Zəfərimizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinə yekun vurulub

 

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi yekunlaşıb.

 

2021-ci ilin may-oktyabr aylarında keçirilən müsabiqəyə ümumilikdə 15 simfonik əsər təqdim olunub. Münsiflər heyətində ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadənin sədrliyi ilə Xalq artisti, dirijor Fəxrəddin Kərimov, Xalq artisti, ABİ-nin İdarə heyətinin üzvü Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, ABİ-nin İdarə heyətinin üzvü, BMA-nın professoru, musiqişünas Həcər Babayeva, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, ABİ-nin üzvü Ayaz Qəmbərli təmsil olunublar.

 

Münsiflərin seçimindən sonra I yerə “Şuşa fəthi” əsəri ilə Tural Məmmədli, II yerə “İnsan” əsəri ilə Vüqar Məmmədzadə, III yerə “Qayıdış” əsəri ilə Elvin Quliyev layiq görülüblər.

 

Bundan əlavə, üç nəfər – İlahə İsrafilova, Aysel Əzizova və Üzeyir Məmmədov həvəsləndirici mükafata layiq görülüblər.

 

Müsabiqə qaliblərinə nazirlik tərəfindən diplompul mükafatları təqdim olunacaq.

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.7.