Ağ damların
qaraltısı
Yaxud itən izin ardınca
Bu səfəri çoxdan gözləyirdim. Hər dəfə də təsəvvürümü işə salıb, xəyalən oralara azı min dəfə gedib-gəlirdim...
Bu günlərdə telefonuma Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovdan zəng gəldi. Ağdam Dövlət Dram Teatrı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində ora səfər edib, tamaşa nümayiş etdirəcəklərini dedi. Düzü, bu, o qədər də diqqətimi cəlb etmədi və uğurlar arzulayıb sağollaşanda “Tamaşadan sonra da işğaldan azad olunmuş torpaqlara – Ağdama səfər edəcəyik” dedi. Sevincimdən Allah bilir, göyün neçənci qatına qalxdım...
Bayatı kimi həzin
Bakıdan günəşin parça-parça buludlar arasından boylandığı vaxtda – sübh tezdən çıxdıq. Yol uzunu həyəcanla ətrafa boylanır, rayonları, kənd və qəsəbələri ötdükcə ürəyimin daha bərk döyündüyünü hiss edirdim. Elə bil günəş də mənim kimi sevincək idi. İnadla buludları yarır, daha gur parıldamağa çalışırdı. Yol boyu vətənpərvərlik, Zəfər ruhlu şüarları, yanımızdan şütüyən hərbi təyinatlı nəqliyyat vasitələrini gördükcə adamın ruhuna qəribə bir rahatlıq çökürdü. Ən yaxın tarixə boylanıb, xalq olaraq keçirdiyimiz hissləri, həyəcan və sevincləri xatırlayır, o günlərin qəhrəmanlarını, tanıyıb-tanımadığım fədakarlarını dönə-dönə minnətdarlıq və ehtiramla yad edirdim.
Budur, yol bitdi və biz müvəqqəti olaraq rayonun Quzanlı qəsəbəsində yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının binası (Mədəniyyət Sarayı) qarşısında dayandıq.
Teatr, tamaşa sorağına bizdən öncə toplaşan yerli sənətsevərlər artıq burada idilər. Kimisi qonaqları müşahidə edir, kimisi də tamaşa salonunda yerini tutub, nəzərlərini səhnəyə dikib gözləyirdi.
Düzü, bu qədər qələbəliyi,
çöldəki günəşin bəxş etdiyi istiliyi
qoyub nisbətən soyuq tamaşa salonunda həvəslə
toplaşan teatrsevərləri ürəyimdə
alqışladım. Böyük salon tamamən dolmuşdu. Hiss olunur, onlar da teatr
üçün darıxıblar. Bu, bir az
da başqa, qonaq, fərqli oyun-üslublara tamaşa etmək
istəyindən irəli gəlirdi.
Tamaşadan öncə səhnəyə hər iki
teatrın direktoru qalxdı. Qonaqlara xoş gəldiniz deyən
Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd
Hüseynov onları Qarabağ torpağında görməkdən
məmnun olduqlarını dedi.
Sonra torpaqlarımızın azadlığı
uğrunda canından keçən Vətən oğulları
ehtiramla yad edildi, Ali Baş Komandanın rəhbərliyi ilə
bizə tarixi Zəfəri yaşadan müzəffər Ordumuza
minnətdarlıq ifadə olundu.
Teatr rəhbəri sənət ocaqlarının
qarşılıqlı səfərlərinin, əməkdaşlıq
çərçivəsində layihələrinin əhəmiyyətini
vurğuladı. Qocaman səhnə ocağı olan Lənkəran
teatrı ilə əməkdaşlıqdan razı
qaldığını dilə gətirdi.
Ağdamlı
teatrsevərlərin diqqət və marağından məmnunluq
ifadə edən Lənkəran Dövlət Dram
Teatrının direktoru Tofiq Heydərov da öz növbəsində
qonaqpərvərliyə və xoş münasibətə
görə ev sahibi kollektivə və
teatrsevərlərə təşəkkür etdi. Zəngin tarixi olan Lənkəran teatrının
keçmişi, müasir dövrü, repertuar siyasəti barədə
ətraflı söz açan direktor qarşılıqlı əməkdaşlıqla
əlaqədar niyyət sazişinə əsasən baş
tutan ilk layihənin reallaşmasından məmnunluqla
danışdı. Bildirdi ki, sazişə əsasən,
Lənkəran və Ağdam teatrları arasında
qarşılıqlı qastrol səfərlərinin təşkili,
rejissor və aktyor mübadiləsi, texniki dəstək,
yaradıcı görüşlər və təcrübə
mübadiləsi nəzərdə tutulub.
Səriyyənin
vəfasını alqışlayanlar
Nəcəf
bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrının truppası tələbkar və
teatrsevər ağdamlıların qarşısına
repertuarlarındakı ən baxımlı nümunələrdən
biri – Cəfər Cabbarlının “Vəfalı Səriyyə
və ya göz yaşı içində gülüş”
dramının tamaşası ilə
çıxmışdı.
Ailə-məişət mövzusundan bəhs etsə də,
cəmiyyətin ən dərin problemlərini cəhalətin
girdabında batmaqla bədbəxtlik saçan insanların
simasında göstərən tamaşa yenə öz təsir
dairəsini genişləndirə bilmiş, seyrçilərə
təsir etmişdi. Bu mənada diqqətimi çəkən
bir məqam tamaşanın tempinin heç düşməməsi
idi. Tamaşaçının təbii
reaksiyası, bəzən emosional, çılğın
münasibəti aktyorlara da əməlli-başlı təsir
eləmişdi.
Onu da qeyd edim ki, maraqla qarşılanan bu səhnə əsərinin
quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov,
quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı
Eldar Salayevdir.
Rolları Aynur Əhmədova (Səriyyə), Səyyad
Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə),
Əməkdar artist Sucəddin Mirzəyev (Səfər),
aktyorlar Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz
Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev
(Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova
(Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirdilər.
Tamaşaçıların
sürəkli alqışlarlarından sonra səhnəyə
Ağdam Rayon İcra Hakimiyyəti başçısının
müavini Xəqani Nəzərov çıxaraq qonaq kollektivi
salamladı, yaradıcı əlaqələrdən, hər
iki teatrın inkişafına təkan verəcək
yaradıcı mübadilədən məmnunluqla
danışdı.
Qara
damlar, ağ damlar
Qarşılıqlı təşəkkürlər, təbriklər,
alqışlar müşayiətində hamı bayıra –
binanın önündə dayanan avtobuslara tələsirdi. Təbii ki, ələlxüsus
da ölkənin o başından gələnlər. Hələ təri soyumayan aktyorlar
qaça-qaça yerlərini aldılar. Hiss olunurdu,
aralarında pəncərənin yanındakı
oturacağı tutmaq üçün yüngülvarı
yarışdılar da. Onlarla yol yoldaşı
olmaq üçün yanlarında bənd oldum. Qəsdən teatrın ən kövrək, ən həssas
aktrisasının, obrazda olduğu kimi, gözünün
yaşı tamaşadan sonra da qurumayan Aynur Əhmədovanın
yanında oturdum.
Avtobusumuz nəzarət-buraxılış məntəqəsindən
ötüb işğaldan azad olunmuş torpaqlarımıza
çatanda bayaqdan dil boğaza qoymayan yol yoldaşlarım
sükuta qərq oldular. Ağdamın kəndlərini keçdikcə əsgərlik
xatirələrindən danışan, “molodoyluq”dan təxrisinə
burada keçən hərbi xidmətinin az
qala hər anını uca səslə danışan Səyyad
Əliyev də susdu. Onun hər sözünə
zarafatla qulp qoyan, beləcə, özü qarışıq
hamımızın həyəcanını yatırmağa
çalışan Əbülfəz Axundov da kiridi. Nəzərlərim aram-aram ağdamlı
dostlarının Ağdam xatirələrini yada salan Sucəddin
Mirzəyevdə dayandı. Gözləri
dolmuş bəyaz saçlı, həlim kişinin
üzündə qəribə bir hiddət hökm verirdi.
Əsəbi halda dodaqaltı düşməni lənətləyir,
yeksan olmuş ağ damların
xarabalıqlarından boylanan bozarmış daşlara
baxırdı.
Aynurun səssiz göz yaşlarına qoşulmamaq
üçün özümü zorla saxlamışdım. Bu qədər
adamın cıqqırı da çıxmırdı.
Əvəzində onlar danışırdı – yollara
boylana-boylana quruyan çinarlar, onların da qisasını
almaq üçün zorla bar gətirən nar, xurma
ağacları və yağışda ağlayıb, günəşdə
qovurulan içinə həsrət hopmuş daş
parçaları, binələrin qalıqları, evlərin
xarabalıqları...
Hər kəs
27 il düşmən tapdağı
altında qalmış torpağın həqiqətini, onun həsrətini
və uzun ayrılığın vüsalını, onun səsini,
avazını dinləyirdi...
Bilmirəm, amma mənə elə gəlirdi ki, bu
gün, məhz indi bütün səslərdən həzin,
bütün avazlardan gözəl olan Ağdam özü
oxuyur. Özü də “Bayatı-Şiraz” üstündə
ruhumuza sığal çəkir, illərlə
özünü ovutduğu kimi bizi da sinəsinə
sıxıb, arama çəkir.
Gəldim,
səhra çiçəyim...
Ağdam Çörək Muzeyinin qalıqları
önündə şəkil çəkdirən,
dost-tanışına zəng vurub “Bax, mən Ağdamdayam”
deyib sevinc göz yaşı axıdanları diqqətlə
izləyən, tikilinin məşhur təsvirindən qopub səpələnən
rəngli mərmər parçalarını ovcuna
sığışdıranları gözdən keçirən
bələdçimiz ən qısa zamanda yenidən əzəlki
gözəllik və əzəmətinə qaytarılacaq yeni
Ağdamdan danışırdı. Dövlətimizin
Qarabağın yenidən qurulması və inkişafına
yönəltdiyi layihələrindən söz
açırdı. Beləcə, gördüyü
dağıntıların miqyasından düşmənə qəzəb
və nifrəti daha da artan bizlərə, az
da olsa, təskinlik verməyə çalışırdı.
İkinci
ziyarət ünvanımız bir zamanlar rayonun mərkəzi
meydanı olan, indi isə daş və beton
yığınına çevrilən məkan – Ağdam
Dövlət Dram Teatrı, məşhur “Çay evi”,
univermaq, bank və fəvvarənin olduğu yer idi.
Zaman-zaman premyeralara, konsert və görüşlərə
səhnə olan teatr binası önündə sıralanan
aktyorlar ani hüzn və heyrətdən sonra yenidən tikiləcək
teatr binasında oynayacaqları tamaşaların xəyalını
qurdular, hətta iki truppanın iştirakı
üçün söz də aldılar.
Hərə öz aləmində idi. Qonaqlara
qoşulan ağdamlı teatr təmsilçiləri də illərlə
ayrı düşdükləri dağınıq təsvirlərə
əl edir, dünənlə bu gün arasında əzablı
bir var-gəl edirdilər. Kimisi
uşaqlığına, kimisi qaynar gəncliyinə
dönür və aradakı uzun həsrətin torpaq kimi
onların da üz-gözündə açdığı
şırımlara baxıb köks ötürürdülər.
Yol bizi günəşin al şəfəqlərində
bir ayrı gözəllik və əzəmətdə
göyün üzünə çəkilirmiş kimi uca
görünən Ağdam Cümə məscidinə
apardı. Bilmirəm niyə, amma o an mən bu qürurlu
tikilini səhradakı çiçəyə bənzətdim.
Solmamaq üçün günəş olan,
bulud olan, torpaq olan çiçəyə.
Titrək əllər məscidin
dağıdılmış divarlarında gəzdikcə,
ayaqlar cadarlanmış sapsarı torpağa toxunduqca, nəzərlər
günbəzin ən son nöqtəsində ilişdikcə
adamın ruhu sanki bədənindən köç edir.
Sonuncu bir
ovuc
Getmək vədəsi yetişəndə yadıma illər
əvvəl dünyasını dəyişən qonşumuz –
ağdamlı Ayna xala düşdü. Özümdən
asılı olmayaraq onun əməlli-başlı oxşama ilə
dediyi
Mən
aşığam, ağ dama,
Qara dama, ağ dama.
Ay Allah,
görən bir də
Havax gedəjəm Ağdama?
bayatısını pıçıldadım.
Oturdum, daha doğrusu, quru torpağa sanki kilidləndim. Əlimi torpağa sürtdükcə, onu sığalladıqca, barmaqlarımla daradıqca Ayna xalanı düşündüm. Cibimdən yaylığı çıxarıb yerə sərdim, torpağı ovcumda sıxdım, bir sıxma götürmək istədim. Sonra ani cəldliklə qalxıb, ovcumu sonadək açdım. Torpaq özünə qayıtdıqca, xəfif küləyin qanadlarında yerə qonduqca uşaq kimi sevindim. Sonra “Yaylıq ayrılıqdı” deyimi yadıma düşdü, onu da yerdən götürüb ürəyimdə “Sənin bir ovuc torpağını da səndən qoparmaq olmaz, Ağdam” söyləyərək bayaqdan məni səsləyən, tələsdirən bələdçiyə yaxınlaşdım. Asta səslə “Bayaqdan baxırdım, bilirdim ki, götürməyəcəksiz” deyib gülümsədi. Deyəsən, Ağdama gələnləri müşayiət edən adam kimi ovuc-ovuc torpaq “daşınması” onun da ürəyincə deyilmiş. Heç nə demədim. Bərk darıxırdım, ayaqlarım məni, əslində, heç birimizi aparmırdı. Könülsüz avtobusa qalxdım, uşaq kimi şüşəni açıb yolboyu gördüklərimi gözümə təpdim. Təbii ki, içimdə növbəti gəlişimdə daha gözəl, daha abad və yepyeni Ağdamı görəcəyimə sonsuz inam ilə...
Həmidə NİZAMİQIZI
Bakı-Ağdam-Bakı
Mədəniyyət.- 2021.- 26 noyabr.- S.5.