Qalib ölkənin səhnəsində
Zəfər soraqlı noyabrın ilk həftəsi daha bir festivalla yadda qaldı. Xəbər verdiyimiz kimi, 2–5 noyabr tarixində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Teatr Xadimləri İttifaqının təşkil etdiyi “Qalib olan Azərbaycan” adlı teatr festivalı keçirildi.
Akademik Milli Dram Teatrının “Abbas Mirzə Şərifzadə” səhnəsində festivalın açılışını edən “İnanıram” adlı monotamaşa barədə ötən sayımızda yazmışdıq.
Proqrama daxil edilən ikinci nümunə Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Cənnətə bilet” (müəllif və rejissor İlhamə Əhmədova) tamaşası idi. Tamaşa torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş oğullarımıza – şəhidlərimizə həsr olunmuşdu.
44 günlük II Qarabağ müharibəsindəki faktları əsas götürən səhnə işi real boyalarla, təbii, sakit, bir az da adi təsbitlərlə yadda qaldı. Müharibəyə oğullarını yola salan ailə minlərlə azərbaycanlı ailədən biridir. Hamı narahatdır, hamı nigarandır. Həm də hər kəsin ürəyində inam və qətiyyət var.
Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəman şəhidlik zirvəsinə ucalır. Qəhrəmanın iki övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Uşaq təfəkkürləri ilə “bilet alaraq cənnətə gedib” ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün pul da yığırlar... Bir ailənin timsalında hər birimizin Qələbə üçün keçirdiyimiz sevinc, müharibədə şəhid olan oğullarımız üçün tökdüyümüz göz yaşları, onlara bələnmiş qürurun təsviri tamaşanın əsas məramı idi.
Səhnə işinin rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli idi. Rolları Mehman Piriyev, Flora Hüseynova, Qurban Əhmədov (ll Qarabağ müharibəsi iştirakçısı), Gülnar Əlizadə və başqaları ifa edirdilər.
Festivalda təqdim olunan “Xoşbəxtliyin dəyəri” adlı tamaşa müstəqil layihə kimi Sahib Məmmədov və Raulya Türkkanın yaradıcılıq işbirliyinin məhsuludur. Biz nümunədə müharibənin, ümumən bəşəri bəlaların səbəb olduğu dağıntılar və onların insanın daxili dünyasında – hisslərində, arzularında, gələcəklə bağlı xəyallarında və ən əsası, hisslərində qoyduğu izlərin az söz və çox hərəkətdə xoreoqrafik təsvirini görürük.
Mövzu adi həyatdan götürülsə də, təsviri və sonluğu nikbin alınmışdı. İllərdir bir-birini sevən gənclər, nəhayət, vüsala yetirlər. Bu zaman müharibə başlayır və oğlan cəbhəyə yola düşür. Bir müddət sonra onun ölüm xəbəri gəlir, amma nişanlısı buna inanmır və durmadan onu axtarmağa çalışır. Ətrafdakı hər kəs onu sevdiyinin ölümünə inandırmağa çalışsa da, o, israrla hisslərinə inanır və sonda yanılmadığını hər kəs görür, sevdiyi cəbhədən qayıdır.
Qusar Dövlət Ləzgi Dram Teatrı festivala “Çingiz dastanı”nı gətirmişdi. Böyük heyət və şaxələnmiş mövzularla Vətəni sevməyi və onun uğrunda ölməyi şərəf işi kimi təlqin edən tamaşanın müəllifi Abdulla Qurbani, rejissoru isə teatrın direktoru Faiq Qardaşov idi.
Qusarlı Milli Qəhrəman Çingiz Qurbanova həsr olunan tamaşada onun timsalında ümumən Vətən uğrunda canından keçən igidlərə bir sevgi, ehtiram nümayişi var. İkihissəli tamaşada şəhidin atası, qohumları, döyüş yoldaşları da iştirak edirdi...
Sonda onu da qeyd edək ki, festivala təqdim olunan dörd tamaşanın hamısı münsiflər tərəfindən mükafatlara layiq görüldü...
Həmidə RÜSTƏMOVA
Mədəniyyət.- 2021.- 12
noyabr.- S.5.