Moskva Konservatoriyasında “Qarabağ şikəstəsi”
Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda “Şuşanın dağları başı dumanlı…” adlı muğam axşamı keçirilib.
Tədbirdə Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Moskva Konservatoriyasının səhnəsindən Əməkdar artistlər Qoçaq Əsgərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), Rafael Əsgərovun (balaban) xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədlinin ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” və muğam xəzinəmizdən digər incilər səslənib.
Azərbaycanın Qarabağ Zəfərindən sonra Moskvada ilk dəfə ucalan “Şuşanın dağları başı dumanlı...” mahnısı dinləyicilərə xüsusi zövq verib.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu ifaçıları maraqlı konsert proqramı münasibətilə təbrik edərək deyib: “Mən bu gün çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasının səhnəsində “Qarabağ şikəstəsi” səslənir”.
Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova çıxışında muğam sənətimizin UNESCO-nun siyahısına salındığını diqqətə çatdıraraq deyib: “Bu axşam Moskvada Azərbaycan muğam məktəbinin korifeyləri – Bülbül, Xan Şuşinski, Seyid Şuşinski və digərlərinin layiqli davamçıları olan tanınmış xanəndələrimiz Qarabağ torpağından pərvazlanan ən füsunkar muğam nümunələrini rusiyalı dinləyicilərə təqdim edirlər”.
Mədəniyyət.- 2021.- 6 oktyabr.- S.1.