Qobustan qoruğunda şəhidlərin xatirəsi yad olunub

 

Qobustan Milli Tarix-Bədii Qoruğunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Qobustan qoruğunun direktoru Vüqar İsayev bir il əvvəl işğalçı Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başladığını və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb. O, Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncamının Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış şəhidlərin ruhlarına, onların ailələrinə, doğmalarına yüksək ehtiramın göstəricisi olduğunu qeyd edib.

 

Vüqar İsayev şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsinin hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacağını, daim dərin hörmət və ehtiramla yad ediləcəyini bildirib.

 

Sonda İkinci Qarabağ müharibəsindən bəhs edən videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.3.