“Yeddi
gözəl” poeması ispan dilində
yenidən çapdan çıxıb
“Nizami Gəncəvi İli” çərçivəsində dahi Azərbaycan şairinin “Yeddi gözəl” poeması İspaniyada işıq üzü görüb.
Qeyd edək ki, “Yeddi gözəl” poeması ilk dəfə Madriddə 2000-ci ildə, lakin Nizami Gəncəvini ispandilli oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən ön sözlə nəşr olunmuşdu. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində yeni nəşrdə müəllifinin dahi Azərbaycan şairi olduğu ətraflı ön sözü ilə diqqətə çatdırılır.
Madridin “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi Karmen Linares, ön sözünün müəllifi görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.
Orijinal illüstrasiyalarla nəfis tərtibatda çap edilmiş kitab Madridin mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə veriləcək, həmçinin yerli elmi-ədəbi ictimaiyyətə təqdim olunacaq.
Mədəniyyət.- 2021.- 26 noyabr.- S.8.