Yenidən doğma evdə
Bu yazıda hörmətli oxucuları dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Bakıdakı ev-muzeyində qorunub saxlanılan bir neçə rəsm əsərinin tarixçəsi ilə tanış etmək istəyirəm. Bu rəsmlərdən biri bəstəkarın rəssam Musa Xudayarov tərəfindən 1956-cı ildə kətan üzərində yağlı boya ilə çəkilmiş portretidir.
İllərlə muzeydə nümayiş etdirilən, çərçivəsi nəfis inkrustasiya ilə bəzədilmiş bu portret sonralar müəyyən müqavilə ilə müvəqqəti olaraq nümayiş etdirilmək üçün Azərbaycan Milli İncəsənət Muzeyinə təhvil verilmişdi. Bu rəsmin əvəzində isə yenə müvəqqəti olaraq Milli İncəsənət Muzeyindən Üzeyir bəyin ev-muzeyinə onun SSRİ Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən 1943-cü ildə kətan üzərində yağlı boya ilə çəkilmiş portreti daxil olmuşdur. Qeyd etdiyimiz kimi, hər iki portret müvəqqəti nümayiş üçün muzeylər arasında müqaviləyə əsasən dəyişdirilmişdir. Lakin bu ayrılığın ömrü uzun olmuşdur. Nəhayət, 2021-ci ilin sentyabr ayında Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü ərəfəsində sözügedən rəsmlər öz doğma ocaqlarına qaytarıldılar.
Yeri gəlmişkən, oxuculara Mikayıl Abdullayevin çəkdiyi portret haqqında kiçik bir məlumat vermək istəyirəm.
Üzeyir bəyin ev-muzeyinin kitabxanasında “Bəstəkarın xatirəsi” adlı kitab var. 1976-cı ildə nəşr edilmiş kitabın tərtibçisi mərhum musiqişünas alim Əhməd İsazadə, redaktoru unudulmaz bəstəkar Fikrət Əmirovdur. Kitaba Üzeyir Hacıbəylinin müasirləri olmuş görkəmli şəxsiyyətlərin bəstəkar haqqında xatirələri daxil edilmişdir. Burada Mikayıl Abdullayevin də xatirələri var.
Yaşlı nəsil yəqin ki, bu xatirələrlə tanışdır. Vaxtilə Mikayıl Abdullayev Üzeyir bəylə tanışlığı barədə ara-sıra televiziya verilişlərində söhbət açmışdır. Bu yazıda rəssamın həmin xatirələrindən təqdim edəcəyim fraqment gənclər üçün də maraqlı olar. Rəssamın xatirələrindən: “1943-cü ildə C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəyovun da portreti olmalı idi. Bu şərəfli iş muzeyin rəhbərliyi, daha dəqiq desək, Sona xanım Cabbarlı tərəfindən mənə tapşırılmışdı.
Mən portreti naturadan çəkmək
qərarına gəlmişdim. Lakin məlum
oldu ki, Üzeyir bəy bu barədə heç nə eşitmək istəmir.
Hansı
rəssam ondan şəklini çəkməyə
razılıq verməsini
xahiş edirdisə, rədd cavabı alırdı.
Beləliklə, məsələ böyüdü
və gedib çatdı İncəsənət
İşləri İdarəsinə. Xeyli danışıq
və təbliğatdan
sonra Hacıbəyovun
bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan
hissləri keçirməyə
başladım. Təyin edilmiş
vaxtdan da bir qədər əvvəl konservatoriyanın
köhnə binasına
gəldim. Üzeyir kabinetə
daxil olanda biz ehtiramla salamlaşdıq.
Günahkar adamlar kimi məndən səs çıxmırdı.
O, sağ əlinin baş və şəhadət barmağı
ilə bığlarını
sığallayaraq dodaqaltı
dedi: “Bilirəm, portret yaratmaq çətin məsələdir,
mürəkkəb işdir”.
Sonra kresloya əyləşdi, əllərini
yana açdı
və soruşdu: “Necə oturmalıyam?” Mən tez cavab
verdim: “Elə bu cür sərbəst”.
Kömürü əlimə alıb cəld işə başladım. Kabineti sakitlik bürümüşdü.
Yalnız kömürün kətan parçasını
cızmasının səsi
gəlirdi. Otaqdakı
sakitliyi Üzeyir bəy özü pozdu: “Deyəsən, iş pis
getmir. Mən öz surətimi
görməyə başlayıram”.
Düzü, əvvəlcə təəccübləndim,
sonra birdən yadıma düşdü ki, kətan çox nazik olduğuna görə işığı arxaya buraxır və orada çəkdiyim cizgilər əks olunur.
Həcm etibarilə çox da böyük olmayan bu portreti
üç günə
qurtardım və muzeyin tələsdiyinə
baxmayaraq, Üzeyir bəyin istəyi ilə ona bağışladım. Mən
hiss edirdim ki, Üzeyir Hacıbəyov portreti çox bəyənib...
Tezliklə muzey üçün ikinci, həcm etibarı ilə daha böyük portreti başladıq. Bu dəfə
kabinetdəki iş masasının arxasında,
tünd-qırmızı xalçanın
fonunda o, əllərinin
barmaqlarını bir-birinə
keçirib əyləşdi
və yavaşca dedi: “İndi də belə oturaq”. Poza mənim
çox xoşuma gəldi. Lakin bu portretin də maraqlı bir macərası olmuşdur.
İşimizi təzə qurtarmışdıq. Üzeyir bəyə
bir balaca soyuq dəydi. O, iki-üç gün işə çıxmadı.
Həmin
günlər kabinet bağlı qalmışdı.
Arada mən gəlib öz iş ləvazimatımı
aparırdım. Elə
oldu ki, gedəndə portreti iş masasının arxasındakı stulun üstündə həmin
divar xalçasına
söykəyib getdim. Vaxtdan istifadə edərək rənglərin qurumasını
gözləyirdim. Ertəsi gün
Üzeyir bəy konservatoriyanın dəftərxanasına
zəng vurub nə isə soruşur. Bununla əlaqədar olaraq
kabinetin açarını
xidmətçi qadına
verirlər ki, gedib nə isə
gətirsin. Xidmətçi qadın qapını açıb içəri
girir və cəld geri dönüb dəftərxanaya
qayıdır, Üzeyir
bəyin özünün
gəldiyini xəbər
verir. Təəccüblənirlər ki, elə şey olmaz. Əvvəla, Üzeyir bəy xəstədir, ikincisi, telefon zəngindən heç beş dəqiqə
keçməyib, bu tezliklə də gəlib çatmaq olar? Kimsə tez gedib kabinetə yaxınlaşır.
Qapının açar yerindən
baxıb görür ki, “doğrudan da, Üzeyir bəy öz yerindədir”. Bu dəfə
tədris hissə müdiri özü gedir və kabineti
açıb içəri
girəndə, öz etirafına görə, əvvəl çaşır,
sonra masa arxasındakının Üzeyir
bəyin özü yox, onun portreti
olduğunu görüb
gülməyə başlayır...
Bu əhvalatı xeyli vaxt deyib-gülərdilər.
Üzeyir bəy isə
deyərdi ki, bax, ikinci portret
özü müəllifsiz
imtahandan çıxdı”.
Rəssamın bu kitabdakı xatirələrinə görə,
1943-cü ildə çəkdiyi
ikinci portret sifarişlə Azərbaycan
Teatr Muzeyi üçün çəkilməsinə
baxmayaraq sonralar Milli İncəsənət
Muzeyinə verilmişdir. Üzeyir Hacıbəylinin
Ev-Muzeyindəki Musa Xudayarovun
çəkdiyi portretlə
müvəqqəti dəyişdirilən
və sonradan yenə Milli İncəsənət Muzeyinə
qaytarılan da bu portretdir. Mikayıl Abdullayev tərəfindən
ilk dəfə çəkilib
Üzeyir bəyin özünə bağışlanan
portret isə öz məğrur, amiranə görkəmi ilə o biri portretlərdən fərqlənir
və daim ev-muzeyinin ekspozisiyasını
bəzəyir.
Yuxarıda qeyd etdiyimiz kimi, Musa Xudayarovun çəkdiyi, bu günlərdə yenidən
doğma evinə dönən portret ayrılıqda gözəl
bir sənət əsəri olan çərçivəsi ilə
muzeyimizin ekspozisiyasını
yenidən zənginləşdirdi.
Sentyabrın 18-də ev-muzeyinə bir rəsm əsəri də hədiyyə edildi. Rəsm əsərini müəllif
Yaşar Səmədov
özü haqqında
yazılmış “Rənglərin
simfoniyası” adlı
kitabı ilə birlikdə muzeyə bağışladı. “Qarabağ simfoniyası” adlanan bu rəsm
əsəri qrafika janrındadır. Ağ-qara rənglərlə
çəkilmiş əsərdə
rəssam Üzeyir bəyin surətini mərkəzdə təsvir
etmişdir. Öndə
biz Azərbaycan musiqisinin
simvolu olan tar alətini, onun fonunda isə piano klavişlərini görürük.
Çoxprizmalı bu rəsmdə
müəllif, həmçinin
Qarabağın son 30 ildə
çəkdiyi ağrı-acıları
əks etdirməyə
çalışmışdır. Hədiyyə edilən bu
rəsm özünə
muzeyin dördüncü
ekspozisiya zalında yer almışdır.
Muzeyimizə son günlərdə hədiyyə edilmiş iki eksponat ilə qeydlərimi yekunlaşdırmaq istəyirəm. Bunlardan biri “string art” adlı yeni janrda hazırlanmış portretdir. Tətbiqi incəsənət sahəsinə aid olan bu janrda işləyən rəssamlarımız respublikamızda hələ azdır. Müstəvi üzərində müxtəlif iplərlə, saplarla müəyyən obraz, şəkil yaratmağa gənc rəssamlar yeni başlayırlar. Onlardan biri də Rəcəb İsmayılovdur. Gənc rəssam irihəcmli taxta lövhənin üstünə kiçik mıxlar bərkidərək onların üzərində qara saplarla böyük bəstəkarın portretini yaratmağa müvəffəq olmuşdur. Yaxın günlərdə yeni janrda olan bu sənət əsəri də ev-muzeyinin ekspozisiyasında özünə yer alacaq.
Bəhs etmək istədiyim sonuncu hədiyyə isə həvəskar rəssam Rüzgar Əhmədzadənin abstrakt janrında çəkdiyi irihəcmli əsəridir. “Üzeyir bəy – 136” adlanan, müxtəlif rənglərlə işlənmiş bu rəsmə baxarkən hiss olunur ki, bu rəsmin müəllifi çox gəncdir. O, sanki öz əsərində də Üzeyir bəyin gənc obrazını vermək istəmişdir.
Biz hər iki gənc rəssama muzeyə verdikləri bu töhfələrə görə təşəkkür edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.
Beləliklə, əziz oxucu, siz dahi bəstəkarımızın ev-muzeyinə son zamanlarda daxil olmuş rəsm əsərləri ilə tanış oldunuz. Biz isə sizi yeni eksponatlarımızı əyani olaraq seyr etmək üçün muzeyimizə dəvət edirik.
Gülnarə ƏLƏSGƏROVA
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri
Mədəniyyət.- 2021.- 17
noyabr.- S.7.