Yaşarlı xatirələrin aydın gecəsi

 

Tamaşaçı qəlbində kök salmaq, hələ yaşayarkən əbədiyaşarlıq qazanıb yaddaşlarda iz qoymaq hər sənətkara nəsib olmur. Ona bəslənən bu məhəbbətin, bu miqyasda rəğbətin, bu səmimiyyətin nüvəsində nə dururdu? İstedadmı, tamaşaçıya sevgimi, səhnəyə sonsuz bağlılıqmı, yüksək peşəkarlıqmı?

 

Bildiyim odur ki, tamaşaçı bütün bu xüsusları böyük bir ürəkdə cəm edən sənətkarına qəlbində əbədi məkan qurub...

 

Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına toplaşan sadə tamaşaçılar, rəsmilər, mədəniyyət və incəsənət xadimləri də özləri üçün bu həqiqəti yenidən təsdiqlədilər. Ölməz sənətkar, Xalq artisti, görkəmli teatrkino xadimi Yaşar Nuri mədəniyyətimiz, teatr sənətimiz yaşadıqca yaşayacaq.

 

Tamaşaçı onsuz keçən illərin həsrətini də bu gecədə ovudurdu. Onun 70 illiyinə həsr olunmuş yubiley gecəsində, xatirəsinin işığında.

 

Mədəniyyət NazirliyiAkademik Milli Dram Teatrının təşkil etdiyi xatirə gecəsində çıxış edən mədəniyyət naziri Anar Kərimov milli teatrkino sənətimizin görkəmli nümayəndəsinin yubiley tədbirində söz deməkdən qürur duyduğunu dedi. Bildirdi ki, Yaşar Nuri yaratdığı yaddaqalan obrazlara, sənətdə xidmətlərinə, dolğun sənət  yoluna görə daim insanların qəlbində yaşayacaq. Fitri istedada malik aktyor ailədən gəlmə böyük sənət sevgisini istedad və zəhmətinə qataraq teatrkinomuzun inkişafına böyük töhfələr verib. Onun filmtamaşalarda oynadığı qəhrəmanların məşhur sözləri,   replikaları dillər əzbəri olub. Bütün bunlar görkəmli sənət xadiminin müsbət enerji və obrazına sevgisini tamaşaçıya ustalıqla ötürə bilməsindən, yüksək improvizə qabiliyyətindən, canlandırdığı obrazlara məxsusi yanaşma tərzindən  qaynaqlanırdı.

 

“O, bizi tərk etsə də, özündən sonra qoyub getdiyi sənət mirası yaşadılmalıdır. Çox istərdik ki, teatr səhnəsində Yaşar Nuri kimi fədakar və istedadlı aktyorlar yetişsin” sözləri ilə çıxışını davam etdirən nazir dedi: “Çox təəssüf ki, sənətkar bizləri belə tez tərk etdi. Bu, Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun itkisi idi. Amma əsl sənət xadimlərinin mənəvi ömrü əbədidir. Çünki onlar  insanların xatirəsində, ürəyində yaşayır.

 

Mədəniyyət Nazirliyi olaraq teatrkino sənətimizdə bu kimi dəyərli mirasların bundan sonra da yaşadılacağına, yeni inkişaf mərhələsinə keçəcəyinə inanır və bunun üçün əlimizdən gələni edirik”.

 

Sonra Anar Kərimov Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi, bu şanlı tarixin teatrkino sahəsində təbliğinin vacib olduğunu dedi. Bu vacib mövzuda səhnə nümunələrinin yaranmasını, Zəfərin sənətdə carçısı olmasını arzu etdi.

 

Əməkdar incəsənət xadimi, teatrşünas, professor, Yaşar Nurinin yaxın dostu İlham Rəhimli də xatirə gecəsində çıxış etdi, tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. O, Yaşar Nurinin özünəməxsus, nadir yaradıcılıq xüsusiyyətlərinə malik olduğunumilli karnaval estetikasını Avropa cərəyanı ilə ustalıqla sintez edib unikal obrazlar yaratdığını vurğulayaraq dedi: “O, Azərbaycanın nadir sənətçilərindəndir ki, satira, faciə və komediya janrında bənzərsiz obrazlar yaradıb, kukla teatrında rol oynayıb. Onun daxilində o qədər enerji var idi ki, obrazlı şəkildə desək, onunla su dəyirmanını hərəkətə gətirmək olardı”.

 

Gələcək nəsillərin də Yaşar Nurini yaratdığı yaddaqalan rolları ilə xatırlayacağını deyən İlham Rəhimli sənətkarın televiziya tamaşalarına gətirmiş olduğu teatr estetikasından, səhnə ilə ekranın harmoniyasını ustalıqla tamaşaçıya ötürə bilməsindən söz açdı. Bildirdi ki, onun istedad və zəhməti tükənməz, sənətə sevgisi çılğın, tamaşaçıya münasibəti çox səmimi idi. Ona görə də səhnədə, ekranda göründüyü andan tamaşaçı onun enerjisini, ilğım kimi vuran sevgisini hissi etdiona eyni sevgi ilə bağlandı. Yəqin bu sevgi uzun illər davam edəcək. Çünki o, bu məhəbbəti əməyi ilə qazanmışdı.

 

Yaşar Nuri ilə bağlı xatirələrini bölüşən kinorejissor, Xalq artisti Vaqif Mustafayevonun sənətkarlıq keyfiyyətlərindən bəhs etdi, filmlərinin uğurunda Yaşar Nuri imzasının müstəsna rol oynadığını dedi. Bildirdi ki, Yaşar kimi sənətkarlar istənilən ssenaridə, istənilən ekran işində hər planda ideyanı bütünlükdə tamaşaçıya ötürə bilirlər. Yaşar Nuri ilə kurs işi olanMusiqili xaş” filmindən tanış olduğunubu möhkəm dostluğun uzundolğun yaradıcılıq nümunələri ilə bəzəndiyini yada salan rejissor “Bəyin oğurlanması”nın İsrafili kimi Yaşarın tamaşaçı yaddaşında silinməz iz qoyduğunu vurğuladı. Onun tamaşaçıya asanlıqla təsir edə bildiyini, yaratdığı obrazların içinə fərqli tipləri ustalıqla calaya bildiyini dedi.

 

Çıxışını “Yəqin Yaşarın “Hər şey yaxşılığa doğru” filmində dediyiPobeda za nami” (“Qələbə bizimlədir”) sözünü xatırlayırsınız. Onun 1997-ci ildə çəkilən filmdə dediyi bu şüar illər sonra öz təsdiqini tapdı və apardığımız 44 günlük müharibədə Azərbaycan xalqı uzun illər gözlədiyi Zəfəri qazandı” sözləri ilə bitirən kinorejissor Yaşar kimi aktyorların nadir hallarda yetişdiyini də xatırlatdı.

 

Yaşar Nurinin çəkildiyi və şöhrət qazandığı bir neçə televiziya tamaşasının rejissoru, Xalq artisti Ramiz Həsənoğlu da onu kövrək xatirələrlə yad etdi, aktyorun  dillər əzbəri olan rollarından danışdı. “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” kimi televiziya tamaşalarının bütün zamanlarda baxımlı və maraqlı olacağını deyən Ramiz Həsənoğlu onunla birgə işlədiyi nümunələrdən də danışdı. Yaşarın özü ilə yanaşı tərəf-müqabillərinə, aktyor həmkarlarına da daim dəstək göstərdiyini, doğru yön verdiyini yada saldı, onunla işləməyin böyük zövq olduğunu bildirdi.

 

Gecənin musiqi tərtibatı da sənətkarın zövq və sənət yoluna uyğun seçilmişdi. Xalq artisti Brilliant Dadaşova “Mən sənətkaram”, Əməkdar artistlər Teymur Əmrah “Bağışla”, Aybəniz Haşımova “Mənim ömür nəğmələrim” və sənətkarın qızı Ülkər Nuriyeva isə atasına izharla məşhur “Darıxmışam” mahnılarını ifa etdilər.

 

Tədbir boyunca zaman-zaman onunla bir səhnəni bölüşməyin həyəcan və sevincini yaşayan aktyorlar da Yaşarlı xatirələrini dilə gətirdilər.

 

Çıxışların ardınca aktyorun ölməz rollarından – teatr, televiziya tamaşalarından, bədii filmlərdən parçalar nümayiş olundu.

 

Sonda aktyorun qızı Ülviyyə Nuriyeva səhnəyə çıxdı və səmimi və dolğun tədbirə görə təşkilatçılara təşəkkürünü bildirdi, Yaşar Nuriyə xalq məhəbbətinin onları daim qürurlandırdığını dedi.

 

Beləcə, yubiley gecəsi teatrın foyesində nümayiş olunan onlarla fotodan (sərgi C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmışdı) səhnədəki böyük ekranda canlanan ölməz rollaradək hər biri tamaşaçı ilə Yaşar Nuri arasındakı sirli sevgi rabitəsini yenidən, daha möhkəm bağlamış oldu.

 

Həmidə RÜSTƏMOVA

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.1;4.