Nizaminin yurdu da festivala ev sahibliyi
edir
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük şairin 880 illik yubileyinə həsr olunmuş Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir. 15-26 noyabr tarixini əhatə edən festival Bakı və Gəncə şəhərlərində gerçəkləşir.
Noyabrın 15-də Gəncə şəhərində festivalın açılış mərasimi keçirilib. Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və 300-dən artıq mədəniyyət işçisi, incəsənət xadimi Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, böyük söz ustadının məzarı üzərinə tər çiçəklər düzüblər. Sonra tədbir iştirakçıları şəhərdəki Nizami Gəncəvi Muzeyində olublar.
Daha sonra festival çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri və Dövlət Kamera Orkestrinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.
Gecədə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Cavad xan” Tarix-Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndəsi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bir-birindən maraqlı musiqi nömrələri şəhər sakinləri və qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Dahi şairin
doğma yurdunda Nizami Gəncəvi Beynəlxalq Festivalı
silsilə tədbirlərlə davam edəcək.
Mədəniyyət.- 2021.- 17
noyabr.- S.2.