“Nizami” baleti:
səhnənin bəzəyi, yaxud müəllifin
son nəğməsi
Sənət yubileyləri, təntənəli ildönümləri həm də, bəlkə də ilk növbədə, ona görə qiymətlidir ki, bəzən haqsız olaraq unudulmuş gözəl əsərlər yenidən üzə çıxsın, zövqləri oxşasın, yenidən mənsub olduğu xalqın mənəvi sərvətinə çevrilsin.
Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı pandemiyanın doğurduğu ilyarımlıq məcburi susqunluqdan sonra ilk premyerasını təqdim etdi. İllər sonra səhnəyə qayıdan Fikrət Əmirovun “Nizami” baleti ölkə başçısının sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli”nə ən yaxşı töhfələrdən biri oldu.
Bu yerdə kiçik bir haşiyə çıxaq ki, Azərbaycan musiqili teatr sənətində Əfrasiyab Bədəlbəylinin “Nizami” operası da var. Üstəlik, indi yaşına görə bu operanı səhnədə nə vaxt seyr etdiyini xatırlayanlar belə azdır. Bu səbəbdən dahi şairin baş qəhrəman olduğu əsəri səhnədə görmək istəyənlər az deyil. Sənət planları barədə əsl “partizan” kimi susmağa üstünlük verən Opera və Balet Teatrından belə bir sürprizi gözləməkdə israrlıyıq...
Arzu dolu haşiyədən əsas mövzumuza qayıdaraq qeyd edək ki, “Nizami” görkəmli bəstəkar Fikrət Əmirovun sayca beşinci (“Şur”, “Nəsimi dastanı”, “Xəzəri fəth edənlər” və “Min bir gecə”dən sonra) və son baletidir. Əsərin klaviri 1984-cü ilin yanvarında tamamlanıb, həmin ilin fevral ayında isə bəstəkar vəfat edib.
“Nizami” baleti ilk dəfə 1991-ci ildə tamaşaya qoyulub. Ya quruluşun, ya librettonun hər hansı qüsurları üzündən, yaxud həmin dövrün ictimai-sosial mühitindəki çaşqınlıq və mədəni-mənəvi meyarlarındakı natarazlıq səbəbindən həmin tamaşa uzunömürlü olmayıb. Baletin yeni librettosu (müəllif – Əjdər Ulduz) bəstəkar musiqisinin geniş və dərin məzmununa əsaslanaraq baş qəhrəmanı şəxsi həyatı kontekstindən çıxararaq, dövrünün hökmdarları ilə bərabər səviyyədə ünsiyyət quran nüfuz sahibi, yaratdığı qəhrəmanlarla ixtilat edən böyük şair kimi təqdim edir. Nizami Gəncəvi tarixi şəxsiyyət və şair olaraq maraqlı və zəmanədaşlarından xeyli fərqli ömür yaşamışdı və onun şəxsi həyatı böyük bir əsərin əsas mövzusu ola bilər; bununla belə, Nizaminin sözün hər mənasında, bizə yadigar qoyduğu nəhəng irs daha maraqlıdır.
Beləliklə, ötən şənbə günü klassik musiqisevərlərimiz çox maraqlı bir səhnə əsəri ilə qarşılaşdılar. Tamaşanın musiqi rəhbəri və dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu baletmeyster, Xalq artisti Kamilla Hüseynova ilə libretto müəllifi Əjdər Ulduz üçlüyünün budəfəki iş birliyi əvvəlkilərdən də uğurlu alındı desək, heç yanılmarıq.
Üçlük demişkən, elə baletin süjeti də xoreoqrafik triptix kimi düşünülüb: böyük şairin həyatının üç məqamı ikipərdəlik balet tamaşasında əks olunur. Birinci məqam: şair və hakimiyyət, ikinci məqam: şair və məhəbbət, üçüncü məqam: şair və ilham pərisi.
Pərdə açılanda tamaşaçı ağsaçlı şairi – yaşadığı həyatın ağrı-acısının kədəri gözlərinə çökmüş, “bu dünyadə hər yenilik mənə tanış gəlir” ifadəsi üzündən oxunan ahıl insanı (Xalq artisti Gülağası Mirzəyev) görür. Şairin qarşısındakı rəhilin üstündəki açıq kitabı həm yaşanmış ömrün salnaməsi, həm də güclü ilham, dərin düşüncə və böyük istedadın qovuşuğundan doğulan əsərlərin qorunduğu xəzinə kimi də qavramaq olar. Şair düşünür, onun əbədi həyat qazandırdığı qəhrəmanlar gözünün qarşısından keçib gedir. Səhnə dəyişincə gənc Nizami (Anar Mikayılov) qoca Şairin xatirələrindən sıyrılıb çıxır. Əgər qoca Şair öz qəhrəmanlarının taleyini kənardan seyr edirsə, gənc Şair onların arasındadır: “Sirlər xəzinəsi”ndən, “Xosrov və Şirin”dən, “Yeddi gözəl”dən, “Leyli və Məcnun”dan, “İskəndərnamə”dən olan qəhrəmanlar, onların başlarına gələn əhvalatlar müəllifin gözləri qarşısında cərəyan edir, tamaşaçılar da rəqsin və musiqinin dili ilə bəhs edilən söz abidələrini sanki yenidən ziyarət etmiş olurlar.
Bu tamaşada kiçik də olsa, solo partiyaları ifa edən Əməkdar artistlər Nigar İbrahimova (Afaq), Samir Səmədov (Əjdaha), Elmira Süleymanova (Tovuzquşu), beynəlxalq müsabiqə laureatları Ayan Eyvazova (Şahin quşu), Timur Oduşev (Fərhad), eləcə də Edvard Arazov (Xosrov), Fatimə Xələfova (Şirin), Dinara Şirinova (Leyli) və digərləri musiqinin yaratdığı imkanlardan bəhrələnərək quruluşdan gələn ifa tələblərini mükəmməl yerinə yetirirdilər. Bununla belə, iki qəhrəmanın – İskəndər (Əməkdar artist Makar Ferştandt) və Nüşabənin (Əməkdar artist Cəmilə Kərimova) duetini xüsusi vurğulamaq lazımdır. Onların çox ilhamlı, yüksək dinamikalı çıxışı dəfələrlə alqışlarla qarşılandı. Musiqidəki cəsarət və hünər notları, musiqini tamamlayan xoreoqrafik həll, üstəlik, duet ortaqlarının hərəkətlərin ifadəliyi və sürəti baxımından bir-birini tamamlaması belə uğurlu çıxışın yaranmasına səbəb olur.
Tamaşanın baş qəhrəmanı Nizami obrazını iki artist – Gülağası Mirzəyev və Anar Mikayılov ifa edirlər. Əgər təcrübəli səhnə ustası Gülağası Mirzəyev qoca Şairi gərəkən qədər müdrik və təmkinli təqdim edirdisə, Anar Mikayılov öz Nizamisini çılğın, qəhrəmanlarının taleyini onlarla birgə yaşayan gənc və böyük istedad sahibi kimi göstərdi. Lakin hər iki ifaçının yaratdığı obrazda yaş fərqinə baxmayan bir eynilik var idi: müdriklik, hökmdar qarşısında belə özünün söz hökmünə tabe olduğunu unutmamaq.
“Nizami” baletinin yaradıcı heyətindən bəhs edərkən iki nəfərin əməyini unutmaq olmaz. Əməkdar artist, gözəl sopranomuz Afaq Abbasovanın tamaşada səhnə arxasında ifa etdiyi vokaliz tamaşanın ruhuna bir özəllik bəxş edirdi. Quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi Tehran Babayevin tamaşaya verdiyi lakonik quruluş, daha çox səhnə rampasını əhatə edən pərdələrdən uğurla istifadəsi də diqqətimizi çəkdi. Nizami əsərlərinə illüstrasiyaların çəkildiyi pərdələr səhnənin bütün dekorunu tamamlayırdı: dekorun yan pərdələrdə vurğulanması həm də şüuraltına belə bir ismarış ötürür: “Xəmsə” bizim matrisamızdır, hər nə varsa, ondan kənarda olmayıb, onun dərinliyindədir.
Azərbaycan simfonik musiqisini araşdıranlar yəqin ki, doğru dediyimizi təsdiqləyərlər: Fikrət Əmirov öz əsərlərinin üstündə bezikmədən işləməyi sevən və əsərlərini incəliklə redaktə etməyi bacaran bəstəkarlardan olub. Yəqin ki, ömür vəfa etsəydi, o, “Nizami” baletinin üzərində də müəyyən qədər çalışardı, onun musiqi kanvasını bir qədər də cilalayardı. Əsərin musiqi redaktəsi üzərində mərhum bəstəkar, Xalq artisti Musa Mirzəyev müəllifin dəst-xəttinə toxunmadan çalışıb.
Bu yerdə onu da xatırladaq ki, bəstəkarın “Nizami” adlı simfoniyası da var. Həmin simfoniya şairin 840 illik yubileyinə həsr olunmuşdu və balet ilə heç bir oxşarlığı olmayan gözəl və sanballı, irihəcmli musiqi əsəridir.
Yazımızın əvvəlində qeyd etmişdik ki, Fikrət Əmirov beş baletin müəllifidir. Onun ən məşhur baleti “Min bir gecə” baleti çoxdandır ki, dünya səhnələrində öz ömrünü yaşayır. Yenidən akademik teatrımızın repertuarına daxil olmuş “Nizami” baletinə də “Min bir gecə”nin səhnə taleyini arzulayırıq. Ən azından, “Nizami” baleti “Min bir gecə” qədər sevilməyə və baxılmağa layiq əsər olduğunu sübuta yetirdi...
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2021.- 24 noyabr.- S.5.