Bəxtimizə düşən söhbət

 

Vidadi Həsənov: “Şükürlər olsun ki, teatrlar açılır, deməli, teatrlar komadan çıxır, teatrda çalışanlar isə uzunmüddətli məzuniyyət dövrünü başa vururlar”

 

 

 

Əslində, xeyli əqdəm söhbətləşmək niyyətim var idi... Gah, onun tamaşa, kino, serialdakı işləri, gah da pandemiyanın “evdə qal”ı imkan vermirdi. Elə indi də: maşallah, festivallardan, çəkilişlərdən, müəllifi olduğu kitabın imza günündən başı açılmır. Nəhayət, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalından qayıdandan sonra görüşdük. Beləliklə, həmsöhbətim Xalq artisti, Yuğ Dövlət Teatrının aktyoru, rejissor, ssenarist, şair, tərcüməçi, ADMİU-nun dosenti Vidadi Həsənovdur. Söhbətimiz Yuğ-un məkan tapdığı Kukla Teatrının binası ətrafında, bulvarın sakit bir guşəsində baş tutdu.

 

 

– Səfəriniz necə keçdi, Vidadi müəllim?

 

– Həm uğurlu, həm də yaddaqalan. Üç nəfər idik: Əməkdar incəsənət xadimi, Kazan festivalının münsiflər heyətinin sədri, kinorejissor Elçin Musaoğlu, festivalın qısametrajlı filmlər müsabiqəsində təqdim olunan “Bastard” filminin rejissoru Daniel Quliyev (bu müsabiqədə Elvin Adıgözəlin “Biləsuvar” filmi də var idi), bir də, bəndəniz – həm müsabiqədənkənar nümayiş olunan “Daxildəki ada” (rejissor Rüfət Həsənov) filmində əsas rollardan birinin ifaçısı kimi, həm də festivalın fəxri qonağı olaraq – ölkəmizi bu nüfuzlu tədbirdə təmsil etdik. “Bastard” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görüldü. Mən festivalın təntənəli açılışında gitarada “Qapı” (söz: Ramiz Rövşən) mahnısını oxudum. Qeyri-təvazökarlıq olmasın, yaxşı qarşılandı. İki gün sonra isə, “Rodina” kinoteatrında mənim “yaradıcılıq gecəm” oldu... Bu səfərlə bağlı bütün məlumatları sosial şəbəkələrdə mütəmadi paylaşıram...

 

 

– Şükür ki, nəhayət, teatrlar açılır. “Teatrlar açılsın” deyə etiraz səsini ucaldanlardan biri idiniz. Bəs teatrsız necə idi?

 

– Niyə teatrsız? Mən demək olar ki, hər gün teatra gəlib-gedirdim.

 

 

– Hə, hər danışanda “teatrdayam” deyirdiz. Bu teatr üçün darıxmağı “öldürmək” idi, yoxsa prosesdə olmaq kimi görünmək?

 

– Nə mən teatr üçün əldən-ayaqdan gedirəm, nə də teatrın məndən ötrü ürəyi gedir. Bu yaşda romantik-poetik “izhari-qəlb” kənardan gülünc görünə bilər. Sadəcə olaraq, arada gəlirdim, bir az teatrın, bir az da bulvarın təmiz havasını alırdım...

 

 

– Yaxşı edirsiz, onsuz da səhnə, teatr yox idi, ən yaxşısı bulvarda təmiz hava almaq idi...

 

– Bilirəm e!... Siz məndən hansı cavabı almaq istəyirsiz (gülürük). Məsələ heç də elə deyil. Vəziyyəti süni şəkildə dramatikləşdirmək lazım deyil. Nə bilim, “Ay mənim teatrsız nəfəsim çatmır!”, ay nə bilim, “Teatrsız ölürəm!...”. filan. Hamının şükür, nəfəsi də çatdı və heç bir ölüm-itim də olmadı. Özümüzdən də hoqqa çıxartmalı deyildik ki?... Məşhur bir filmdə deyildiyi kimi, hökumətlə hökumətlik eləməyəcəksən ki?! Həyat və mühit şərtləri belə idi: deyirdilər bu olar, bu olmaz... Bizə qalırdı, ancaq etirazımızı ifadə etmək. Demokratik ölkədə yaşadığımız üçün nə qədər istəsək, etiraz edə bilərik... Şükür, bəlli oldu ki, belə uzun zaman davam edə bilməz. Hətta virusun yeni ştamları daban-dabana gəlsələr belə, biz şəraitə uyğunlaşıb yaşamağı öyrənməliyik.

 

 

– Yaşamağı, yoxsa işləməyi?

 

– İşləmək fəaliyyətdir, fəaliyyət isə yaşamaqdı. Sizə bir şeyi deyim: pandemiyanın bizdən də qat-qat artıq tüğyan etdiyi bəzi ölkələr teatrlarını mövcud vəziyyətə uyğunlaşdıraraq onların fəaliyyətini dayandırmadı. Necə ki, restoranlar, şadlıq evləri, ticarət məkanları işlədi, eləcə də teatrları açmaq olardı... Bəzən “məbəd” deyilən bu təsisatın işləməsi, həm də ona görə lazımdır ki, teatr mənəvi dəyər yaradır və bu dəyərlər olmasa, toplum əvvəl-axır qaragüruha çevrilə bilər.

 

 

– Pandemiyanın doğurduğu fasilə bir çoxlarına – məsələn, özü teatrda, ruhu başqa yerdə pərvazlananlara teatrın lazımsız olduğunu deməyə imkan da yaratdı. Hətta, necə deyərlər, topu teatr təmsilçilərinin, ələlxüsus da aktyorların üstünə ataraq, onsuz da işləmədən maaş alırsınız deyənlər oldu...

 

– Teatrda həmişə iki qisim sənətçilər olub: başını aşağı salıb işləyən əsl sənətçilər, bir də teatrdan özləri üçün faydalanan psevdosənətçilər. Yəni, var peşəkarlar, sözün əsl mənasında, özlərini işinə, sənətinə həsr edənlər, bir də var hər şeydə mənfəətini güdənlər. Onlar həmişə elə bağırırlar ki, “doğruların bağrı çatlayır”. Belələrinə qətiyyən fikir vermək lazım deyil...

 

 

– Belə fikirlər daha çox gənclərdən eşidilir...

 

– Həə, bax bu, tamamilə başqa məsələdi... Gənc belə də, hərdənbir deyə bilər... Deyim niyə. Gənc olan kəs elə belə olmalıdır də – barışmaz, tələbkar, dəliqanlı... Onlar özlərindən qabaqdakılara: “Sən artıq köhnəlmisən!” və ya “İndi başqa zamandı!” deməlidirlər də. Qoy desinlər, dünya dağılmayacaq ki... Qoy bir az “inqilabçılıq” eləsinlər. Axı, biz də bir vaxtlar belə olmuşuq. U.Çörçillin bir sözü var, dəqiq yadımda deyil, təxminən belədi: “Əgər, sən otuz yaşına qədər inqilabçısansa, demək, gəncsən, yox əgər, qırx yaşından sonra da inqilabçılıq edirsənsə, demək, axmaqsan!...”. Cavanlarımızla bağlı bir az həssas, bir az da səbirli olmalıyıq. Zaman hər şeyi sahmanlayacaq. Zaman gələcək yaşlaşacaqlar, müdrikləşəcəklər, hərdən düzün bir balaca əyriş-üyrüş, əyrinin heç vaxt dübbədüz olmadığını biləcəklər... Onların da arxasınca çaparaq gələn, onları da daban-dabana haqlayan gənclik, elə özləri kimi, inqilabçı və barışmaz olacaq... O ki qaldı teatrı özlərində deyil, özlərini teatrda sevənlərə... Onların əxlaqi və mədəni səviyyəsinə enmədən, gərəkdir ki, əndazədən çıxırlarsa, həddlərini qandırasan...

 

 

– Sosial şəbəkələrdə də çox aktivsiz, mütəmadi ironik, satirik paylaşımlarınızı oxuyuruq. Görəsən, sözünüz ünvanına çatır?

 

– Dədələrimiz deyir ki, sən sözünü de, yiyəsi özü götürəcək. Rəngimin qara olmağına baxmayın, mən çox qırmızı adamam. Düşündüyümü deməkdən heç vaxt çəkinməmişəm. Dediklərim də, sərrast güllə kimi, həmişə hədəfinə çatıb. Hədəf sahiblərinin bəziləri cavab verməyə cəsarət etməyib, bəziləri cavab verəcəyi təqdirdə öz bəsitliyini büruzə verəcəyindən qorxub, bəziləri də yəqin yaşıma hörmət edib susub, fikirləşiblər ki, qoca kişidi də, yəqin xərifləyib. Hərdən eləsi də tapılır ki, cavab qaytarır, hətta həyasızlıq edir. Onda sən də başlayırsan onun öz dilində danışmağa.

 

 

– Son zamanlar daha çox teatrdan bu və ya digər şəkildə uzaqlaş(dırıl)mış və kinini teatra ünvanlayan adamların səsi bərk çıxır. Elə bil incidikləri adamların intiqamını teatrdan alırlar...

 

– Vallah, bundan teatra heç bir zərər dəymir. Axı, teatr ayrı-ayrı fərdlərin yaratdığı bir şey deyil ki, onlarla da məhv olub getsin. Teatr əbədidir – o öz sehri və tilsimi ilə çoxdan insanların həyatına girib və orada özünə əbədi yer tutub. O, elə bil, yerdən göyə ucalmış almaz sütundur. Əsrlərlə yol gələn bir şeyi məhv etmək üçün əsrlər gərəkdir.

 

 

– Günümüzdən boylanaraq milli teatrımızı analiz edənlərdən bəziləri “Teatrı zaman və mühit yaratmışdı, inkişaf etdirmişdi, indi isə teatr tənəzzül dövrünü yaşayır” deyirlər.

 

– Teatr ictimai aləmdən, sosial mühitdən kənarda, uzaqda olan, əlahiddə bir şey deyil axı... O, həyatın bir parçasıdır. İqtisadiyyatda, sənayedə, səhiyyədə, təhsildə, bir sözlə, ictimai mühitdə, cəmiyyətdə nə baş verirsə, teatrda da oxşar şeylər baş verir. Zaman-zaman yüksəliş də olur, tənəzzül də. Lap insanın ruh halı kimi. Kardioqram kimi: gah yuxarı, gah da aşağı. Teatr prosesi düz xətlə gedən – daim yüksəlişdə və ya daim enişdə olan proses olmayıb heç vaxt. Əslində, biz elə bundan – yəni, hər şeyin düzxətli getməsindən qorxmalıyıq, çünki bu, koma vəziyyətidir.

 

 

– Teatr indi hansı dövrünü yaşayır?

 

– Şükürlər olsun ki, teatr, kino zalları, konsert salonları açılır, deməli, teatrlar da komadan çıxırlar, teatrda çalışanlar isə uzunmüddətli məzuniyyət dövrünü başa vurdular. Qocalı-cavanlı, hamımız sanki təqaüdə çıxmışdıq. Deyirdilər: “Evdə qal!” – kirimişcə evdə qalırdıq, deyirdilər “şənbə-bazar qapanın!” – dinməz-söyləməz qapanırdıq... Nə isə!... Qayıdaq mətləb üstə. Teatr indi postpandemiya dövrünə başlayır. Bəli, asan olmayacaq. Müəyyən zaman lazım gələcək. Bəzi bədgümanlardan fərqli olaraq, inanıram ki, həyatını teatra həsr etmiş əsl sənət fədailəri bu müşkül kimi görünən işin öhdəsindən tez bir zamanda gələcək və teatrsevərlər yenidən istədikləri teatrda, istədikləri tamaşalara baxa biləcəklər... Bu məqamda xirtdəyimə tıx kimi ilişib qalan bəzi sözləri də deməsəm olmaz. Baxın, mədəniyyət müəssisələrinin açılması ilə bağlı qərar çıxan kimi, bəzi dönüklər, bəzi əlləri teatra çatmayanlar haman başladılar ki: “Nə teatr, teatr yoxdu!” və yaxud, “Nə tamaşa, tamaşa var ki?”... Teatrları “yıxıb-sürüyürlər”, amma, ürəkləri yenə soyumur və haman da keçirlər kinoya. Bəs, deməzsənmi, kino da lap çoxdan ölüb, bunlardan başqa heç kimin bundan xəbəri yoxdu... Əslində, bu natamamlığın da səbəbi eynidi, əlləri çatmır. Halbuki bütün çətinliklərə rəğmən, Azərbaycan kinosunun uğuru göz qabağındadır. Son illər beynəlxalq səviyyədə keçirilən hansı festivalın proqramına baxsan bir deyil, bir neçə filmimizin adına rast gələrsən və onlar müxtəlif mükafatlara layiq görülürlər... Hərdən istedadlı insanlara qarşı, iliyinəcən paxıllıqla dolu bu natəmiz, mənəviyyatsız məxluqlara üzünü tutub ağzına gələni demək istəyirsən, amma, ”Lənət şeytana!” – deyib, susursan, baş qoşmursan...

 

 

– Gəlin, söhbətə başqa yöndən davam edək. Bu teatrsızlıq zamanı yeni teatr formaları haqqında çox danışıldı...

 

– Yalnız danışılmadı, məsləhət külliyatlı fikirlər söylənildi (məsləhət verməkdən asan nə var?), hətta yenidən Amerikanı kəşf etmək istəyənlər də oldu. Yeni ifadə formaları – performanslar, interaktiv tamaşalar, onlayn nümayişlər, küçə göstəriləri və s. Belə baxanda niyə də olmasın? Əgər teatr “Dionis bayramı” olaraq meydanda, yəni kütlə arasında yaranıbsa, niyə də yenidən zamanın və mühitin tələbi olaraq meydana qayıtmasın? İlk baxışdan hətta çox cazibədar səslənir. Məsləhət verənlər sağ olsunlar, amma onu da demək lazımdır ki, teatr bu günə gəlib çatana qədər dondan-dona girib, bir biçimdən min biçimə girib, “izm”lərin və cərayanların burulğanlarından çıxıb. Əslində, bu müxtəlif teatr formaları çoxdan olmalı idi. Küçə teatrı? Onlayn nümayiş? Və nələr, nələr? Niyə də olmasın? Teatrların sayı çox olmalıdır. Akademik, musiqili, yuğ, kukla, pantomima, zirzəmi, book-kafe, küçə, dəhliz, çardaq və s. və i. a. Belə olanda hara getmək, nəyə baxmaq hər kəsin zövqündən, dünyagörüşündən, sadəcə, istəyindən asılı olur.

Əgər bu teatrlar olsaydı, bizə “Gedin, küçədə teatr çıxardın da!” deyən olmazdı. Təsəvvür edə bilirsiz, akademik və ya musiqili teatrın hansısa bir tamaşasını – bütün dəm-dəsgahı ilə parkların birində göstəririk?... Yaxud Yuğun hansısa bir tamaşasını onun hücrəsindən çıxardıb uyğunlaşdıra biləcəyiniz bir məkan necə?... Təsəvvür edə bilirsiz?

 

 

– Yox.

 

– Əlbəttə, yox. Bu, artıq tamaşa yox, teatr yox, başqa bir şey olacaq.

 

 

– Bəlkə bizə o funksiyanı yerinə yetirməyən, yüklü dekorasiya, tərtibatı olmayan, qalaqlanmış mətndən azad, hərəkət, birbaşa ünsiyyət, maneəsiz tamaşaçı aktyor rabitəsi lazımdır?

 

– Əgər, sizə belə bir şey lazımdırsa, ora gedin. Yox, əgər “ora”, haman o siz deyən yoxdursa, axtarın tapın. Bizdə tapmazsız, xaricdə taparsız – gedərsiz... Əsrlərdir teatrda yeni formalar, yeni üsullar və yeni ifadə vasitələri axtarırlar. Amma bunu heç vaxt tarixi və ənənəvi olanı məhv etməklə həyata keçirməyiblər, əksinə, “unudulmuş təzəni” həmişə illərin sınağından çıxmış “etibarlı köhnə”nin üstündə bərqərar ediblər. Dədələrimiz demişkən: “Keçmişinə təpik atsan, gələcəkdə uzunqulaq olarsan!...”. Özü də Azərbaycan teatrı bir neçə cür və bir neçə dəfə bu yeniliklərdən keçib. Götürək elə ötən əsrin 90-cı illərini. Görün, ölkəmizdə nə qədər yeni teatrlar yarandı. Həyat və mühit şərtlərinin indikindən də çətin olmasına baxmayaraq.

 

 

– Pandemiyadan əvvəl bu proses yenidən canlandı. Siz də daxil, bir neçə yaradıcı şəxs müstəqil teatrlar yaratdılar. Hətta bir müddət tamaşa nümayişləri üçün ödənişsiz məkanlarla da təmin olundular...

 

– Bilirsiz ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura yaradılıb. Şuranın bu yaxınlarda keçirilən iclasında mən – ekspert qrupunun üzvü olaraq, müstəqil teatrlarla bağlı öz təkliflərimi irəli sürdüm. Bu təkliflər hamı tərəfindən bəyənildi, qəbul olundu. Düşünürəm ki, bu il müstəqil teatrların yaranması və inkişafı üçün çox əhəmiyyətli bir il olacaq.

 

 

 

– Vidadi Həsənov son illər daha çox kino çəkilişlərində olur, səsi-sorağı kinofestivallardan gəlir. Teatr aktyorunun səhnə sevgisi kinoya paxıllıq eləmir?

 

– Son beş ildə dörd filmə çəkilmişəm. Sevinirəm ki, onların hamısının quruluşçu rejissorları artıq ölkəmizdə, hətta beynəlxalq aləmdə kifayət qədər tanınmış gənc sənətkarlardır. Rüfət Həsənovun “Daxildəki ada” tammetrajlı filmi ilə bu yaxınlarda Serbiyada, Paliç kinofestivalında və Kazanda festivalda oldum. Hər iki festivalda Azərbaycan kinosuna olan marağı və münasibəti görmək qürurverici idi. Zənnimcə, Emil Quliyevin “Sonuncu pərdə”, eləcə də Əli-Səttar Quliyevin “Olimpiya” filmləri də bu çətin dövrdə kinomuzun böyük uğurudur. Hazırda çəkildiyim filmlə bağlı isə yaxın vaxtlarda söhbətləşərik, inşaallah... O ki qaldı sizin dediyiniz paxıllıq məsələsinə... Mənim diplomumdakı ixtisasımın adı belədir: “Teatr və kino aktyoru”. Mən teatrı kino qədər, kinonu da teatr qədər sevdiyim üçün onlar da yəqin bir-birilərinə “günü” kimi baxmırlar.

 

 

 

– Sizdən uzun illərin pedaqoqu, eləcə də gənclərlə yaxşı işbirliyi, ünsiyyət quran təcrübəli bir sənətkar kimi soruşmaq istəyirəm: onlarda sizi qane edən və etməyən nədi?

 

– Hər şey!... Heç nə!... Qane edən – hər şey! Qane etməyən – heç nə!

 

Söhbətləşdi: Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.5.