Filosoflar ölkəsində Nizami ilə bağlı tədbir

 

Yunanıstanın Epirus regionunun inzibati mərkəzi – Yanina şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və şəhər meriyasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib. Yanina şəhərinin meri Moses Elisaf tədbirdə iştirak edib.

 

Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov şairin həyat və yaradıcılığı, “İskəndərnamə” poemasında bəhs olunan mühüm məqamlar barədə məlumat verib. Tədbirə onlayn qoşulan Yaxın Şərq və İslam araşdırmaları üzrə ekspert Evangelis Venetis dahi şair barədə ətraflı məlumat verib, Nizamini orijinaldan oxuduğunu bildirib. O, Şərqin ən görkəmli filosoflarından biri kimi Nizami Gəncəvinin əsərlərinin xüsusiyyətləri, həmçinin yaradıcılığında Qərb fəlsəfəsi, o cümlədən Sokrat, Aristotel və digər filosoflardan təsirləndiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 

Tədbir çərçivəsində şairin əsərlərinə çəkilən miniatürlərdən ibarət guşə də yaradılıb. İştirakçılar tərəfindən Nizaminin müxtəlif əsərlərində yer almış miniatürlərə böyük maraq göstərilib.

 

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.2.