Muğam Mərkəzinin beynəlxalq əlaqələri
genişlənir
Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bununla bağlı noyabrın 7-də gerçəkləşən mərasimdə BMM-in direktoru, Xalq artisti Murad Hüseynov çıxış edərək memorandumun əhəmiyyətini vurğulayıb. Bildirib ki, BMM beynəlxalq əlaqələrə xüsusi önəm verir. Mərkəzin səhnəsində Fransa, İspaniya, Yaponiya, Portuqaliya və digər ölkələrdən musiqiçilər çıxış edib. Bu memorandum əsasında Rusiyadan da musiqi kollektivlərini dəvət edəcəyik.
RİMM-in rəhbəri İrek Zinnurov vurğulayıb ki, BMM konsert və digər tədbirlər keçirmək üçün olduqca gözəl məkandır: “Azərbaycanla Rusiyanı uzun illərin mədəni əlaqələri birləşdirir. Çalışacağıq rusiyalı ifaçıları, kamera orkestrləri və digər musiqi kollektivlərini BMM-ə dəvət edək”.
Murad Hüseynov və İrek Zinnurov tərəfindən memorandum imzalandıqdan sonra iki ölkənin musiqiçilərinin ifasında konsert proqramı təqdim olunub. Rusiyadan ölkəmizə qastrola gəlmiş Aydar Salahov (bayan) və İnna Salahovanın (vokal) azərbaycanlı həmkarları Seymur Həsənsoy (akkordeon), Kamal Nuriyev (tar), Əli Nəsib (zərb alətləri) və Mark Zinçenko ilə birlikdə çıxışı böyük maraqla qarşılanıb.
Aydar Salahov
Bakıya səfərindən məmnunluğunu bildirib: “Azərbaycan musiqisini
Müslüm Maqomayevin
ifasından tanıyıram. Bu gün məşq zamanı Azərbaycan
tarını öz musiqimizlə sintez etməyə çalışdıq. Mən burada olan musiqi
alətlərini heç
yerdə görməmişdim. Tar çox
universal bir musiqi alətidir. Tarda hətta
caz da ifa
etmək olar”.
Mədəniyyət.- 2021.- 12
noyabr.- S.3.