Romada Nizami Gəncəvinin
880 illik yubileyi
2021-ci ilin “Nizami Gəncəvi
İli” elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin sərəncamına
əsasən keçirilən
tədbirlər çərçivəsində
Heydər Əliyev Fondunun və ölkəmizin İtaliyadakı
səfirliyinin təşkilatçılığı
ilə Romanın
“Villa Borghese” parkında dahi
Azərbaycan şairi və mütəfəkkirinin
880 illik yubileyi qeyd olunub.
Xatırladaq ki, 2012-ci ildə “Villa
Borghese” parkında Heydər
Əliyev Fondunun dəstəyi ilə Nizaminin abidəsi ucaldılıb. Abidə Azərbaycanla İtaliya
arasında mədəniyyət
sahəsində intensiv
əməkdaşlıq da
daxil olmaqla sıx dostluq əlaqələrinin təcəssümüdür.
Yubiley tədbirinin
iştirakçıları Nizaminin abidəsini ziyarət ediblər.
Sonra
“Villa Borghese” parkında yerləşən
“Casa del Cinema” kinoteatrında
bədii-musiqili tədbir
keçirilib. Tədbirə
Roma Şəhər Meriyasının
Mədəniyyət İdarəsi,
“Casa del Cinema” kino evi,
habelə “Zetema Progetto Cultura”, “Villa
Borghese”, “Luce Cinecittà”, “Rai Cinema”, “01 Rai Cinema SpA” kimi mədəniyyət
qurumları da təşkilati dəstək
göstərib.
Azərbaycanın İtaliyadakı səfiri
Məmməd Əhmədzadə,
“Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti və
türkoloq, islamşünaslıq
elmləri doktoru Federiko De Renzi çıxış ediblər.
Natiqlər dünya şöhrətli
mütəfəkkir Nizami
Gəncəvinin irsindən
bəhs edərək onun XII əsrdə aparıcı mədəniyyət
mərkəzlərindən olan Azərbaycanın Gəncə şəhərində
yaşayıb-yaratdığını, Şərqin fəlsəfi-ictimai
və bədii-estetik düşüncə tarixini
zənginləşdirən ecazkar söz sənəti inciləri ərsəyə gətirdiyini
vurğulayıblar. Bildirilib ki,
Nizami Gəncəvinin
“Xəmsə”si dünya
poetik-fəlsəfi fikrinin
zirvəsində dayanır.
Mütəfəkkir şairin çox
sayda davamçılarından
ibarət böyük
bir ədəbi məktəbin bünövrəsini
qoyduğu, Nizami Gəncəvinin əsərlərinin
dünyanın məşhur
kitabxana və muzeylərini bəzədiyi
və Şərq miniatür sənətinin
inkişafına təkan
verdiyi diqqətə çatdırılıb.
Çıxışlarda Gəncədən bəhs
edilərkən ötən
ilin payızında Vətən müharibəsi
zamanı Ermənistan
silahlı qüvvələrinin
şəhərdə yaşayış
məntəqələrində böyük dağıntılara
və çoxsaylı
mülki əhalinin tələfatına səbəb
olan dəhşətli
hücumları da xatırlanıb.
Tədbirdə “Sandro Teti Editore”
tərəfindən nəşr
olunmuş şərqşünas-alim
Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (“Il Grande Poeta
Azerbaigiano Nizami Ganjavi”) kitabının italyan dilinə ilk akademik tərcüməsi
də təqdim olunub.
Yubiley tədbiri
Nizami Gəncəvinin
“Yeddi gözəl” poemasının motivləri
əsasında 1982-ci ildə
“Azərbaycanfilm” Kinostudiyası
tərəfindən çəkilmiş,
musiqisi Qara Qarayevə məxsus “Yeddi gözəl” film-baletinin nümayişi ilə davam edib. Nizami Gəncəvinin məşhur
poemasının möhtəşəm
musiqi dili və valehedici balet səhnələri ilə təqdimatı tədbir iştirakçılarının
böyük marağına
səbəb olub.
Tədbir İtaliya kütləvi informasiya vasitələrinin
də diqqət mərkəzində olub. Səfir Məmməd
Əhmədzadə tədbirə
qatılan media nümayəndələrinə
müsahibələr verib.
Diplomat dahi Azərbaycan
şairinin yubiley tədbirinin əhəmiyyəti
barədə danışmaqla
yanaşı, 8 noyabrda
Zəfər Günü
münasibətilə Romada
keçirilmiş “Azərbaycanın
mədəniyyət paytaxtı
Şuşa” tədbirinin
əhəmiyyəti haqqında
söz açıb.
Nizami Gəncəvinin
yubiley tədbiri haqqında reportajlar, dahi şairin irsinə dair məqalələr, səfir
M.Əhmədzadənin müsahibələri
yerli televiziya, xəbər agentlikləri,
qəzetlər və portallarda yayılıb.
Mədəniyyət.- 2021.- 26
noyabr.- S.8.