“Zəfər bayramı rəşadət, milli qürur və ləyaqət bayramıdır”

 

Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Budur reallıq. Bunu biz əldə etmişik

 

Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza sizsizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir.

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sözləri noyabrın 8-də – Zəfər Günündə Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib.

 

Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir: “Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq.

 

2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu...Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər bizim torpağımızı 30 ilə yaxın işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər”.

 

İlham Əliyev vurğulayıb ki, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi. Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik: “Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi”.

 

Prezident daha sonra deyib: “Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax, burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik”.

 

Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq” deyən dövlət başçısı çıxışını bu sözlərlə bitirib: “Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.

 

Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.

 

Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

 

***

 

Xatırladaq ki, noyabrın 7-də Şuşa şəhərinə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. 101 kilometrlik Zəfər yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir.

 

Prezidentbirinci xanım Şuşada Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının yeni binasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyublar, Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscidin bərpa işləri “Paşa Holdinqin maliyyə dəstəyi ilə həyata keçirilir. Yuxarı Gövhər ağa məscidində bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb. İşğal zamanı erməni vandalizminə məruz qalan Mehmandarovların malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıblar və ilkin layihə əsasında bərpa işlərinə başlanılıb.

 

Dövlətimizin başçısı və birinci xanım Şuşaya gəlmiş VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət ediblər, onlarla birlikdə Cıdır düzündə olublar.

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.1;2.