Bəşəriyyətin söz xəzinəsində silinməz iz qoymuş mütəfəkkir
Nizami Gəncəvi Beynəlxalq Forumunun noyabrın 24-də gerçəkləşən ikinci panel iclası “Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusuna həsr olunmuşdu.
İtaliyanın Piemonte Universitetinin professoru Stefania Sininin moderatorluğu ilə keçirilən iclasda ilk olaraq Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) əməkdaşı, mətnlər və müasir ideologiyalar tarixi üzrə mütəxəssis Kərim İfrakın məruzəsi dinlənildi. “Dünya ədəbiyyatında Nizami təsiri” mövzusunda çıxış edən alim qeyd etdi ki, Nizaminin zəngin yaradıcılığı bir çox dünya ədəbiyyatı korifeylərinin yaradıcılığında əks-səda doğurub. Şərqdə təkcə onun “Leyli və Məcnun” poemasına 500-dən çox nəzirə yazılıb. Avropa xalqlarının ədəbiyyatlarında da Nizami yaradıcılığı ilə səsləşən və “Xəmsə”nin təsiri ilə əsərlər yazılıb. Bokkaççonun “Ameto” povesti, K.Qozzinin “Yarıciddi, yarızarafat” (“Turandot”) nağılı, Y.Hammerin “Şirin” poeması, Volterin “Zadiq, yaxud tale” povesti, M.Tvenin “Tom Soyyerin macəraları” romanında və başqa əsərlərdə, eyni zamanda Şillerin “Turandot” pyesində Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının süjet və motivlərinə rast gəlinməsi deyilənləri təsdiq edir. Eyni zamanda Hötenin “Qərb-Şərq divanı”nda ayrı-ayrı şeirlərin Nizami Gəncəvinin yaradıcılıq dühasına ithaf olunduğu nizamişünaslıqda çoxdan təsdiq olunub.
Məruzəçi diqqətə çatdırdı ki, XVIII əsr ingilis şairi İsaak Dizraeli 1799-cu ildə “Məcnun və Leylinin məhəbbəti” mənzum poemasını qələmə alıb və bu əsər əsasında İsaak Brandon “Qeys, yaxud səhrada məhəbbət” adlı opera bəstələyib. K.Beber, F.Buzoni və C.Puççini də Nizaminin “Yeddi gözəl” poemasının motivləri əsasında musiqi əsərləri bəstələyiblər.
Pakistan Milli Akademiyası Folklor və Maddi Mədəni İrs İnstitutunun professoru Talha Ali Kushavaha mədəni müxtəlifliyi bir araya gətirən forumun təşkilatçılarına minnətdarlığını ifadə etdi. Bildirdi ki, Cəlaləddin Rumi və Nizami yaradıcılığı ölkəsində ən çox müraciət edilən mövzudur. Uzun müddət Pakistanda fars dili üstünlük təşkil etdiyi üçün Nizami yaradıcılığı geniş yayılaraq qavranılıb: “Biz istərdik ki, müasir gənclik də Nizami ideyalarını öyrənsin və gələcəyə ötürsün”, – deyə pakistanlı professor bildirdi.
Macarıstanın Karoli Gaspar Universitetinin professoru Miklos Sarkozi ölkəsində Nizami
ilə bağlı tədqiqatlardan söz
açdı. Bildirdi ki, Nizami irsinin
tədqiqinin Macarıstanda
beş əsrlik tarixi var. Macarıstan 150 il Osmanlı
imperiyasının tərkibində
olduğundan həmin dövrdə Nizami Gəncəvi geniş təbliğ olunub. Hazırda Macarıstan Milli Elmlər Akademiyasında Osmanlı dövrünə aid Nizami
əlyazmaları qorunur.
Bu əlyazmanın əsas
nüsxəsi “Xəmsə”nin xülasə formasıdır. Macarıstanın tanınmış alimləri A.Vambery, V.Bacher, S.Kegi və başqaları Nizami yaradıcılığı
ilə bağlı çoxsaylı araşdırmalar
aparıblar. S.Kegi ötən
əsrin 80-ci illərində
Azərbaycana səfər
edib, Bakı şəhəri və Nizami Gəncəvi haqqında kitab yazıb. O öz əsərlərində dəfələrlə
Nizaminin Azərbaycan şairi olduğunu diqqətə çatdırıb.
Bakı
Slavyan Universitetinin kafedra müdiri, professor Rəhilə Qeybullayeva “Nizami yaradıcılığında kamilliyə aparan motivlər və simvollar” adlı məruzəsində böyük
şairin kamil insan konsepsiyasını konkret bədii faktlar əsasında təqdim etdi.
Kulturoloq,
professor Fuad Məmmədov
“Nizami Gəncəvi mənəvi mədəniyyətin
yaradıcısı kimi”
məruzəsində qeyd
etdi ki, Nizami mənəvi mədəniyyəti bilik,
xeyirxahlıq, inkişaf
və rifah, cəhaləti isə şər, yoxsulluq və zəiflik kimi qəbul edir. Buna əsaslanaraq,
dahi şair öz maarifçilik missiyasının əhəmiyyətini
yaxşı dərk edib və xalqın
mənəvi mədəniyyətinin
mütərəqqi transformasiyası
üçün çalışıb.
Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Nizami “Xəmsə”sində insan hüquqları və antroposentrizm: konkret faktlar” mövzusunda məruzə etdi. Alim bildirdi ki, Nizami insanın üstün olmasına irfan gözü ilə baxıb: “Nizaminin təmsil etdiyi fəlsəfi cərəyana əsasən insan əzilmir. Realist və nihilist baxışa əsasən, insanın fundamental-mənəvi dəyəri yoxdur. Bəs dəyərsiz varlığın hüquqları olar bilərmi? Əsla. Demək, insan hüquqlarının təməl tezisi budur: insan dəyərli və ehtirama layiq varlıqdır. Nizami Gəncəvinin əxlaq fəlsəfəsinin bünövrəsi bu mühüm tezis üzərində qurulub”.
***
“Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzulu panel Nizami Gəncəvi Beynəlxalq Forumunun ikinci günü, noyabrın 25-də macarıstanlı professor Miklos Sarkozinin moderatorluğu ilə davam etdi.
“LiFFt” nəşrinin baş redaktoru Marqarita Almuhammedovanın “Nizami poeziyası: dünən, bu gün və gələcəkdə” mövzusunda məruzəsi dinlənildi. O, rəhbərlik etdiyi nəşrdə Nizami Gəncəvi yaradıcılığına dair əsərlərin çapı ilə bağlı məlumat verdi, Rusiya və Qazaxıstan alimlərinin Nizami irsi ilə bağlı tədqiqatlarından söz açdı.
Rusiya Milli Kitabxanasının şöbə müdiri Olqa Yastrebova “Nizami yaradıcılığı və qəhrəmanlarının miniatürləri. Rusiya Milli Kitabxanasında qorunan kolleksiya” mövzusunda məruzə etdi. Bildirdi ki, Rusiya Milli Kitabxanasında Nizami ilə bağlı 24 əlyazma var. Şairin əsərlərinə çəkilən miniatürlərin ideya-bədii xüsusiyyətlərindən söz açan məruzəçi qeyd etdi ki, “Xosrov və Şirin” motivli miniatürlər öz unikallığı ilə seçilir. 1482-ci ildə Heratda yaradılan miniatürlər rəng və ekspressiyasına görə fərqlənir. Məruzəçi kolleksiyada qorunan “Leyli və Məcnun”, “Yeddi gözəl” (Şiraz, 1479) miniatürlərindən də bəhs etdi.
Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun əməkdaşı Gaga Lomidze “XII və XVIII əsrlərdə Nizami yaradıcılığının gürcü ədəbiyyatına təsiri” mövzusunda çıxış etdi. Nizami Gəncəvi və Şota Rustavelini Qafqaz renessansının baniləri adlandıran məruzəçi gürcü şairin azərbaycanlı mütəfəkkirdən ilhamlanaraq qələmə aldığı əsərlərdən söz açdı. Qeyd etdi ki, Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərində Nizaminin “Xosrov və Şirin” əsərinin təsiri aydın görünür.
Tbilisi Dövlət Universitetinin professoru Maka Elbakidze “Mədəniyyətlər arasında körpü – Rustaveli və Nizami” mövzusunda məruzəsini təqdim etdi. O, hər iki mütəfəkkirin mistik sevgiyə müraciət etdiyini, sufi poeziyasında isə daha dərin qatlara təsir göstərdiyini vurğuladı. Əsərlərdəki sevginin daha yüksək, Allaha yaxın hisslərlə təsvir edildiyini vurğulayan alim hər iki şairin fəlsəfi baxışlarındakı yaxınlığı qeyd etdi. Gürcü professorlardan Pavel İnkorokvanın fikrinə istinad edən məruzəçi qeyd etdi ki, Rustavelinin əsərində “Leyli və Məcnun”un buraxdığı izlər var: Tariyel Qeysin tayıdır, onun kimi dəli olub çöllərə düşür, vəhşi heyvanlarla yoldaşlıq edir; onu müşayiət edən Aftandil isə Nofəlin ədəbi varisidir.
Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov “Özbəkistan və Azərbaycan xalqlarının mədəni və ədəbi əlaqələrinin möhkəmləndirilməsində Nizami Gəncəvinin rolu” mövzusunda çıxış etdi. Diqqətə çatdırdı ki, Nizami və Əlişir Nəvai xalqlarımız arasında qələmlə körpü yaradaraq mədəni əlaqələrimizin təməlini qoymuşlar. Bu gün Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır, Daşkənddə Azərbaycan Milli Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Daşkənd Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır və təhsil ocağının qarşısında şairin heykəli var: “Gəncədə anadan olan mütəfəkkir bütün türk xalqlarının oğludur. Özbək xalqı da Əlişir Nəvai və Nizamiyə eyni sevgini bəsləyir. Bu sevgi xalqlarımız arasında qarşılıqlıdır. İki ölkənin iki dahi şairi xalqlarımızı bir-birinə daha yaxın edir”.
Sonra Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Hanzade Güzeloğlunun “Yeddi gözəl” poemasında deyimlər: Abdi – Nizami qarşılaşdırması” mövzusunda məruzəsi dinlənildi. Tədqiqatçı bildirdi ki, Nizaminin “Yeddi gözəl”indən sonra Əmir Xosrov Dəhləvi, Rai Hidayətullah və Dərviş Əşrəf, Əlişir Nəvai, Sübhizadə Feyzi, Bursalı Lami Çələbi, Abdi və başqaları bu mövzuda əsərlər yazıblar. Abdinin əsəri Nizaminin “Yeddi gözəl”inin türkcəyə tərcüməsidir. İcmal xarakterli bu tərcümədə Nizaminin əsərdə yaratdığı əsas sxem saxlanılıb. Ümumiyyətlə, Nizami özündən sonra gələn şairlərin yaradıcılığına böyük təsir göstərib və bir çox ədiblər onun irsindən bəhrələnərək əsərlər meydana gətiriblər.
Türkiyəli digər araşdırmaçı Zaur Şüküroğlu isə “Türkiyədə Nizami Gəncəvi yaradıcılığının tədqiqi” mövzusunda məruzəsində qardaş ölkə alimlərinin bu sahədə apardığı elmi tədqiqatlar barədə məlumat verdi.
Məruzələrdən sonra panel iclas diskussiyalarla davam etdi.
LALƏ
Mədəniyyət.- 2021.- 26
noyabr.- S.3.