Qarabağ – qış möcüzələri diyarı”

 

Şirin miniatür”lərin instalyasiya sərgisi

 

 

 

Port Baku Mall” ticarət mərkəzində Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinə həsr edilən “KarabakhWinter Wonderland” (“Qarabağ – qış möcüzələri diyarı”) adlı nəfis instalyasiya sərgisi açılıb.

 

Layihənin məqsədi Bakı sakinləri və şəhərin qonaqlarını Qarabağ diyarının zəngin mədəniyyəti ilə tanış etmək, eləcə də uşaqlara və böyüklərə Yeni il ərəfəsində xoş əhval-ruhiyyə bəxş etməkdir. Layihənin ideya müəllifi və rəhbəri “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmudovadır.

 

Azərbaycanın tanınmış memarları və istedadlı qənnadı ustaları Şuşa qala divarlarından Ağdam məscidi və Xudafərin körpüsünədək Qarabağdakı mədəni abidələrin, eləcə də Füzuli Beynəlxalq Hava Limanı kimi yeni tikililərin və Bakı şəhərinin diqqətəlayiq yerlərinin “şirin miniatür”lərini ərsəyə gətiriblər.

 

QR kodlar, həmçinin sərgi barədə informasiya böyük ekranda yerləşdirilib. Bu kodlar vasitəsilə həmin abidələrin tarixi və mədəni əhəmiyyəti barədə məlumat əldə etmək mümkündür. Bütün məlumatlar üç dildə “NARGIS” jurnalının saytında təqdim olunur.

 

İnstalyasiyanın hazırlanmasında müxtəlif şirniyyatlardan istifadə olunub. 40-dan çox marsipan fiquru əllə hazırlanıb, 30 zəncəfil evi quraşdırılıb, 100-dən çox zəncəfil ağacı və 5 yeni il ağacı bəzədilib. Evciklərdə işıq yanır, şeytan çarxı fırlanır, şəkərli qar ilə örtülmüş küçələrdə yüzdən çox zəncəfil miniatür adamlar gəzir. Eksponatların rahatlıqla şəklini çəkmək və onları sosial şəbəkələrdə #nargisgingerbreadcity həştəqi ilə paylaşmaq olar.

 

Sərgi 2022-ci il yanvarın 13-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.8.