Bakıda Yeseninin anadan olmasının
126-cı ildönümü qeyd edilib
Oktyabrın 3-də AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
təşkilatçılığı ilə görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 126-cı ildönümünə
həsr edilən tədbir keçirilib.
AMEA-nın Dendrologiya İnstitutunda təşkil
edilən mərasimi
Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi
Əlaqələri Mərkəzinin
əməkdaşı Nəzakət
İbadova açaraq görkəmli rus şairinin yaradıcılığından
söz açıb. Qeyd edilib ki,
Yesenin 1920, 1924-1925-ci illərdə Bakıda ümumilikdə
70 gün qalıb, Mərdəkan qəsəbəsində
yaşayıb və Bakıya olan sevgisi yaradıcılığında
əksini tapıb. Şairin burada yazdığı “Əlvida, Bakı!”, “Balaxanı mayı” və digər əsərləri onun poeziyasının qiymətli
inciləridir.
Diqqətə çatdırılıb ki,
ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində
1975-ci ildə Mərdəkanda
Sergey Yeseninin Ev-Muzeyi açılıb. Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə
2008-ci ildə ev-muzeyi
Sergey Yeseninin adını
daşıyan Azərbaycan-Rusiya
Ədəbi Əlaqələri
Mərkəzinə çevrilib.
Mərkəz tərəfindən məktəb və universitetlərdə şairin
poetik irsi ilə bağlı layihələr həyata keçirilir.
Mərasimdə çıxış edən Rusiyanın ölkəmizdəki səfiri
Mixail Boçarnikov hər il
oktyabrın 3-də Yeseninin
doğum gününün
Azərbaycanda qeyd edilməsini yüksək dəyərləndirib, tədbirin
təşkilatçılarına minnətdarlığını bildirib. Səfir Sergey Yeseninin Rusiya
və Azərbaycan mədəni əlaqələrinin
möhkəmləndirilməsi istiqamətində xidmətlərini
xüsusi qeyd edib, şairin yaradıcılığının Bakı dövrü haqqında danışıb.
Azərbaycanda Rus İcmasının
sədri Mixail Zabelin, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
Beynəlxalq əlaqələr
və dünya muzeyləri şöbəsinin
müdiri Nailə Əliyeva, Rusiya Yazıçılar İttifaqının
üzvü, şair Eldar Əhədov, politoloq-publisist Reyhan Mirzəzadə və digər çıxış
edənlər şairin
zəngin yaradıcılığından,
Bakı həyatı ilə bağlı tarixi faktlardan söz açıblar.
Tədbirin ədəbi-bədii hissəsində
şairin əsərlərindən
nümunələr təqdim
edilib, sözlərinə
bəstələnən mahnılar
ifa olunub. Akademik Rafael Hüseynovun
Azərbaycan ədəbiyyatı
klassiklərindən bəhs
edən kitabları qonaqlara təqdim edilib.
Sonda səfir Mixail Boçarnikov Azərbaycan-Rusiya
Ədəbi Əlaqələri Mərkəzinin
ekspozisiyası ilə tanış olub.
Mədəniyyət.- 2021.- 6 oktyabr.- S.7.