“Dubay Ekspo”da Azərbaycan pavilyonuna böyük maraq var
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Düşüncələri birləşdirək,
daha yaxşı gələcək quraq”
(Connecting Minds, Creating the Future) mövzusunda
Dünya Sərgisi – “Dubay Ekspo-2020” oktyabrın
1-dən fəaliyyətə başlayıb.
Ötən il açılması nəzərdə
tutulan, lakin pandemiya səbəbindən
bu ilə ertələnən sərgidə
190 ölkə təmsil
olunur. Sərgi 2022-ci il martın
31-nə qədər davam
edəcək. Ərazi baxımından
“Dubay Ekspo” bu günə qədər təşkil olunan ən böyük sərgidir.
400 hektardan çox ərazisi olan sərgi tematik olaraq 3 hissəyə bölünür: davamlılıq,
mobillik və imkan.
Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin
toxumları” mövzusu
ilə çıxış
edir. “Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır”
konsepsiyasını özündə
əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın
tarixi, coğrafiyası,
mədəniyyəti, müasir
incəsənəti və
digər mövzularda videoçarxlar təqdim edilir. Həmçinin burada Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi
və sosial sahələrdə davamlı
inkişaf və innovasiyalar, 44 günlük
Vətən müharibəsi
nəticəsində işğaldan
azad olunmuş torpaqlarımızda aparılan
quruculuq işləri haqqında məlumat verilir. Üçmərtəbəli,
ağac və onun budaqları formasını xatırladan
pavilyonun konsepsiyası
təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə
nail olmaq mümkündür.
Pavilyonda Azərbaycan mədəniyyətinə
və tarixinə aid ekspozisiya, heykəltəraş
Elvin Nəbizadənin “Kövrək
saz” instalyasiyası, Leyla Əliyevanın “Ürək” heykəltəraşlıq
əsəri, Faiq Əhmədin xalça motivlərində instalyasiyası
da təqdim edilir.
Landşaftı Azərbaycan və digər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri ilə bəzədilən milli pavilyona “Ekspo-2020”nin iştirakçıları böyük maraq göstərirlər. Pavilyonun səhnəsində konsertlər və müxtəlif mədəni proqramlar təşkil edilir.
“Dubay Ekspo-2020”də Türkiyə pavilyonunun açılışında iştirak edən qardaş ölkənin ticarət naziri Mehmet Muş başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan pavilyonunu ziyarət edib. Türkiyənin nümayəndə heyətini ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov qarşılayıb. Türkiyəli nazirə Azərbaycan pavilyonunun konsepsiyası haqqında ətraflı məlumat verilib.
Nazir Mehmet Muş Azərbaycan pavilyonunda ziyarətçi axını ilə bağlı məmnunluğunu ifadə edib və pavilyonun təşkilatçılarını təbrik edib.
Mədəniyyət.- 2021.- 26 noyabr.- S.8.