Gəncə kuklaçılarından Nizami festivalına töhfə

 

 

Nizami Gəncəvi Beynəlxalq Festivalı Bakıda və şairin doğma yurdu Gəncədə müxtəlif yaradıcılıq layihələri ilə davam edir.

Noyabrın 19-da Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrı Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından məşhur “Xeyir və Şər” əhvalatı əsasında eyniadlı tamaşa təqdim edib.

Tamaşanın nümayişindən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra dahi şairin humanist ideallarının əks olunduğuXeyir və Şər” tamaşası nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Əntiqə Bədirovadır. Tamaşada Nizami Gəncəvi rolunda Əməkdar artist Xudayət Əsgərov çıxış edib. Məhəmməd Hacıyev (Xeyir), Şamil Məmmədli (Şər) və başqalarının rol aldığı tamaşa maraqla qarşılanıb.

Xatırladaq ki, dahi mütəfəkkirin 880 illiyinə həsr olunan, 15-26 noyabr tarixini əhatə edən Nizami Gəncəvi Beynəlxalq Festivalı Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilir.

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.4.