Zəfərimizin qəhrəmanlarından – şəhid Samir Hüseynov

 

 

Samir Əlizadə oğlu Hüseynov Vətəninə, doğma yurduna sonsuz məhəbbətlə vurğun idi. Əsarətdə olan Vətən torpaqlarını azad görmək onun böyük arzusu idi. İkinci Qarabağ müharibəsində qanı bahasına ana torpağının şərəfini uca tutan Samir 26 yaşında şəhidlik zirvəsinə ucalmaqla ürəyinin istəyinə qovuşur...

Lerik rayonunun Vov kəndində yurd salan Hüseynovların el-obada böyük hörməti vardır. Əzəldən bu ocağın ərənləri olubdur. 1994-cü il 15 noyabrda dünyaya gəlmiş Samir Hüseynov da ailə ənənəsinə sadiq boy atır. Haqqa tapınmaq, halallıq, qurub-yaratmaq eşqi getdiyi yolda onu izləyir. 2013-cü ildə Milli Ordu sıralarına yola düşür. Yurd məhəbbəti Vətənə ləyaqətli xidmətdə də özünü göstərir.

Samir həqiqi hərbi xidməti başa vurandan sonra bir müddət halal zəhmətdən yapışır. Ötüb keçən hər gün ömrünə yadda qalan işlərlə iz salır. Amma torpaqlarımızın düşmən tapdağı altında qalması, Qarabağda baş verən qanlı hadisələr onu ciddi düşündürür, narahat edirdi. 2016-cı ildə yenidən hərbi xidmətə qayıdır. 2020-ci ilin Vətən müharibəsi başlayanda o da xüsusi təyinatlı kəşfiyyatçı kimi döyüş meydanına girir. Zəngilan, Füzuli, Qubadlı, Xocavənd, Cəbrayıl, Şuşa istiqamətlərində düşməndən intiqam almaq hissi ilə vuruşur. Şuşada, şanlı Zəfərimizə saatlar qalmış şəhidlik zirvəsinə ucalır. Bu şərəfli ölüm Samirə əbədi bir həyat qazandırır. Azərbaycan var olduqca, Samir kimi igid Vətən övladlarının adı ləyaqət, sədaqət, etibar rəmzi olaraq el-obaya başıucalığı gətirəcək.

Samir Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olmasına görə medallarla təltif edilib.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.6.