“Ana, mən ad günümü qeyd etmişəm...”

 

Canlarıyla qaytardıqları torpaqlarımızın qayıtmayan Poladürəkli Vətən oğulları, Allah sizə rəhmət eləsin. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bütöv etdikləri Azərbaycanın yarımçıq qalmış ailələrinin uşaqlarına, ailəsinin bütün məsuliyyəti üzərilərinə düşmüş yoldaşlarına isə deyirəmsizin acınız bizim acımız, yaralarınız isə bizim qəlbimizi göynədən yaralardır. Şükürlər olsun ki, ildönümünü bu günlərdə qeyd etdiyimiz Zəfər Birinci Qarabağ savaşından bu yana bütün şəhidlərimizin ruhunu şad etdi...

 

Bu Zəfəri bizə yaşadanlardan biri şanlı Azərbaycan Ordusunun şəhid leytenantı Şəhriyar Ağamalıyevdir.

 

Şəhriyar Əvəz oğlu Ağamalıyev 28 sentyabr 1989-cu ildə Hacıqabul rayonunda anadan olub. Rayondakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı İslam Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunur. Universiteti bitirsə , ixtisası üzrə işləmək istəmir. Çünki əmilərinin hərbçi olması uşaqlıqdan onda hərb sahəsində maraq oyatmışdı. Bu arzusunu gerçəkləşdirmək üçün 2017-ci ildə sənədlərini hərbi hissəyə təqdim edir kurs keçərək leytenant rütbəsi ilə xidmətə başlayır.

 

Şəhriyargilin ailəsində ilk şəhid əmisi Ağamalıyev Daşqın olub. O, Birinci Qarabağ müharibəsi zamanı 31 yaşında şəhidlik məqamına ucalıb. Daha bir əmisi Coşqun Ağamalıyev hazırda polkovnik rütbəsində hərbi xidmətini davam etdirir. Deməli, Şəhriyarın hərb sahəsini seçməsi onun ailəsindən gələn bağlılıq idi. Onun da taleyi şəhid əmisinin həyat yolunu təkrarlayacaqdı. Şəhriyar da əmisi kimi eyni yaşda, eyni amal uğrunda canından keçəcəkdi...

 

Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərə qatılır. Müharibənin elə ilk günlərində şəhid əmisinin digər şəhidlərimizin qisasını alaraq 10-dan çox düşmən əsgərini məhv edir. Oktyabrın 30-da Tərtərin Suqovuşan qəsəbəsi uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir.

 

Anası Xanım Ağamalıyeva deyir ki, Şəhriyar haqqında gecə-gündüz danışsam da, qurtarmaz: “Çox ağıllı, tərbiyəli uşaq idi. Ata-anasının qayğısına qalırdı. Böyüyə-kiçiyə hörmət edirdi. Sentyabrda 10 günlük məzuniyyətə gəlmişdi. Cəmi 2 gün qaldı evdə. Zəng edib çağırdılar. Özü də sentyabrın 28-i ad günü olacaqdı. Yola salanda dedim ki, Şəhriyar, ad günündə gələcəksən? Dedi ana, heç nə bilmirəm, hələ gedib vəziyyətə baxacam. Ancaq sən heç nə alıb qoyma, hazırlıq görmə. Nə olsa, mən sənə xəbər göndərəcəm. Axrıncı dəfə yola salanda gördüm onu... Ad günündə telefonla əlaqə saxlayıb onu təbrik edəndə dedi ki, ana, mən gəlməyəcəm. Mən ad günümü döyüşdə qeyd etmişəm. 7-8 düşmən əsgəri vurmuşam...”.

 

Şəhriyarın 31-ci doğum günündə doğmaları onun yolunu gözləyərkən o, əzizlərinə Vətən torpaqlarının azadlıq müjdəsini göndərmişdi. Ondan yadigar qalanlar vətənpərvərliyi, qəhrəmanlığı haqqında yazılanlar, məğrur baxışlı fotoları və ən əsası bir oğlu, birüzünü görmədiyi qızıdır.

 

Şəhriyar Ağamalıyev doğulub boya-başa çatdığı Hacıqabul rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bu il sentyabrın 28-də, şəhidin doğum günündə xatirəsinə hazırlanan bulaq-abidənin açılışı olub.

 

Səbinə ƏLİBALAQIZI

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.6.