Nizami
irsi mədəniyyətlər və xalqlar arasında
körpüdür
Azərbaycanlı şairin səkkiz əsr
öncə bəyan etdiyi ideyalar bu gün dünyanın gələcəyinə
işıq tutur
Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin səkkiz əsr öncə
yandırdığı itfan işığı, tərənnüm
etdiyi humanist ideyalar, yüksək mənəvi dəyərlər,
bəşəriyyətə ünvanlanan
çağırışlar dünyanın bu
gününü də, sabahını da aydınladır. BMT-nin
dünyanın gələcəyi ilə bağlı qəbul
etdiyi dayanıqlı inkişaf məqsədləri Nizaminin əsərlərində
bəyan etdiyi ideyalarla səsləşir. Bakıda
keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda səslənən
çıxışların məğzini ümumilikdə bu
sözlərlə ifadə etmək olar.
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı
və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi
ilə keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər
arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq
Forumunun açılış mərasimi noyabrın 24-də
“Fairmont Baku-Flame Towers” hotelində keçirildi.
Foruma 15
ölkədən nümayəndələr, o cümlədən
Türkiyənin mədəniyyət və turizm naziri, Özbəkistanın
mədəniyyət naziri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq
mədəni əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi, digər ölkələrin rəsmiləri, beynəlxalq
təşkilatlar və diplomatik korpusun nümayəndələri,
ümumilikdə 40-dan çox alim və ekspert, ali təhsil
müəssisələrinin rəhbərləri
qatılıb.
Mədəniyyət Nazirliyi
Media və kommunikasiya şöbəsinin müdiri Məryəm
Qafarzadə tədbiri açaraq forum haqqında məlumat
verdi. Qeyd etdi ki, “Nizami Gəncəvi İli” münasibətilə
Mədəniyyət Nazirliyi ilin əvvəlindən müxtəlif
layihələr həyata keçirib. Nizami Gəncəvi Beynəlxalq
Forumu da əlamətdar ilin növbəti tədbiridir. Forum
15–26 noyabr tarixində keçirilən Beynəlxalq Nizami Gəncəvi
Festivalının yekun tədbiri olmaqla yanaşı, “Nizami Gəncəvi
İli”nin böyük layihələrindən biridir.
Açılış
mərasimində çıxış edən Baş nazirin
müavini Əli Əhmədov bildirdi ki, böyük Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yaradıcılığı ümumbəşəri dəyərlərə
xidmət edir. Şairin yaradıcılığında tez-tez
rast gəlinən xeyir və şər, ədalətli cəmiyyət kimi
anlayışlar bəşəriyyətin bütün
dövrlərinə aiddir: “Nizami Gəncəvi dahi şair
olmaqla bərabər, həm də filosof idi. Buna görə də
onun ədəbi irsi mədəniyyətlər və xalqlar
arasında hər zaman körpü rolunu oynayıb. Biz bunu
şairin əsərlərində açıq şəkildə
görə bilirik. O, müxtəlif xalqların ənənələrini
tərənnüm edərək onların arasında dostluq
yaratmağa nail olub. Nizami 800 ildir oxunur. Onun poeziyasının
bədii dəyəri və fəlsəfi yükü öz mənasını
itirmir. Nizami Azərbaycan xalqının iftixarıdır”.
Bütün
bəşəriyyətə məxsus universal dəyər
Forumda çıxış edən
mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvi
Beynəlxalq Forumunun iştirakçılarını
salamlamaqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, Prezident
İlham Əliyevin sərəncamı ilə elan olunan “Nizami
Gəncəvi İli” çərçivəsində ölkəmizdə
və xaricdə çoxsaylı silsilə tədbirlər
keçirilib. Bu tədbirlərin yekunu olaraq belə bir forumun
keçirilməsi xüsusilə əlamətdardır: “Bu
gün Azərbaycan dünyada mədəniyyətlərarası
dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və
dayanıqlı inkişaf kimi mütərəqqi ideyaların
fəal təbliğatçısı kimi
çıxış edir. Təsadüfi deyil ki,
xalqımızın mədəniyyətinin, onun multikultural dəyərlərinin
və baxışlarının
formalaşdırılmasında Nizami Gəncəvinin müstəsna
rolu olmuşdur”.
Nazir qeyd etdi ki, Şərqin
böyük şairi və mütəfəkkiri olan Nizami
bütün dünya ədəbiyyatında dərin iz
qoymuş dahi şəxsiyyətlərdəndir. XII əsr Azərbaycan Atabəylər dövlətinin
əsas mərkəzlərindən olan Gəncənin mədəni
mühitində dünyaya gələn Nizami ömrünün
sonunadək bu qədim şəhərdə yaşayıb və
dünya mədəniyyəti xəzinəsinə bənzərsiz
ədəbi incilər bəxş edib: “Nizami
ümumbəşəri sevgini tərənnüm edən
lirik-fəlsəfi lirikası və ən əsası isə
“Xəmsə” kimi şah əsərlər toplusunu yaratmaqla
Şərq intibahının banisi oldu. Şairin sonrakı nəsillərə
qoyduğu poetik miras insanları yaxşılığa, mərhəmətə,
dostluğa, xalqları sülhə, ədalətə, birliyə
çağırmışdır”.
Qeyd olundu ki, Nizaminin
yaratdığı poeziya ənənələri zaman və məkan
sərhədlərini aşaraq əsrlər boyu müxtəlif
xalqların dahi şairləri tərəfindən uğurla
davam etdirilib. Mövlanə Cəlaləddin Rumi,
Əmir Xosrov Dəhləvi, Əlişiri Nəvai, Məhəmməd
Füzuli, Əbdürrəhman Cami və Şərqin
başqa neçə-neçə dahi şairləri Nizami
yolunun layiqli davamçıları olublar. Ümumbəşəri
əhəmiyyət kəsb edən Nizami mövzularının
əks-sədasını Qərb ədəbiyyatının
Dante, Bokaçço, Volter, Şekspir, Höte və
başqa nümayəndələrinin
yaradıcılığında da sezmək
mümkündür. XIX əsrdən etibarən rus şairləri
də Nizamiyə nəzirələr yazmışlar. Başqa
sözlə, Nizami şəxsiyyəti və irsi Azərbaycan
mədəni mühitində yaransa da, bütün bəşəriyyətə
məxsus universal bir dəyərdir.
Anar Kərimov
vurğuladı ki, Nizami təkcə poeziya və fəlsəfə
tarixində deyil, həm də ötən səkkiz əsrdən
artıq bir müddətdə mədəniyyətin bir
çox sahələrində şah əsərlərin
yaranması üçün ilham mənbəyi olub. Onun əsərlərindəki motivlərə həsr
olunmuş Orta əsr miniatürləri və tətbiqi-dekorativ
sənət nümunələri bu gün dünyanın
aparıcı muzeylərinin ən dəyərli eksponatları
sırasında nümayiş etdirilir: “Əsrlər
ötüb keçsə də, Nizami irsi öz
aktuallığını daim qoruyub saxlayır, dahi
şairin insan cəmiyyətində xoşbəxtlik və tərəqqinin
bərqərar olunması üçün XII əsrdə təqdim
etdiyi sosial həllər müasir dövrdə də gələcəyi
işıqlandırmağa davam edir. Onun insan cəmiyyətinə
ensiklopedik yanaşması bugünkü dünyada da parlaq gələcək
üçün çalışan müxtəlif din, dil,
peşə sahibləri üçün ilham mənbəyi
olmağa layiqdir”.
Nazir
çıxışının sonunda Nizami Gəncəvi ilə
əlaqədar Mədəniyyət Nazirliyinin yeni bir təşəbbüsünü
forum iştirakçıları ilə bölüşdü:
“Bəllidir ki, BMT-nin “2030 Gündəliyi” çərçivəsində
qəbul olunmuş 17 Dayanıqlı İnkişaf Məqsədi
(DİM) bütün qlobal problemlərin həllini nəzərdə
tutur. Mədəniyyət Nazirliyi olaraq biz bu istiqamətdə
yeni yanaşmanı təklif edirik. Bu yanaşma sözügedən
məqsədlərə nail olunmasında cəmiyyətlərin
rolunun gücləndirilməsini hədəfləyir. Bu
yanaşmaya uyğun olaraq dayanıqlı inkişaf naminə
17 məqsəddən hər biri Nizami Gəncəvi
prizmasından nəzərdən keçirilmişdir. Beləliklə,
bu məqsədlərin əksəriyyətinin tarixən bəşəriyyətin
problemi olduğu müəyyən edilmişdir. Təklif edilən
yanaşma, ölkələrin həmin məqsədləri
öz mədəniyyətləri çərçivəsində
qəbul etmələrini dəstəkləyərək,
problemlərin həllində mədəni irsin vacibliyini qeyd
edir. Bununla əlaqədar olaraq, əslində, burada DİM və
mədəniyyət kəsişməsinin önəmini xüsusilə
göstərmək istəyirik. Biz istəyirik ki, BMT ölkələri
DİM-lərin təmin edilməsi üçün
özünün mədəniyyət siyasətini, məcazi mənada
hamı öz Nizami Gəncəvisini tapsın”.
Anar Kərimov
onu da diqqətə çatdırdı ki, Nizaminin dahiliyini və
onun zəngin poetik-fəlsəfi irsində əksini tapan
universal ideyaların ümumbəşəri əhəmiyyətini
bir daha vurğulamaq üçün forum
iştirakçıları adından qəbul edilməsi təklif
edilən Birgə Kommünike tədbir
iştirakçılarına təqdim edilib.
Nizami
işığı bu gün də bizim üzərimizdədir
Forumda iştirak edən
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet
Nuri Ersoy bildirdi ki, “Nizami Gəncəvi kimdir?” sualının
cavabı çox genişdir. O, yaradıcılığı
ilə bir çoxlarına ədəbiyyatın
qapısını açmaqla yanaşı, astronomiya, fəlsəfə,
coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda bir neçə
dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi
ürəyində və beynində mürəkkəb
düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni,
istər duyğu, istərsə də fikirləri mükəmməl
şəkildə sözə çevirib insanlıq
üçün miras qoyub: “Türk dünyası böyük
atasının əmanətlərinə qürurla sahib
çıxmağa və nəsildən-nəslə
ötürməyə davam edəcək. Biz Türk
dünyasının mədəniyyət
körpüsünü var edən əcdadlarımıza idarəçisindən
sənətkarına, aliminə qədər sahib
çıxmağın məsuliyyətini
daşıyırıq. Biz bir olub minillik tariximizə birlikdə
sahib çıxacağıq”.
Özbəkistanın mədəniyyət
naziri Ozodbek Nazarbekov Türk dünyasının iki
böyük ədəbi şəxsiyyəti – Nizami Gəncəvi
və Əlişir Nəvai yaradıcılıqlarını
müqayisə etdi. Bildirdi ki, bu il Özbəkistan Prezidentinin
sərəncamı ilə özbək xalqının dahi
şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir
Nəvainin 580 illiyi yüksək səviyyədə qeyd olunur.
Nazir vurğuladı ki, Nəvai Nizamini özünə ustad
bilib, əsərlərində onun dahiliyini qeyd edib: “Türk
dünyasının dahi ədəbiyyat və mədəniyyət
simalarının irsinin tanıdılması və təbliğinə
yönələn bütün təşəbbüslər,
layihələr təqdirəlayiqdir”.
Rusiya Federasiyası Prezidentinin
beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi Mixail Şvıdkoy forumun əhəmiyyətini
yüksək qiymətləndirdi. Dedi ki, Nizami Gəncəviyə
Moskvada və Sankt-Peterburqda heykəl qoyulub: “Rusiyada hətta
rus əsilli bir şairin iki heykəlinə az təsadüf
olunur. Nizami Gəncəvi bu şəhərlərdə
adının əbədiləşdirilməsinə layiqdir. O
təkcə Azərbaycanın deyil, Şərqin dahi
oğludur. İki mütəfəkkiri qeyd edə bilərəm
ki, onlar heç vaxt yaşadığı ərazini tərk
etməmişdilər. Bunlar Nizami Gəncəvi və Kant idi.
Onlar başa düşürdülər ki, insanın
vicdanı, başı üzərində duran Allah
böyük dəyərdir. Nizami Gəncəvi İslam
dünyasında və daha geniş məkanda maarif
işığı yandırıb. Həmin işıq bu
gün də bizim üzərimizdədir”.
***
Çıxışlardan sonra
Nizami Gəncəvi Beynəlxalq Forumunun Kommünikesi qəbul
edildi. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev
sənəd haqqında məlumat verdi.
Forumun açılış mərasimində
Fransada nəşr olunan “Nizami Gəncəvi: qəzəllər
və kəlamlar” adlı kitabın təqdimatı da
keçirildi.
İştirakçılar
“Nizaminin əsərlərinin motivləri miniatür sənətdə”
mövzusunda sərgi ilə də tanış oldular.
Forumun ilk iş günü
“Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə
təsiri” və “Nizami “Xəmsə”sinin dünya ədəbiyyatına
və mədəniyyətinə təsiri” mövzusunda (I hissə)
panel iclasları ilə davam etdi.
Noyabrın 25-də “Nizami “Xəmsə”sinin
dünya ədəbiyyatına və mədəniyyətinə
təsiri” mövzulu panelin II hissəsi, həmçinin “Nizami
Gəncəvi: müasir dünyaya baxış” mövzusunda
panel keçirildi.
Nizami Gəncəvi Beynəlxalq
Forumu noyabrın 26-da işini başa vuracaq. Forumun son
günündə “Xəmsə” dialoqlarının didaktik rolu”
və “Sovet dövründə Nizami tədqiqatları”
mövzularında panel iclasları keçiriləcək.
Lalə
Mədəniyyət.- 2021.- 26 noyabr.- S.
1; 2.