“Bu kitabı oxuyanlar biləcəklər ki...”
Ankarada Həsən Həsənovun
Azərbaycan tarixi haqqında kitabının
təqdimatı keçirilib
Noyabrın 15-də Ankara Universitetində tarix elmləri doktoru, dövlət xadimi, diplomat Həsən Həsənovun “Atropatena-Adorbayqan
adlı dövlətin
yaranması“ kitabının
(Türkiyə türkcəsində)
təqdimetmə mərasimi
olub.
Universitetin rektoru, professor Necdet Ünüvar mərasimdə çıxış
edərək Həsən
Həsənovun ictimai-siyasi
və elmi fəaliyyətindən söz
açıb. Rektor deyib
ki, H.Həsənovun kitabları Almaniya, Rusiya, Macarıstan İtaliya, Belçika, Polşa, Bolqarıstan, Gürcüstanda da nəşr edilərək,
o ölkələrin oxucularına
təqdim edilib.
Vurğulanıb ki, təqdimatı
keçirilən kitab
Azərbaycanın qədim
tarixindən bəhs edir: “Azərbaycanın çox köklü bir tarixi var. Tarixi Assuriya İmperatorluğuna qədər
gedən, 3 imperatorluğun
hissəsi olan, 321-ci ildə Böyük İsgəndərin imperiyası
çökdükdən sonra
müstəqilliyini yenidən
qazanan bu ölkənin necə qurulmasını Həsən
Həsənov bizə
öz kitabında anladır. Azərbaycanın zəfərini qeyd
etdiyimiz bu günlərdə həm də Azərbaycanın tarixindən bəhs etmək bizim üçün də xoşdur”.
Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, Azərbaycan Respublikası 1991-ci ildə
müstəqilliyini bərpa
edəndə Həsən
Həsənov Baş nazir, sonra ölkəmizin
tarixinin çətin
dövrlərindən birində
Azərbaycanın BMT-də
daimi nümayəndəsi
olub, daha sonra Xarici İşlər
Nazirliyinə rəhbərlik
edib, həmçinin
son 17 ildə diplomat kimi
fəaliyyət göstərib.
Səfir
H.Həsənovun BMT-də
daimi nümayəndə
olarkən Qarabağ münaqişəsi ilə
bağlı tarixi qətnamələrin qəbul
edildiyini vurğulayıb.
Ankara Dövlət Universitetinin
professoru Erdoğan
Uygur kitab haqqında geniş məlumat verib.
Daha sonra çıxış edən
Həsən Həsənov
Azərbaycan-Türkiyə əlaqələrindən,
XX, XXI əsrlərdə Türkiyənin
Azərbaycana olan dəstəyindən söz
açıb. Bildirib ki, bir çox
Şərq və Qərb arxivlərinə və alimlərinə istinad edərək ərsəyə gətirdiyi
son kitabında Azərbaycanla
Türkiyənin vaxtilə
bir millət və bir dövlət
olduğunu sübut edən araşdırmalar da var: “Bu kitabı
oxuyanlar biləcəklər
ki, Azərbaycan deyilən dövlət nə zaman və
hansı şərtlər
altında qurulub, dövləti hansı millət yaradıb, dövlətin adı necə ortaya çıxıb. Atropatena həm
Türkiyə, həm
də Azərbaycan ərazisini əhatə edib, kitabda təqdim
olunan xəritələr
də bunu sübut edir. Bir məsələni vurğulayım
ki, Azərbaycanda Atropatena yaranmazdan öncə Oğuz dövləti yaranıb.
Miladdan öncə 673-cü ildə
Midiya və Aşquz çarlığı
qurulub. Həmin Aşquz oğuzları
da Atropatena dövlətini yaradıblar”.
Qeyd edək ki, İstanbulda
“Zengin Yayincılık”
nəşriyyatı tərəfindən
çap edilən kitabı rus dilindən Türkiyə türkcəsinə Ankara Dövlət
Universitetinin məzunu,
azərbaycanlı filoloq,
şərqşünas Məlaikə
Hüseyn tərcümə
edib.
Təqdimat mərasimi simvolik bir hadisə də yadda qalıb. Ümummilli lider
Heydər Əliyevin
2001-ci ildə Ankara Universitetinin
həyətində əkdiyi
ağacın dibinə
Şuşadan gətirilən
torpaq tökülüb.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2021.- 17
noyabr.- S.8.