Rusiyada yaşayan
azərbaycanlı bəstəkar Asya Sultanova vəfat edib
Azərbaycan musiqi mədəniyyətinə itki üz vermişdir. Rusiyada yaşayan azərbaycanlı bəstəkar, respublikamızın Əməkdar incəsənət xadimi Asya Sultanova 22 noyabr 2021-ci ildə ömrünün 99-cu ilində dünyasını dəyişmişdir.
Asya Baxış qızı Sultanova
16 oktyabr 1923-cü ildə Bakıda anadan olmuşdur.
1942-1944-cü illərdə Azərbaycan Dövlət
Konservatoriyasının Bəstəkarlıq-nəzəriyyə
fakültəsində təhsil almış, daha
sonra təhsilini Moskva
Dövlət Konservatoriyasında V.Şebalinin
sinfində davam etdirmişdir.
A.Sultanova Moskva Konservatoriyasını 1950-ci ildə
E.Qolubevin sinfində bitirmişdir. Bundan sonra Moskvada
yaşayıb fəaliyyət
göstərən həmvətənimiz
Rusiya Bəstəkarlar
İttifaqının üzvü
olmuşdur.
Asya Sultanovanın
yaradıcılığı janr rəngarəngliyi ilə seçilir. O, kamera-instrumental
və vokal əsərlərin, orkestr
əsərlərinin, uşaqlar
üçün mahnıların
və fortepiano pyeslərinin,
teatr və kino musiqisinin müəllifidir. Xüsusilə mahnıları ona şöhrət gətirmişdir.
Yaddaqalan melodiyalara malik bu mahnılar
rus estrada
mahnısı ilə Azərbaycan milli musiqisinin cizgilərini özündə birləşdirərək,
mahnı janrının
inkişafına töhfələr
vermişdir. A.Sultanovanın
mahnılarını bir
sıra məşhur müğənnilər – Tamara Miansarova,
Yuri Qulyayev, Yuri Boqatikov,
İrina Brjevskaya, Vadim Mulerman, həmçinin böyük
müğənnilərimiz Rəşid Behbudov və Müslüm Maqomayev ifa etmişlər.
Onun “Azərbaycan” – səs və orkestr üçün poeması Ümumittifaq Radiosunun fondunda yazıya alınmış
və Rusiyanın müxtəlif konsert səhnələrində səsləndirilmişdir.
A.Sultanovanın yaradıcılığının mühüm hissəsini filmlərə yazdığı
musiqilər təşkil
edir. O, “BAM-dan məktublar”,
“Kazakovun briqadası”,
“Ölkənin gənc
sahibləri”, “Maksimalistlər”,
“Şərq küləkləri”,
“Yaşamaq hüququ”,
“Böyük gələcəyə
yol”, “Duz və çörək”,
“Rəssam Toğrul”,
“Konstantin Simonov”, “Məhəbbətimin tarixi”, “Ulduz şəhərciyində iki
gün” və s. filmlərə musiqi yazmışdır.
Azərbaycandan kənarda yaşasa da, Asya Sultanova
öz Vətəni ilə əlaqəni kəsmir, Bakıya tez-tez gəlirdi. O, Azərbaycan
Bəstəkarlar İttifaqının
da qonağı olur, burada dostları
və yaradıcı həmkarları ilə görüşürdü.
Gözəl insan və bəstəkar
Asya Sultanovanın xatirəsi onu tanıyanların qəlbində
hər zaman yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Bəstəkarlar İttifaqı
Mədəniyyət.- 2021.- 24
noyabr.- S.6.