Milli Qəhrəman Yuri Kovalyovun büstünün açılışı olub

 

Paytaxtın Nizami rayonunda 229 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Yuri Kovalyovun (1965–1991) büstünün açılış mərasimi olub. Vaxtilə Y.Kovalyovun təhsil aldığı məktəb onun adını daşıyır.

 

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmilər, Milli Qəhrəmanın yaxınları iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr edilmiş rəsm sərgisi ilə tanış olublar. Məktəbin məzunu olmuş 7 şəhidin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağaclar əkilib.

 

Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, eləcə də büstün hazırlanmasına , tədbirin təşkilinə görə minnətdarlıq edib.

 

Sonra büstün açılışı olub, Milli Qəhrəman Yuri Kovalyov haqqında videoçarx nümayiş etdirilib.

 

Məlumat verilib ki, 1990-cı ildən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilən Y.Kovalyov Birinci Qarabağ müharibəsində mərdliklə vuruşub. 1991-ci il 3 oktyabrda Xocavənddə növbəti hərbi tapşırıqdan qayıdarkən düşmənlə döyüşdə şəhid olub. Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına (1992) layiq görülüb.

 

Mərasimdə YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanda Rus İcmasının rəhbəri, YAP İdarə Heyətinin üzvü, deputat Mixail Zabelin, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və başqaları çıxış ediblər. Mərasimə Milli Qəhrəmanın qızının və nəvəsinin ifasında bədii hissə ilə yekun vurulub.

 

 

Mədəniyyət.- 2021.-  6 oktyabr.- S.4.