“Mədəniyyətlərin dialoqu”
Belqradda Nizamiyə həsr olunmuş ədəbi-bədii
gecə
Serbiyanın paytaxtı Belqradda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən tədbir Belqraddakı Milli Muzeydə baş tutub.
“Mədəniyyətlərin dialoqu. Nizami Gəncəvinin 880 illiyi” adlı ədəbi-bədii gecədə qüdrətli söz ustadının qəzəlləri Azərbaycan və serb dillərində səsləndirilib. Şeirləri serb dilinə Vera Xorvat tərcümə edib.
Bədii hissədə çıxış edən Jasmina Trumbetaş (soprano), Zərifə Əlizadə (piano), Mina Ristic Jonic (piano), İsidora Marjanovic (skripka) Azərbaycan, serb və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Eldar Mansurovun əsərləri tamaşaçılarda böyük maraq doğurub.
Tədbir çərçivəsində rəssam Yevgenija Türkoğlunun (Azərbaycan) sərgisi təşkil edilib.
Qeyd edək ki, ədəbi-bədii gecədə Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, diplomatik korpusun, “Azvirt” şirkətinin, Türkiyənin Yunus Əmrə İnstitutunun Belqraddakı mərkəzinin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mədəniyyət.- 2021.- 26 noyabr.- S.8.