Bəhram Gurdan
Üzeyir Hacıbəyliyə və
Bülbülədək uzun sənət yolu
Bu il oktyabrın 16-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla təltif olunanlar arasında qocaman heykəltəraş, rəssam Aslan Rüstəmov da var. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Aslan Mahmud oğlu Rüstəmova “Əməkdar rəssam” fəxri adı verilib. Sənətkar ömrünün 89-cu ilini yaşayır.
Aslan Rüstəmov 23 sentyabr 1932-ci ildə Bakıda anadan olub. Həmin vaxt valideynləri cəmi bir neçə il idi Nuxadan (indiki Şəki) Bakıya köçmüşdülər. O, 1948-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Sonra Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsilini davam etdirib.
1960-cı ildə Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin son kurs tələbəsi Aslan Rüstəmov, SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alan Albert Mustafayev və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücəddinov Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında “Bəhram Gur əjdahanı öldürür” adlı bir fontan-kompozisiyası hazırlayıb Bakıda keçirilən müsabiqəyə təqdim etmişdilər.
Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənmiş, onu bürüncdən tökdürərək Bakının ən görməli yerlərindən birində ucaltdırmışdı. Tezliklə bu heykəl Bakının simvollarından birinə çevrildi.
Yeri gəlmişkən, əlavə edək ki, fontan-kompozisiyanın üç həmmüəllifindən biri olan Qorxmaz Sücəddinov (Əskərbəyli) 2010-cu ildə haqq dünyasına qovuşub. Digər həmmüəllif və əsərin ideya müəllifi Albert Mustafayev isə bu il 90 yaşını qeyd edib və “Nizami ili” Aslan Rüstəmov kimi onun üçün də uğurlu olub – o, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Bəhram Gurun heykəlindən sonra Aslan Rüstəmov bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin Moskva və Leninqrad zərbxanalarında tökülmüş 24 müxtəlif xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifi oldu. 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilədək iki fərdi yaradıcılıq sərgisi keçirilib.
Aslan Rüstəmovun yaradıcılıq fəaliyyəti Bəhram Gurdan Üzeyir Hacıbəyliyə və Bülbülədək uzun – 61 illik, şərəfli yol keçib, yaşının bu çağında yenə davam edir. 2020-ci ildə Xalq artisti Vasif Adıgözəlovun Bakıda vaxtilə yaşadığı evin divarında Aslan Rüstəmov tərəfindən hazırlanmış xatirə barelyefinin təntənəli açılışı olub. Bu il Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Üzeyir Hacıbəylinin heykəlini də Aslan Rüstəmov oğlu Mahmud Rüstəmovla birlikdə hazırlayıb. Aslan Rüstəmov eyni tarixdə Şuşada bərpadan sonra açılışı olmuş Bülbülün Ev-Muzeyinin həyətində sənətkarın yeni qoyulmuş büstünün də müəllifidir. Aslan Rüstəmovun oğulları Teymur və Mahmud Rüstəmovlar da atalarının peşəsini davam etdirirlər. Teymur Rüstəmov 2012-ci ildə Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2017–2021-ci illərdə Tacikistanda yaşayıb və orada yaradıcı fəaliyyətlə məşğul olub. 2021-ci ildə Tacikistan Rəssamlıq Akademiyasının üzvü seçilib. 2021-ci ildən isə Qırğızıstanın paytaxtı Bişkekdə yaşayır.
Aydın MƏMMƏDOV
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı
Mədəniyyət.- 2021.- 26 noyabr.- S.7.