“Mədəniyyətimizin incisiQarabağ

 

Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisiQarabağ” adlı sərgi təşkil edildi. Noyabrın 5-də açılışı keçirilən sərgi Zəfər Gününə həsr olunub.

 

Dövlət rəsmiləri və tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Əməkdar artist Təyyar Bayramovun ifasında “Can, Qarabağ” mahnısı ilə başladı.

 

Sonra II Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov “Zəfər həftəsi” çərçivəsində keçirilən tədbirlərdən söz açdı, sərginin də bu silsilədən olduğunu diqqətə çatdırdı. Azərbaycanın hazırda ən möhtəşəm və qürurverici tarixini yaşadığını qeyd edən nazir sərgidə Qarabağonun tacı, mədəniyyətimizin paytaxtı Şuşa şəhərində mövcud olmuş ab-hava, böyük sənətkarların yetişib boya-başa çatmasını şərtləndirən mühitin canlandırıldığını bildirdi. Tarixi həqiqətləri, xalqımızın Qarabağ uğrunda apardığı mübarizəni, Vətən həsrətini və qazandığımız şanlı Qələbəni əks etdirən bu sənət nümunələrinin gənc nəslin maariflənməsində, vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyəti vurğulandı.

 

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev çıxış edərək Zəfər bayramı, Qarabağın mədəniyyəti, təbiəti ilə bağlı Qələbə ruhlu duyğularını bölüşdülər. Çingiz Fərzəliyev “Mədəniyyətimizin incisiQarabağ” sərgisinin bütün xalqımıza ərməğan edilən layiqli töhfə olduğunu bildirdi. Dedi ki, ekspozisiyanın hər bir otağı bir yaradıcı şəxsə, bir sənətkara həsr olunub: onun şəxsi əşyaları, musiqi alətləri, afişa və müxtəlif fotolar təqdim edilir.

 

Sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Bülbülün Memorial MuzeyiNiyazinin Xatirə Muzeyinin fondlarına məxsus eksponatlar nümayiş olunur. Sərginin ekspozisiyasında Qarabağın xalçaxalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları da yer alıb. Xurşudbanu Natəvanın əlyazmaları, Usta Qəmbər QarabağiMir Möhsün Nəvvabın rəsmləri, onunOn iki bənd” (“Dəvazdəh bənd”) əlyazma kitabı, Ü.Hacıbəylinin, Bülbülün, Niyazinin şəxsi əşyaları və bu sənətkarların həyat və yaradıcılıqlarını əks etdirən çoxsaylı fotoşəkillər sərginin zənginliyindən xəbər verir.

 

Həmçinin Qarabağın füsunkar təbiətinin təcəssüm olunduğu mənzərələr, Qarabağın görkəmli mədəniyyət və ədəbiyyat xadimləri Natəvan, Ü.Hacıbəyli, Niyazi, Bülbül, İ.Əfəndiyev, Ş.Bədəlbəyli və Qarabağ xanlığının vəziri olmuş görkəmli şair M.P.Vaqifin portretlərinin yer aldığı sərgi bu qədim diyarımız haqqında dərin təəssürat yaradır. İzləyicilər vernisajda ümumilikdə 250-yə yaxın Qarabağ incisi ilə tanış ola biləcəklər.

 

Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

 

Sərgi 2022-ci il yanvarın 31-dək davam edəcək və giriş sərbəstdir.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.1;4.