Zəfərin Şuşaya qaytardığı səs

 

Xan Şuşinskinin ruhu artıq doğma yurdunun azad səmasında dolaşır

 

 

 

Vətən müharibəsində şanlı Qələbəmizin birinci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin təşkil etdiyi silsilə tədbirlər davam edir.

 

Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində bu silsilədən növbəti tədbir – görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901-1979) 120 illiyinə həsr olunmuş “Havalansın Xanın səsi” adlı milli musiqi axşamı keçirildi.

 

Tədbir muğam ustadının öz ifasında məşhur “Şuşanın dağları” mahnısının lent yazısının səsləndirilməsi ilə başladı.

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək nazirlik tərəfindən Zəfər Günü ərəfəsində təşkil edilən tədbirlər haqqında söz açdı, musiqi axşamının da bu silsilənin davamı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, avqustun 20-də Azərbaycan muğam sənətinin böyük ustadı Xan Şuşinskinin anadan olmasının 120 ili tamam oldu: “Xan Şuşinski muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi dillər əzbəri olan mahnı və təsniflər bəstələyib. Zəfərin birinci ildönümündə azad Şuşamızla bərabər Xan Şuşinskininyubileyini qeyd edirik. Xanəndənin “Şuşanın dağları” mahnısı Şuşanı görməyənlərdə əsrarəngiz qala-şəhərimiz haqqında təsəvvür yaradır. Şuşadan çoxsaylı mədəniyyət xadimlərimiz yetişib. Biz bu gün Qələbəmizin ildönümü ilə bərabər həm də mədəniyyətimizin Şuşaya qayıdışını bayram edirik. Bu gün ikiqat bayramdır. Böyük xanəndənin 100 və 110 illik yubileylərini Şuşasız qarşılamışdıq. Ustadın 120 illiyində artıq doğma yurdu işğaldan azad olunub. Xan Şuşinski öz ifaları ilə Şuşanın Azərbaycan mədəniyyətinin bir hissəsi olduğunu sübut edib”.

 

Elnur Əliyev daha sonra dedi: “Mədəniyyət Nazirliyi olaraq məqsədimiz mədəni irsimizi yaşatmaqmusiqi tariximizdə iz qoyan sənətkarları tanıtmaqdır. Layihələrimiz dövlət başçısı tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olunan Şuşada da davam edəcək. Bütün tədbir iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm”.

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəsli görkəmli xanəndənin yaradıcılığı haqqında düşüncələrini bölüşdü.

 

O, Xan Şuşinskinin öz səsi və sənəti ilə nəinki doğulduğu Qarabağda, Azərbaycanda, bütün Yaxın Şərq ölkələrində tanındığını və sevildiyini, Azərbaycan musiqisini hər yerdə böyük məhəbbətlə təbliğ etdiyini bildirdi.

 

Xan Şuşinskinin oğlu Aslan Cavanşirov tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə minnətdarlıq etdi.

 

Bildirdi ki, atası tələbələrinə hər zaman muğamlarımızın keşiyində dayanmalarını vəsiyyət edirdi: “Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə muğam sənətimizə xüsusi diqqət göstərib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğam sənətimizə böyük diqqəti Xan Şuşinski arzularının çin olmasına işarədir. Bu gün atamın ruhu şaddır. Şuşanı bizə qaytaran Ali Baş Komandan İlham Əliyevə və müzəffər Ordumuza minnətdaram. Bütün şəhidlərimizin qarşısında baş əyirəm”.

 

Tədbirin bədii hissəsində bir-birindən maraqlı musiqi nömrələri gecəyə xüsusi rəng qatdı. Xan Şuşinski adına Ağdam Uşaq muğam musiqi məktəbinin şagirdləri, eləcə də Xalq artistləri Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Elnur Zeynalov, Babək Niftəliyev, xanəndələr İlkin Əhmədov, Aytən Məhərrəmova, Rəvanə Qurbanovanın çıxışları alqışlarla qarşılandı.

 

Musiqi axşamı Ali Baş Komandan, Prezident İlham Əliyevin bu ilin mayında Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalındakı tarixi nitqinin nümayişindən sonra xanəndələrin ifasında “Qarabağ şikəstəsi”nin sədaları ilə yekunlaşdı.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.1;2.