Əliabbas Qədirovun 75 illiyi
münasibətilə xatirə axşamı
Tanınmış teatr və kino aktyoru, Xalq artisti Əliabbas Qədirovun (1946–2006) 75 illik yubileyi münasibətilə noyabrın 19-da paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Əli Əmirov adına Mədəniyyət sarayında xatirə axşamı keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə incəsənət xadimləri, mərhum sənətkarın ailə üzvləri iştirak edib.
Əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov çıxış edərək Əliabbas Qədirovun həyat və yaradıcılıq yolu haqqında söz açıb.
Kinorejissor, Xalq artisti Oqtay Mirqasımov mərhum sənətkarla bağlı xatirələrini bölüşüb.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov, Əməkdar artist Elxan Qasımov, Əməkdar jurnalist Qafar Əsgərzadə çıxış edərək Əliabbas Qədirovun Azərbaycan teatrı və kinosunda qoyduğu silinməz izdən danışıblar.
Çıxışlardan sonra Xalq artisti Zaur Rzayev, Əməkdar artistlər Elza Seyidcahan, Rəşad İlyasov, eləcə də Nazim Əsgərov, Vətən müharibəsi qazisi Məbud Əhmədov öz musiqi töhfələri ilə yubiley axşamına rəng qatıblar.
Aktyorun oğlu İlham Qədirov iştirakçılara və tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Xatirə axşamı Əliabbas Qədirovun Akademik Milli Dram Teatrında son dəfə
səhnəyə çıxdığı “Mesenat”
(Əli Əmirli) tamaşasının videoyazısından bir parça ilə başa çatıb.
Mədəniyyət.- 2021.- 24
noyabr.- S.5.