“Nizami Gəncəvi:
müasir dünyaya
baxış”
Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu növbəti – üçüncü panel iclasla öz işini davam etdirdi. “Nizami Gəncəvi: müasir dünyaya baxış” mövzusuna həsr olunan panelə Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma Ratiani moderatorluq edirdi.
Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Ömer Küçükmehmetoğlu “Nizami Gəncəvi haqqında Türkiyədə yazılan dissertasiya işləri” mövzusunda məruzə etdi. O, XX yüzillikdən bəri Türkiyədə dahi Azərbaycan şairinin irsi ilə bağlı elmi tədqiqat işləri aparıldığı, monoqrafiya və kitabların yazıldığını dedi.
“Nizami Gəncəvi və qlobal düşüncə üsulunun yaranması” mövzusunda çıxış edən Rusiya Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçilik Akademiyasının professoru Nizami Məmmədov diqqətə çatdırdı ki, dahi şairin yaradıcılığı əvvəlcə Orta Şərq, sonradan isə Avropa xalqlarının ədəbiyyatına təsir edib. Nizaminin Avropaya təsiri XVII əsrdən başlayır. Nizami öz idealları ilə İslam dünyasını birləşdirib. Onun ideallarında gələcəyə istiqamətlənən sətiraltı mənalar çoxdur.
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) Baş katibi, professor Mahmut Erol Kılıç “Nizami simvolları müasir insanlara nə deyir?” mövzusu üzrə çıxışında qeyd etdi ki, biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməliyik. Çünki insanlar Nizami Gəncəvi dəyərlərini bilsə, tolerant bir cəmiyyət qurar.
Daha sonra Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun professoru Gaga Lomidzenin moderatorluğu ilə panel iclasın ikinci hissəsi davam etdi.
İclasda Daşkənd Dövlət Universitetinin Özbək dili və ədəbiyyatı kafedrasının müdiri Nurboy Cabbarov “Nizami Gəncəvinin “Xəmsə” yaradıcılıq konsepsiyasının bədii təfsiri”, həmin universitetin professoru Nigina Şerməhəmmədova “Nizami yaradıcılığında humanizm”, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Nizami və çağdaş türk dövlətçiliyi”, Azərbaycan Yazıçılar Birliyinin müşaviri Sayman Aruz “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm və bəşəri dəyərlər”, Albaniya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin rəhbəri Entelo Muço “Nizami yaradıcılığı və Albaniya” mövzularında çıxış etdilər.
Məruzələrdə diqqətə çatdırıldı ki, Şərq və Azərbaycan İntibahının XII əsrdə ən humanist nümayəndələrindən olan Nizami Gəncəvinin yaradıcılığı multikulturalizm və tolerantlıq elementləri ilə zəngindir. Böyük şair irqindən, milli və dini mənsubluğundan asılı olmayaraq insana çox yüksək dəyər verib. Dahi Nizaminin əsərlərində türk, rus, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlinir.
Məruzələrdən sonra diskussiyalarla davam edən panel iclas iş gününü yekunlaşdırdı.
Qeyd edək ki, “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu noyabrın 26-da iki panel iclasla başa çatacaq.
L.AZƏRİ
Mədəniyyət.- 2021.- 26 noyabr.- S.1;2.