Pakistan Azərbaycanla mədəni əməkdaşlığı genişləndirmək istəyir

 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin federal təhsil və peşəkar təlim, eyni zamanda milli tarix və ədəbi irs üzrə federal naziri Şafqat Mahmud ilə görüşüb.

 

Səfir ölkələrimiz arasındakı səmimi münasibətlərdən söhbət açıb, elm, təhsil və mədəniyyət sahəsində əlaqələr barədə danışıb. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfərdən bəhs edən diplomat bu dövrdə rəsmi İslamabadın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə Pakistan hökumətinə və xalqına təşəkkür edib.

 

Şafqat Mahmud səfirə fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan torpaqlarının erməni işğalından azad olunması münasibətilə təbriklərini ifadə edib, Pakistanın ölkəmizin haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib. İki ölkə arasındakı yüksəksəviyyəli münasibətlərə toxunan Ş.Mahmud elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində işlərin aparılacağını əminliklə vurğulayıb.

 

Qeyd edək ki, Pakistan-Azərbaycan mədəni əməkdaşlığı kontekstində daha bir tədbir bu günlərdə Lahor şəhərində təşkil edilib. Burada Pakistan Gənclərinin Müdafiə Şəbəkəsi (PGMŞ) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Həm auditoriya, həm də onlayn formatda keçirilən tədbirin açılışında Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirakçıları salamlayıblar. Bu tipli tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin inkişaf etməsində rolu vurğulanıb.

 

Plenar müzakirələrdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli, Pakistan Təhsil Universitetinin müəllimi Cabir Hüseyn, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının sədri Qaisar Nəvab, PGMŞ-nin layihə meneceri Daniş Tariq çıxış edərək Nizami Gəncəvinin əsərlərinin əhəmiyyətindən, eləcə də Nizami və pakistanlı şair Əllamə İqbal poeziyası arasında olan oxşarlıqlardan bəhs ediblər. Tədbirdə Nizami Gəncəvinin qəzəlləri səsləndirilib.

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.3.