“Yeddi gözəl”in səhnəsi
Dahi Nizami Gəncəvinin 880 illik yubiley tədbirlərinə, “Nizami Gəncəvi İli”nin layihələrinə biri də əlavə olundu. Məlum olduğu kimi, 15–26 noyabr tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.
Zəngin proqramlı festival çərçivəsində növbəti nümayiş noyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutdu. Dahi şairin “Yeddi gözəl” poeması əsasında böyük bəstəkar Qara Qarayevin yazdığı eyniadlı balet nümayiş olundu.
Zaman-zaman müxtəlif redaksiyalarda təqdim olunan, fabulasında və musiqi dramaturgiyasında əhəmiyyətli dəyişiklik edilmədən hazırda 2 pərdə və 13 şəkildə təqdim edilən balet nümunəsində Əməkdar artistlər Anar Mikayılov (Bəhram şah), Nigar İbrahimova (Gözəllər gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Elmira Süleymanova (Slavyan gözəli), Samir Səmədov (Səməndər), həmçinin balet artistləri Samirə Məmmədova (Hind gözəli), Nigar Əliyeva (Xarəzm gözəli), Yuliya Ferştand (Çin gözəli), Ayan Eyvazova (Məğrib gözəli) iştirak edirdilər.
Məlumat üçün deyək ki, Qara Qarayev yaradıcılığının parlaq nümunələrindən olan “Yeddi gözəl” (1952) baletinin librettosunu “Yeddi gözəl” poemasının motivləri əsasında İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhman yazıb. Səhnə nümunəsinin quruluşçu rejissor və baletmeysteri Pyotr Qusev, məsləhətçi və ayrı-ayrı rəqslərin quruluşçusu Qəmər Almaszadə, rəssamları Ənvər Almaszadə, Fyodr Qusak, dirijoru Kamal Abdullayev olub.
Budəfəki tamaşanın dirijoru Əməkdar artist, beynəlxalq müsabiqələrin laureatı Əyyub Quliyev idi. Hazırkı quruluşun baletmeysteri Estoniyanın Dövlət mükafatı laureatı, professor Vasili Medvedyev, quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının üzvü, professor Dmitri Çerbadji, geyim üzrə rəssamı isə mərhum sənətkar, Azərbaycanın Xalq rəssamı Tahir Tahirov olub.
Əzəmətli ölkənin gənc və güclü hökmdarı Bəhram
şahın ön planda
olduğu birinci pərdənin
ilk şəklində bütün
düşmənlərinə qalib
hökmdarın həyatsevərlik və özünə
inamını görürük. Artıq o,
vaxtını əsas əyləncəsinə – ova həsr edir və günlərin bir
günü ovunu təqib
edərkən təsadüfən bir mağaraya girir.
Mağaranın divarında yeddi əfsanəvi
gözəlin təsvirini görən hökmdar
heyran qalır. Yeddi
gözəl məxluq şəkildən enərək onun ətrafında
dövr etməyə, öz
cazibələri ilə onun diqqətini cəlb
etməyə çalışırlar. Gözəllərin vəd
etdiyi sirli səadət
sonrakı şəkillərdə hökmdarı fərqli macəralara
sövq edir. Bəhram
onları gözdən keçirdikcə ən sirli
və səadət vəd edənin – ağ
geyimli Gözəllər gözəlinin
üzərində dayanır. Bu an o, sanki ağ dumana çevrilir və yox olur. Bəhram şah
dərhal onu və başqa gözəlləri tapmaq ehtirası ilə alışıb-yanmağa başlayır.
Bunun İlahi tərəfindən
işarə olduğunu
təyin edərək
yeddi gözəli tapmağa qərar verir.
Budur, artıq bir neçə il ötüb və biz şəkildən-şəklə 6 gözəlin pərvanə kimi Bəhramın ətrafında dövr etdiyini görürük. Hər biri bir rəng və biçimdə, mənsub olduqları xalqların xüsusiyyətlərində musiqi əsərinin tamamlanmasına ayrıca rəng qatırlar. Lakin Bəhram şah dərk edir ki, yaşıl təbiət, dərin qəlb rahatlığı hələ onun əldə etmək arzusunda olduğu əsl istəyi deyildir. O, ağ geyimli gözəli axtarıb tapmaq üçün altı gözəli tərk edir. Yalnız Gözəllər gözəli onu xoşbəxt edə bilər. Ətrafındakı insanlardan ayrılaraq təklikdə sarayın ağ otağına yollanır. Bu təmizlik və ağlıq içərisində şah tamamilə təkdir, o, gümüşü aynaya diqqətlə baxaraq, onun dərinliyində özünü və gözəli axtarır. Birdən ağ libaslı Şərq gözəli görünür və Bəhramı əsl saflıq və mənəvi rahatlığın sirləri ilə tanış edir.
Beləcə biz artıq sonuncu şəkillərdə ruhən rahatlaşmış Bəhram şahı görürük. O, xoşbəxtdir. Bu zaman biz əvvəl ilə son arasında keçid yaşayırıq və təsvir və xoreoqrafik müşayiətlə yenidən mağaraya “qayıdırıq”. Beləcə, tamaşaçı əsərin ideyasının musiqi və hərəkət dilindəki əsas ifadə vasitəsini özü üçün ayırd etməyə başlayır.
Bunu mükəmməl təsvir və xoreoqrafik elementlərin təsir gücü ilə çatdıran solistlər tamaşaçılara estetik zövq bəxş etdilər. Hər keçiddə artistləri alqışlayan, onların sonrakı pərdə və şəkillərdəki nümayişinə hazırlaşan izləyicilər ikinci pərdənin şəkillərində də bu zövqü ala bildilər. Beləcə, Bəhram şahın müşayiətində sirli aləmə, sehr dolu əfsanənin daxilinə vararaq, onun həqiqətində, bir neçə anlıq da olsa, özlərini yeddi gözəlin, xüsusən də sirli Gözəllər gözəlinin varlığına inandırdılar. Sözsüz ki, bu nəticədə təkrarsız musiqi və usta hərəkətin mükəmməl dialoqunun payı danılmazdır.
Tamaşa sürəkli alqışlarla başa çatdı. Tamaşaçı balet artistlərinin mükəmməl ifası ilə bərabər ölməz müəllifləri və onların yaradıcılıqlarının əsrlərin, onilliklərin sınağından çıxıb, öz ecazkarlığını əvvəlki kimi qorumasını alqışlayırdı.
HƏMİDƏ
Mədəniyyət.- 2021.- 19
noyabr.- S.5.