Nizami əsərlərinə çəkilmiş
miniatürlərin sərgisi
Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində daha bir tədbir Azərbaycan Milli Kitabxanasında keçirildi. Noyabrın 20-də kitabxanada Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açıldı. Sərgi Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək ölkəmizdə Nizami Gəncəviyə həsr edilmiş tədbirlərdən və rəhbəri olduğu qurumun bu istiqamətdə fəaliyyətindən söz açdı. Diqqətə çatdırdı ki, “Nizami Gəncəvi İli” çərçivəsində Milli Kitabxanada da silsilə tədbirlər təşkil olunub: “Biz dahi şairin xarici ölkələrdə saxlanılan bir çox əlyazmalarını Milli Kitabxanaya gətirmişik. Ümid edirəm ki, həmin əlyazmalar tədqiq edildikdən sonra Nizami irsi daha da dərindən öyrəniləcək”.
Direktor sərgidə təqdim edilən miniatürlərin ilk dəfə nümayiş olunduğunu da vurğuladı.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxış edərək Nizami Gəncəvi yaradıcılığından, əsərlərinə çəkilən miniatürlərdən söz açdı. Qeyd etdi ki, Orta əsr Azərbaycan rəssamları dünya incəsənəti xəzinəsinə daxil olan bir sıra dəyərli əsərlər yaradıb. Həmin dövrlərdə Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandıran məhz miniatür sənəti olub. Əsasən illüstrasiya kimi formalaşan Azərbaycan miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əlaqədə inkişaf edib. Nizami irsi də Azərbaycan miniatür sənəti üçün tükənməz mənbə olub.
Sərginin əhəmiyyətini yüksək qiymətləndirən şöbə müdiri əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Xalq rəssamları Arif Hüseynov və Sirus Mirzəzadə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlərdən danışdılar və sərgi ilə bağlı fikirlərini bölüşdülər.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 24
noyabr.- S.3.