Milli xalça
sənətimiz 11 ildir bəşəriyyətin
incisi adını daşıyır
Noyabrın 16-da Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin on birinci ili və xalçaçılıq üzrə görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun (1906-1991) 115 illik yubileyi münasibətilə tədbir keçirildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək Azərbaycan xalça sənətinin UNESCO yolçuluğu haqqında söz açdı. Bildirdi ki, bu qədim milli sənətin dünya miqyasında tanınması Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə gerçəkləşib.
Şirin Məlikova qeyd etdi ki, 17 noyabr Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun doğum günüdür. 1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub. Direktor həmçinin diqqətə çatdırdı ki, tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Narlı”, “Sor-sor” xalçalarının və çiyi palazın dəzgahdan kəsimi həyata keçiriləcək. Qeyd olundu ki, Azərbaycan Milli Xalça Muzeyi xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, onların əsasında milli və ümumbəşəri əhəmiyyətli xalça nümunələrinin yaradılması istiqamətində yeni-yeni layihələr reallaşdırır. İlk dəfə xovlu və bütün xovsuz xalçatoxuma texnikalarını tətbiq etməklə unikal “Narlı” xalçasının toxunması da belə uğurlu layihələrdən biridir. Toxucudan yüksək peşəkarlıq tələb edən bu nadir sənət əsəri 8 ay müddətində ərsəyə gəlib. Ənənəvi texnologiya şöbəsinin fəaliyyət istiqamətlərindən biri də muzeyin kolleksiyasında qorunan nadir eksponatların replikalarının hazırlanmasıdır. Tədbirdə kəsimi həyata keçiriləcək belə nümunələrdən biri italiyalı xalça kolleksiyaçısı Erminio Bottininin 2020-ci ildə muzeyimizə hədiyyə etdiyi, 1811-ci ildə Şirvanda toxunmuş məşhur “Sor-sor” namazlıq xalçasının replikasıdır. Mükəmməl kompozisiya quruluşu, orijinal nümunə ilə eynilik təşkil edən rəngləri, ahəngdarlığı ilə gözoxşayan xalça 3 ay müddətində toxunub.
Daha sonra Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Lətif Kərimovun tələbəsi Məmmədhüseyn Hüseynov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətullayeva çıxış edərək Lətif Kərimovun həyat və yaradıcılıq yolundan söz açdılar, xatirələrini bölüşdülər.
Tədbirdə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi rəqs ansamblının, müğənni Çinarə Məlikzadənin vətənpərvərlik ruhunda ifaları təqdim edildikdən sonra xalçaların hanadan kəsimi gerçəkləşdi.
L.AZƏRİ
Mədəniyyət.- 2021.- 17
noyabr.- S.2.