“Şuşanın dağları”

 

  Bir mahnının tarixçəsi

 

Tarixən Qarabağ muğam məktəbi və məclisləri Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən görkəmli sənətkarların yetişməsində mühüm rol oynayıb. Onların sırasında Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi Zülalov (Bülbülcan), Malıbəyli Həmid, Mirzə Sadıq Əsəd oğlu, Mirzə Muxtar, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Mütəllim Mütəllimov və başqalarının adlarını çəkə bilərik.

 

Vətən müharibəsində Qarabağın və onun qəlbi Şuşanın düşməndən azad edilməsi bu qədim elimizin mədəniyyət salnaməmizdə qoyduğu izə yenidən nəzər salmaq istəyi, zərurəti yaradır. Bu yazıda Şuşada doğulub boya-başa çatan, Azərbaycan muğam ifaçılığında öz dəst-xətti ilə seçilən qədim qala-şəhərimizi təxəllüsündə yaşadan Xan Şuşinkinin (İsfəndiyar Cavanşirov; 1901-1979) müəllifi olduğu “Şuşanın dağları” mahnısının tarixçəsinə qısa səyahət edəcəyik. Qeyd edək ki, musiqi tariximizə adı həm görkəmli xanəndə, həm də bəstəkar kimi düşmüş Xan Şuşinski bir çox mahnı və təsniflərin müəllifi olub. Xanəndə tərəfindən bəstələnən nəğmələr o qədər populyarlıq qazanıb, insanlar tərəfindən o qədər sevilib ki, hətta bəzən onların xalq mahnısı olduğunu söyləyənlər də az olmayıb. Məlahətli və bənzərsiz səsə malik ustadın “Al yanağında”, “Qəmərim”, “Ölürəm, a ceyran bala”, “Şuşanın dağları”, “Ay gözəl”, “Nə halətdir”, “Ay qəşəng ceyran”, “Dilbərim”, “Məndən gen gəzmə”, “Dağlarda çiçək” və “Gözəl yarım” kimi mahnıları bu gün də xanəndələrin repertuarında öz yerini qoruyur...

 

Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri haqqında ilk mahnı məhz Xan Şuşinski tərəfindən bəstələnib. Mahnı XX əsrin 30-cu illərində meydana gəlib və musiqi və mətn müəllifi xanəndənin özünə məxsusdur. “Şuşanın dağları” mahnısı muğam üçlüyü – xanəndə (qaval), tarkamança ifaçıları üçün nəzərdə tutulub. Tez bir zamanda sevilən və xalq mahnısı kimi qəbul edilən “Şuşanın dağları” bəstəkar Səid Rüstəmov tərəfindən nota alınaraq “Azərbaycan xalq mahnıları” toplusunda (1967) çap olunub.

 

Bu mahnıya Xan Şuşinskidən sonra da onlarla ifaçı müraciət edib. SSRİ dövründə mahnıdakı bəzi sözlərə görə görkəmli xanəndə təqiblərə və iradlara məruz qalmışdı. Dəfələrlə inzibati orqanlara çağırılaraq Xan Şuşinski izahatlar verirdi. Bildiyimiz kimi, Sovet hakimiyyəti öz yeni ideologiyası ilə xalqların keçmişini, folklorunu, adət-ənənəsini unutdurmağa çalışırdı. Mahnıda istifadə olunan “Şuşanın dağları başı dumanlı”, “ölürəm” kimi ifadələr sovet ideologiyası üçün guya yad idi. Belə ki, bu sözlər vasitəsilə kədər və nisgilin təlqin edildiyi düşünülürdü. Aidiyyəti qurumlar mahnının sözlərinin dəyişdirilməsini tələb edir. Halbuki, Şuşa şəhəri dağlarla əhatələndiyindən ərazinin dumanlı olması təbii idi. “Ölürəm” sözü isə məcazi mənada istifadə olunurdu.

 

Mahnı iki dəfə – 1946-cı ildə muğam üçlüyü, 1962-ci ildə isə xalq çalğı alətləri ansamblının müşayiəti ilə lentə alınıb. Sevindirici haldır ki, müasir dövrümüzdə müğənnilər tərəfindən ifa olunan “Şuşanın dağları” mahnısı ilkin variantda dinləyicilərə təqdim edilir. Sözügedən mahnıya bir çox xanəndə və müğənnilər müraciət edib. Mahnı bəstəkar Adilə Yusifova tərəfindən xor üçün işlənilərək çap olunub. Musiqi əsəri həmçinin muğam triosunun ifasında “Dərviş Parisi partladır” (1976) bədii filmində səslənir. Ekran əsərində hadisələr elə Qarabağda baş verir.

 

Mahnıda Şuşa şəhərinin təbiəti gözəl qızla müqayisə edilir. Dağların başı dumana büründüyü kimi, qadın da yaylıqla örtünüb. Dağların orta hissəsinin lalə çiçəkləri ilə bol olması qızın qırmızı köynəyinə işarə edir. Dağın aşağı hissəsi isə onun yaşıl ətəyi ilə müqayisə olunur. Üç bənddən ibarət mahnıda musiqi nikbinşux xarakterə malikdir.

 

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdur gümanım.

Ay qız, buqaş-göz, butel,

Ölərəm dərdindən, onu bil,

Danışmasan da, balam, barı gül...

 

1992-ci ilin 8 mayında Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal ediləndən sonra bu mahnının ifası xalq tərəfindən böyük kədər və nisgillə qarşılanırdı. Düşmən əsarətinə düşmüş Şuşanın dağlarını sanki qara buludlar almışdı. 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz 8 noyabr tarixində möcüzəvi hərbi əməliyyatla Şuşanı düşmən tapdağından azad etdiAli Baş Komandan İlham Əliyevin həmin gün dediyi “Əziz Şuşa, sən azadsan!” ifadəsi dillərdə əzbərə çevrildi. Artıq Azərbaycan xalqı Şuşanın qurtuluş tarixini – 8 noyabrı Zəfər bayramı kimi böyük təntənə ilə qeyd edir.

 

Son bir il ərzində qala-şəhərimizdə keçirilən musiqi və ədəbiyyat bayramlarında yenidən Xanın səsində “Şuşanın dağları başı dumanlı” sədaları havalandı və bu mahnı artıq 30 il müddətindəki nisgillə deyil, sevinc göz yaşları, qürurla dinlənildi. Cıdır düzündə Xanın səsinin havalanması ilə Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülbaşqa Şuşa ünvanlı sənətkarların da ruhu rahatlıq tapdı.

 

Sonda xatırladaq ki, 2004-cü ildə Xan Şuşinskiyə məxsus mahnıların bir qismi Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2021.- 17 noyabr.- S.6.