Özümüzdən yazaq,
özgələrə oxuyaq...
Müharibə qəhrəmanlarımız
bədii ədəbiyyatın mövzusuna çevrilirmi?
Müharibə mövzusu, onu layiqincə işıqlandırmaq, qəhrəmanların bədii obrazını yaratmaq ədəbiyyatımızın ən ağrılı yeridir, desək, inanırıq ki, kimlərinsə qəlbinə dəymiş olmarıq. Bu mənada ürəklənərək deməliyik ki, haqlı olaraq bir çoxumuz tez-tez “Ədəbiyyatımızda Qarabağ müharibəsindən bəhs edən bir sanballı nəsr, yaxud dram əsəri yoxdur” deyə giley edirik.
Əslində, zaman-zaman yazılan və bir növ məhəlli, məhdud ideya və mövzulu nümunələr var və biz onların bəşəri ideyalara söykənmədiyini, məhdud coğrafiyada oxucunu təsirləndirə bildiyini düşünüb üzərində dayanmırıq. Yəqin elə buna görədir ki, haqq savaşımızı ədəbiyyat, teatr, kino, musiqi dilinə hələ yetərincə çevirib yaya bilmirik. Bacarsaydıq, 30 il ərzində gördüyümüz iki qanlı müharibənin şanlı qəhrəmanlarla dolu salnaməsinin bədii obrazı, ədəbi simasını yaradar və dünyaya təqdim edərdik...
Söhbətin yönünü bir az da “Mən yazım, oxuyacaqlarmı” düşüncəsinə çevirsək, görərik ki, bəli, oxuyacaqlar. Çünki yaşanan tarix bədii təxəyyüldən mətnə keçəndə ədəbiyyat olur.
Bu günlərdə dünya ədəbiyyatında müharibə qəhrəmanlarının prototipləri ilə bağlı qısa araşdırma elədik və qarşımıza sizin də oxuyub bildiyiniz kifayət qədər məşhur nümunələr çıxdı. Sonra qanrılıb son 30 ilin ədəbiyyatına da baxmağa çalışdıq. İki müharibə arasında keçən təxmini üç onilliyin saysız qəhrəmanlarını gözlərimiz önündən keçirdik. Sonra tələm-tələsik həmin dövrü əhatə edən nümunələri sadalamağa başladıq. Məhz bu mövzunu əks etdirə bilən heç 30 əsərə rast gəlmədik. Təbii ki, burada söhbət irihəcmli nəsr əsərlərindən və dramaturji materiallardan gedir.
Dramaturgiyaya gəlsək, sırf Qarabağ müharibəsindən bəhs edən, daha doğrusu, müharibə obrazının prototipləri ilə bağlı üç-dörd pyes var. Amma onlar da zəif, sönük və bir az da statistik olduqlarından nə teatr səhnələrinə, nə də geniş oxucunun masasına yol tapa bilməyiblər. Birinci Qarabağ müharibəsi ilə bağlı irihəcmli əsərlərdən danışarkən Mövlud Süleymanlının “Erməni adındakı hərflər”, Elçinin “Bayraqdar”, Aqil Abbasın “Dolu”, Şərif Ağayarın “Haramı”, Əlabbasın “Qaraqovaq çölləri” kimi roman və povestlər üzərində dayanmalı oluruq. Bu mənada özü də şəhid atası olan mərhum Xalq yazıçımız Sabir Əhmədlinin bu mövzuda həssas yanaşma ilə qələmə aldığı maraqlı, təsirli, bədii baxımdan keyfiyyətli nümunələri var və onlar ədəbiyyatşünaslar tərəfindən müxtəlif istiqamətlərdə mütəmadi müzakirə olunurlar.
Müharibənin real obrazlarına, hamımızın tanıdığı qəhrəmanlarının prototip kimi işlənilməsinə gəlincə, bu da çox az və səthidir. Birinci Qarabağ müharibəsindən bəhs edən belə əsərlərdən biri Ələmdar Quluzadənin “Alay komandiri” romanıdır ki, biz burada Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin obrazını görürük. Milli Qəhrəman Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri” və Əli Qurbaninin “Koroğlular uzaqdan gələn yolda” əsərləri də var. Nəsrlə nəzmin qarışığından yaranan bu əsərlərdə döyüşçünün qəhrəmanlıqlarından bəhs olunur. Əjdər Olun “Lo” romanında da 90-cı illərin tarixi və müharibə obrazları, qismən də olsa, keçir. Müəllif tarixi sənədli romanında dövrün siyasi və savaş qəhrəmanlarından da bəhs edir. Bu qəbildən daha bir neçə nümunə olsa da, biz onların heç birində Avropa ədəbiyyatında gördüyümüz bir obrazın romana çevrilişini izləyə bilmirik. Sadəcə, sənədli-xronikal materiallarla kifayətlənməli oluruq. Bu mənada Şərif Ağayarın 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, “Murov qartalı” kimi tanıdığımız Raquf Orucovun həyatından bəhs edən “Komandir”, Mustafa Çəmənlinin Milli Qəhrəman Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs edən “Mübariz” romanlarını qeyd edə bilərik. Siyahıya Azad Qaradərəlinin İkinci Qarabağ müharibəsi şəhidi Cəbrayıl Dövlətzadədən bəhs edən “Cəbrayıl əfsanəsi” və İlqar Kamilin Milli Qəhrəman Polad Həşimova həsr etdiyi “Polad necə bərkidi” adlı xatirələr toplusunu da əlavə edə bilərik. Əsas etibarilə publisistik düşüncələrin ön planda olduğu bu əsərlər İkinci Qarabağ müharibəsi haqqında da ümumi təsvirlərlə yadda qalır.
Bu qəbildən olan nümunələrdən biri də yaxın günlərdə işıq üzü görən “Dəmir yumruq dastanı”dır. Yazıçı Zahid Xəlilin nəzmlə nəsrin qarışığından ərsəyə gətirdiyi bu kitabında hər iki müharibənin qəhrəmanlarının adlarına rast gəlmək olar...
Əslində, bu siyahını bir az da uzatmaq olardı. Amma əsas qayəni əhatə edəcəkmi? Təbii ki, yox! Çünki biz, təəssüf ki, iki müharibədən çıxmış böyük bir nəslin, millətin əzmini, qəhrəmanlığını, ağrısını, darmadağın olmuş insanının taleyini təsirli və obrazlı təqdimatda hələ ki, görməmişik.
Hərçənd, yazıçılarımızın illər əvvəlki “Məğlubiyyətdən ədəbiyyat yaratmaq dəhşətlidir” kimi dramatik “bəhanə”lərinə də artıq yer yoxdur. Müzəffər Ali Baş Komandan və qalib Ordumuz ədəbiyyat adamları üçün ZƏFƏR adlı böyük bir mövzu verib. Qalır onu gerçək ədəbiyyat materialına çevirmək...
İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım Günündə mövzu ilə bağlı yeni ərsəyə gələn bədii nümunələri və çap məhsullarını da nəzərdən keçirdik.
Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən çap olunan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” adlı kitab bu qəbildən dolğun və maraqlı topludur. Topluda tanınmış yazıçıların, şairlərin Qarabağa və işğaldan azad olunmuş torpaqlarımıza həm 30 illik həsrət zamanı, həm də böyük Qələbədən sonra həsr olunmuş əsərləri yer alır. Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə də yer verilib. Məsələn, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Qulu Ağsəs Ağdamdan, Şirindil Alışanlı Laçından yazıblar. Ən əsası, bu yazıların əksəriyyəti böyük Zəfərdən sonra qələmə alınıb. Kitabda son dövrdə yazılmış maraqlı məqalə və poeziya nümunələrini də oxumaq olar.
“44 fəsil. Payızda gələn bahar hekayələri” adlı hekayələr toplusu da maraqlı nümunələrdəndir. Topluda 44 günün möcüzələrindən, o möcüzələrin hekayələşmiş qəhrəmanlarından bəhs edilir. Burada 44 müəllifin 44 hekayəsi toplanıb. Əsərlərdə Vətən müharibəsinin ayrı-ayrı epizodlarının, şəhid, qazi və əsgər valideynlərinin, döyüşçülərin, əzizlərini Vətən uğrunda döyüşə yola salmış adamların hiss və həyəcanları əksini tapıb.
Topluda Xalq yazıçıları Elçin, Çingiz Abdullayev, Kamal Abdulla, yazıçılardan Günel Anarqızı, Cəlil Cavanşir, Alpay Azər, Arif Ərşad, Sevinc Nuruqızı və başqalarının hekayələri yer alır.
Qısa müşahidələrdən və son illərdə ərsəyə gələn nümunələrdən də göründüyü kimi, Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən savaşımızla bağlı ədəbi nümunələr arasında öncüllüyü yenə poeziya və publisistika, nisbətən hekayə janrı təşkil edir. Ola bilər, yenə də irihəcmli roman və ya pyeslərin ərsəyə gəlməsi üçün yazıçılarımıza “uzun” zaman lazım olacaq. Hə, bax o vaxtadək də ya hər oxucu öz əsərini yazacaq, ya da ədəbiyyata marağı sosial şəbəkə paylaşımlarındakı bir para təsvir “şedevri”ndə ilişib qalacaq...
H.NİZAMİQIZI
P.S. Mövzu ilə
bağlı bir çox
yazıçı və dramaturqlarımıza göndərdiyimiz
sorğuların cavabları gəlib çıxmır ki, çıxmır.
Mədəniyyət.- 2021.- 1
oktyabr.- S.6.