Azərbaycanın ilk
qadın kinomexaniki Nailə Bədəlova
15 iyul 2010-cu il tarixdə kütləvi informasiya vasitələrində belə bir xəbər verilmişdi ki, Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlovanın sənədləri, orden-medalları və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib. Bundan 11 ildən artıq vaxt keçməsinə baxmayaraq, internet mediada Nailə Bədəlovanın adına ikinci dəfə təsadüf etmək mümkün deyildi.
Elektron poçt vasitəsilə Azərbaycan Dövlət Film Fonduna müraciət edərək orada Nailə Bədəlovaya aid hansı sənədlərin saxlanıldığını soruşduq. Bizə Nailə Bədəlovanın bir fotoşəkli, qısa tərcümeyi-halı və 2010-cu ildə onunla bağlı fonda daxil olmuş 8 sənədin siyahısı təqdim olundu. Həmin siyahıdan məlum olur ki, Azərbaycan Dövlət Film Fondunda Nailə Bədəlova ilə bağlı bu sənədlər var: Nailə Bədəlova haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet, təltif olunduğu 2 fəxri fərman və bir medalın vəsiqəsi, 1 fotoşəkli, kinomexanik vəsiqəsi və kinostudiyaya buraxılış vəsiqəsi.
Nailə Bədəlova haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet məqaləsi ilə tanış olmaq üçün Azərbaycan Milli Kitabxanasına sifariş göndərdik. Bunlar 1967-ci ilin noyabr ayında “Təşviqatçı” jurnalında dərc olunmuş Rauf Əliyevin “Günəş və gözəllik” adlı məqaləsi və 20 may 1968-ci il tarixli “Bakı” qəzetində dərc olunmuş Mayıl Cəbrayılov və Böyükkişi Ziyadovun “Qanadlanan arzular” adlı məqaləsi idi. Azərbaycan Milli Kitabxanası operativ şəkildə onlayn sifarişimizi yerinə yetirdi. İstədiyimiz məqalələrlə tanış olduqdan sonra hesab etdik ki, Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlovanın həyat və fəaliyyəti barədə yeni bir məqalənin yazılmasına ehtiyac var və bu işi, qısa da olsa, biz edə bilərik...
Nailə
Bədəlova 8 mart 1913-cü il tarixdə
Nuxada (indiki Şəki) anadan olub. 1939-cu ildə
Bakıda kinomexaniklər
kursunu bitirib.
17 aprel 1939-cu il
tarixdən Bakıdakı
“Bakkommuna” kinoteatrında
təcrübəçi kimi
əmək fəaliyyətinə
başlayıb və
1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.
1941–1945-ci illərdə Nuxa şəhərindəki
“Yeni yol” kinoteatrında, Nuxa rayonunun Zəyzid, Kiş, Göynük kəndlərindəki kinoqurğularda
filmlər nümayiş
etdirib. 1945–1946-cı illərdə “Bakı” (indiki “Azərbaycanfilm”) kinostudiyasında, 1948-ci ildə
“Bakı” kinoteatrında,
1949–1972-ci illərdə paytaxtdakı
“Nizami” kinoteatrında
kinomexanik işləyib.
1946-cı ildə “Qafqazın müdafiəsinə görə”, 1967-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə, müxtəlif illərdə fəxri fərmanlarla təltif olunub. 27 may 2000-ci il tarixdə – 87 yaşında Bakıda vəfat edib.
Nailə Bədəlovanın həyat yoldaşı Salman Bədəlov Böyük Vətən müharibəsi iştirakçısı olub. O, tanınmış sənədli filmlər rejissoru Niyazi Bədəlovun (1909–1997) qardaşı idi.
Oğlu Fərid Bədəlov Azərbaycan Politexnik İnstitutunu bitirib, bir müddət Əfqanıstanda və İranda işləyib, lakin vaxtsız vəfat edib.
Qızı Sevil Bədəlova Bakı Rəssamlıq Məktəbini və Moskva Dövlət Universitetinin İncəsənət fakültəsini bitirib, müxtəlif illərdə Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib, Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) professoru olub. 2010-cu ildə anasının bəzi sənədlərini Dövlət Film Fonduna o təqdim edib, amma təhvil-təslim aktında və KİV-də yayılmış məlumatlarda adı səhvən “Sevinc” kimi göstərilib. Hazırda Türkiyədə yaşayır və orada pedaqoji fəaliyyətlə məşğuldur.
Aydın MƏMMƏDOV
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı
Mədəniyyət.- 2021.- 1
oktyabr.- S.6.