Nizami irsinin ən yüksək zirvəsi – “İskəndərnamə”

   

Böyük şair və mütəfəkkir Nizami Gəncəviyə dünya şöhrəti qazandıran hikmət xəzinəsi “Xəmsə” “İskəndərnamə” poeması ilə tamamlanır. Bu əsərlə şairin məfkurə və şair təxəyyülü özünün ən yüksək zirvəsinə yüksəlir.

 

Böyük şair illərin yaradıcılıq təcrübəsindən sonra poemanı heç kimdən sifariş almadan, öz arzusu ilə qələmə alıb. Müəllifin 1203-cü ildə bitirdiyi, əruzun mütəqarebe məqsur (məhzuf) bəhrində yazılan “İskəndərnamə” poeması iki hissədən ibarətdir: “Şərəfnamə” (“Şərəf kitabı”, 6835 beyt) və “İqbalnamə” (“Bəxt kitabı”, 3625 beyt). “İqbalnamə”yə “Xirədnamə” (“Ağıl kitabı”) də deyilir.

 

“Şərəfnamə” Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, “İqbalnamə” isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilib. “Şərəfnamə” Abdulla Şaiq, “İqbalnamə” Mikayıl Rzaquluzadə tərəfindən farscadan ana dilimizə tərcümə edilib.

 

Dahi şair poemanı yazarkən qədim dünyanın böyük sərkərdəsi Makedoniyalı İskəndəri əsəri üçün qəhrəman seçir. Haqqında müxtəlif mənbələrdən material toplayır. Onları öz həyat idealına, istək və arzularına uyğun şəkildə işləyir. Nəticədə möhtəşəm bir sənət əsəri yaradır.

 

Əsərdə qəhrəmanın mənşəyinə dair müxtəlif rəvayətlərin təsviri verilir. Mütəxəssislər qeyd edir ki, Nizami İskəndərlə bağlı hadisələri araşdırarkən yunandilli mənbələrdən də yararlanıb. Müəllif “İqbalnamə”də hekayələrin əksərini Rum filosofunun dili ilə çatdırır. Bəzi məlumatları verərkən şaireşitdim” deyə fikrini ifadə edir.

 

Əsərdə İskəndərin doğulması, tərbiyə illəri, hakimiyyətə keçərək ədalətli bir hakim kimi hərəkət etməsi diqqətə çatdırılır. Əsər boyu qəhrəmanın sərkərdə, alim və peyğəmbərliyini əks etdirən müxtəlif hadisələr verilir. Sərkərdəlik fəaliyyəti ilə bağlı olan hadisələr əsərin birinci hissəsində tamamlanır. Şair qəhrəmanını tarixi bir şəxsiyyət, müharibələr aparmış işğalçı fateh kimi deyil, bədii obraz kimi canlandırıb.

 

Poemada məhəbbət səhnələrinin təsvirinə də geniş yer verilir. Mərd, iradəli və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazı diqqəti cəlb edir. Yeni tipli dövlət və onun başçısından, ədalətli quruluşdan söhbət açılır. Şair eyni zamanda qədim Bərdənin zənginlikləri haqqında bəhs edir...

 

Poema ideal cəmiyyət quruluşunun təsviri ilə kulminasiya nöqtəsinə çatır. Sonra qəhrəmanın xəstəliyi və ölümü ilə əlaqəli olaraq oxucuya kədərli səhnələr, təbiət səhnələri təqdim edilir. İskəndərin ölümünü göstərən səhnələr və sonrakı final hissədə filosofların, hətta Nizaminin özünün ölümü təsvir olunur.

 

***

 

“İskəndərnamə” haqqında ilk məlumata Məhəmməd Ovfinin (XIII əsr) “Lübabül-əlbab” təzkirəsində rast gəlinir. O, bu təzkirəni Nizaminin vəfatından sonra yazıb. Bildirib ki, şair bu əsəri ilə İskəndər hekayəsini oxucuların gözündə ayna kimi işıqlandırıb. Dövlətşah Səmərqəndi isə məşhur “Təzkirətüş-şüəra” əsərində “İskəndərnamə” əsərindən ayrıca danışmasa da, Nizami yaradıcılığından bəhs edib. Ə.Cami “Baharıstan” və “Nəfəhatül-üns” əsərlərində Nizami haqqında məlumat verib. Müəllif “Baharıstan”da göstərib ki, Nizaminin əsərlərində şeirə gətirilən dolğunluq, bədiilik və incəlikləri nəinki ayrı-ayrı sənətkarlar, hətta bütün bəşəriyyət də yarada bilməz. O, “Nəfəhatül-üns”də yazır ki, “İskəndərnamə”dəki hadisələrin əksəriyyəti forma cəhətdən əfsanə kimi nəzərə gəlsə də, həqiqətləri izah etmək və tanıtmaq üçün bir vasitədir.

 

Lütfəli bəy Azər “Atəşgədə” əsərində Nizami “Xəmsə”sinə daxil olan poemaları yüksək qiymətləndirib. Katib Çələbi “Kəşf-əl-zünün” əsərində “İskəndərnamə”dən danışarkən yanlış olaraq əsərin “İqbalnamə”, “İskəndərnamə” və “Xirədnamə” adlı üç hissəsinin olduğunu qeyd edib.

 

XIX əsrdən başlayaraq Nizaminin başqa əsərləri ilə yanaşı “İskəndərnamə” poeması da Avropa şərqşünas və tərcüməçilərinin diqqətini çəkib. Məşhur şərqşünas Hammer “İskəndərnamə”dən 100-ə qədər beyti alman dilinə tərcümə edib. Macar şərqşünas V.Baxer Nizaminin həyat və yaradıcılığına aid kitabında (1871) “İskəndərnamə”dən də ətraflı danışıb. C.Darmesteter Şərqdə “İskəndərnamə” rəvayətindən danışarkən Nizaminin əsərinə də istinad edib. Türkoloq G.Yakob əsərdəki “İskəndərin ruslara qarşı hərbi yürüşüepizodunu alman dilinə tərcümə edibbu hissəyə şərh yazıb. K.BusseDünya ədəbiyyatı tarixi” kitabında “İskəndərnamə”ni Nizaminin dördüncü əsəri olduğunu iddia edib. Alman tarixçisi M.Miller öz əsərində “Xəmsə”yə daxil olan digər əsərlərlə birlikdə qısa şəkildə “İskəndərnamə”dən də bəhs edib. Səid Nəfisi “Həkim Nizami Gəncəvi” adlı məqaləsində və “Nizami Gəncəvinin “Divanı” adlı kitabında poemadan ətraflı söz açıb. L.Şpinnagel “İskəndərin ruslarla döyüşüepizodunu nəsrlə fransız dilinə çevirib. Y.BertelsBöyük Azərbaycan şairi Nizami” adlı monoqrafiyasında “İskəndərnamə” poemasının da tədqiqinə yer verib.

 

A.Bakıxanov “Gülüstani-İrəm” əsərində “İskəndərnamə”dəki Nüşabə ilə bağlı dastan-rəvayətin məzmununu nəql edib. M.AxundovŞeyx Nizami” adlı kitabında Nizaminin şahlara münasibəti, “İskəndərnamə”nin yazılma tarixi və beytlərinin miqdarını diqqətə çatdırıb. M.Tərbiyət “Daneşməndani-Azərbaycan” kitabında “İskəndərnamə” əsərinə də yer verib.

 

“İskəndərnamə” poeması yüksək ideya-bədii dəyəri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərib. Ə.X.Dəhləvinin “Ayineyi-İskəndər”, Ə.Caminin “Xirədnameyi-İskəndər”, Ə.Nəvainin “Səddi-İskəndər” və başqa əsərlər Nizami poemasının təsiri ilə yazılan ədəbi nümunələrdəndir.

 

***

 

Müxtəlif dövrlərdə Təbriz, Şiraz, Herat, İsfahan, Yəzd, Buxara və digər şəhərlərdən olan miniatürçü-rəssamlar “İskəndərnamə”nin əlyazma nüsxələrini bəzəyən əsərlər yaradıblar. Bu təsviri sənət nümunələri arasında “İskəndərin Nüşabə ilə görüşməsi”, “İskəndərin Çin xaqanı ilə görüşməsi”, “İskəndərin zəncilərlə döyüşü”, “İskəndər yeddi filosofun əhatəsində”, “İsgəndərin Xızır peyğəmbərlə görüşməsi” və s. mövzularda əsərlər daha məşhur olub.

 

Bundan əlavə, 1949-cu ildə Bakıda ucaldılan Nizami Gəncəvi heykəlinin postamentində quraşdırılmış, Xalq rəssamı Qəzənfər Xalıqovun eskizləri əsasında heykəltəraş A.Xryunov tərəfindən hazırlanmış barelyefdə Makedoniyalı İskəndərin Nüşabə ilə görüş səhnəsi təsvir olunub. 1979-cu ildə SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında Bakı metropolitenininNizami” stansiyasının yeraltı zalında dahi şairin əsərləri əsasında işlənən 18 mozaika pannosundan birində “İskəndərnamə” poemasından “İskəndər və çoban” səhnəsi təsvir edilib.

 

Şairin Gəncə şəhərindəki məqbərəsi ətrafında yerləşən “Xəmsə” bağı”nda ucaldılan, heykəltəraş Qorxmaz Sücəddinov tərəfindən hazırlanan 22 metr hündürlüyü olan çoxfiqurlu heykəldə də mərkəzi fiqur kimi Nizami Gəncəvi, onun ətrafında isə “Xəmsə”nin qəhrəmanları təsvir edilib. Həmin fiqurlardan biri poemanın qəhrəmanı Makedoniyalı İskəndərə aiddir. Bundan əlavə, şairin doğma yurdundakı “Xəmsə” heykəltəraşlıq kompozisiyasında yer alan əsərlərdən biri hündür postament üzərində ucaldılan “Makedoniyalı İskəndər və Nüşabə” heykəlidir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.6.