2021-ci ildə regionun ən
böyük kitab
yarmarkası Bakıda keçiriləcək
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Kitab bayramı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur.
Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Sərgi-yarmarkada 43 xarici, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli şirkət, müəssisə və təşkilat iştirak edəcək. İştirakçılar üçün 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilir.
Beş gün ərzində müxtəlif formatda 139 tədbir nəzərdə tutulub. O cümlədən uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, “nağıl saatları”, uşaq yazarları ilə görüşlər, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək.
Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazarlar sərgidə iştirak edəcəklər. Çingiz Abdullayev, Gülseren Budayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesel və digər tanınmış yazıçı və məşhur şəxslər sərgidə günün “fəxri qonağı” olacaqlar.
İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitabalara böyük endirimlər nəzərdə tutulur. Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcək.
Sərgi-yarmarkaya təşkilati dəstəyi
“Caspian Event Organisers” şirkəti
həyata keçirir. Sponsor “BP” şirkəti,
baş TV tərəfdaşı
Azərbaycan İctimai
Televiziyasıdır.
Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.1;2.