xanım çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.4.